Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

03.10.2018 13:55
  • A-
  • A
  • A+

AMEA-da yanğından mühafizə üsullarına dair seminar-məşğələ keçirilib

AMEA-da yanğından mühafizə üsullarına dair seminar-məşğələ keçirilib

Bu gün AMEA Rəyasət Heyəti aparatının İkinci xüsusi şöbəsi və AR Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin birgə təşkilatçılığı ilə "Yanğından mühafizə üsulları və onların həyata keçirilməsində müəssisə və təşkilatların üzərinə düşən vəzifələr" mövzusunda seminar-məşğələ keçirilib.

Tədbirdə FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları, AMEA-nın elmi müəssisə və təşkilatlarının ümumi işlər üzrə direktor müavinləri, MM qərargah rəisləri və yanğınsöndürmə manqalarının üzvləri iştirak edib.

Məşğələni İkinci xüsusi şöbənin rəisi Eldar Quliyev açaraq gündəlikdə duran məsələlər barədə iştirakçılara məlumat verib.

E.Quliyev mülki müdafiəyə dair seminar, məşğələ və digər tədbirlərin "Mülki müdafiə haqqında Azərbaycan Respublikasının Qanunu", Nazirlər Kabinetinin "Mülki müdafiənin təmin edilməsi barədə" 1998-ci il 25 sentyabr tarixli Qərarı və Fövqəladə Hallar Nazirliyinin (FHN) tövsiyələri əsasında təşkil olunduğunu deyib.

Şöbə rəisi AMEA-nın elmi müəssisə və təşkilatlarının əməkdaşlarının baş verə biləcək fövqəladə hallar zamanı davranış qaydaları ilə bağlı mütəmadi məlumatlandırıldığını diqqətə çatdırıb. Seminarın mövzusuna toxunan E.Quliyev qeyd edib ki, hər bir müəssisədə yanğın zamanı insanların təhlükəsizliyi təmin edilməli, əməkdaşlar maarifləndirilməli, mənəvi-psixoloji cəhətdən hazırlanmalı, təxliyyə planı öyrənilməli və praktiki məşqlər keçilməli, ilkin tibbi yardımın göstərilməsi qaydaları mənimsənilməli, həmçinin yanğın təhlükəsizliyi tədbirləri işlənib hazırlanmalıdır.

Şöbə rəisi AMEA-nın elmi müəssisə və təşkilatlarında baş verə biləcək yanğınların qarşısının alınması və söndürülməsinin təşkili üçün mühafizə vasitələrinin işlək vəziyyətdə olmasının vacibliyini vurğulayıb, yanğınsöndürmə balonlarının mütəmadi yoxlanılması barədə tapşırıq verib.

Sonra FHN-nin Dövlət Yanğın Nəzarəti Xidmətinin Təbliğat şöbəsinin baş mütəxəssisi Nizami Fərəcov çıxış edərək 2017-ci ildə qeydə alınan yanğınların 5 faizinin təbii fəlakət, 95 faizinin isə insanların səhlənkarlığından baş verdiyini bildirib. Qeyd edib ki, ötən il Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə məişətdə baş verən yanğınla bağlı 2134 çağırış daxil olub. N.Fərəcov məişətdə yanğın hallarının daha çox elektrik və qaz təsərrüfatından istifadə zamanı normalara riayət olunmamasından baş verdiyini diqqətə çatdırıb. O, elektrik xətləri və uzadıcıları həddən artıq yükləməyin, standartlara uyğun olmayan qızdırıcılardan istifadə etməyin yolverilməz olduğunu söyləyib.

FHN rəsmisi yerlərdə yanğınların söndürülməsi üçün yanğın su hovuzlarının və hidrantların təmir olunaraq saz vəziyyətə gətirilməsi, eləcə də yollarda hərəkəti məhdudlaşdıran maneələrin götürülməsi, o cümlədən qaynar xəttə zəng zamanı ünvanın dəqiq şəkildə bildirilməsinin zəruriliyini vurğulayıb.

N.Fərəcov müəssisə və təşkilatlarda yanğından mühafizə üzrə təhlükəsizliyə rəhbərliyin cavabdeh olduğunu deyib, həmçinin qurumların təxliyyə planının hazırlanmasının və il ərzində buna dair iki dəfə məşğələnin keçirilməsinin önəminə toxunub.

Çıxış iştirakçılar tərəfindən maraqla qarşılanıb, suallar cavablandırılıb.

Sonra zəlzələ, torpaq sürüşməsi, məişətdə yanğın və dəm qazı təhlükəsi zamanı davranış qaydaları, həmçinin yanğınsöndürmə balonlarından istifadəyə dair maarifləndirici videoçarx nümayiş etdirilib.

Daha sonra məşğələdə sentyabr ayında keçirilmiş Rəhbər Heyətin MM məşqləri və MM qüvvələrinin xəbərdarlıq və toplanış məşqləri haqqında qərargah rəislərinin məlumatları dinlənilib.

Sonda bir sıra cari məsələlər müzakirə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: