Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

01.10.2018 12:44
  • A-
  • A
  • A+

“Azərbaycanda Azıx mağarası və miqrasiya axınları” mövzusunda beynəlxalq elmi konfrans öz işinə başlayıb

“Azərbaycanda Azıx mağarası və miqrasiya axınları” mövzusunda beynəlxalq elmi konfrans öz işinə başlayıb

Oktyabrın 1-də AMEA-nın Əsas binasında Azərbaycandakı erkən hominid azıxantropun tapılmasının 50 illiyinə həsr olunan “Azərbaycanda Azıx mağarası və miqrasiya axınları” mövzusunda beynəlxalq elmi konfrans öz işinə başlayıb.

İngiltərə, Rusiya, Gürcüstan və Ukraynadan paleolit dövrü üzrə 20-dək tanınmış alimin iştirak etdiyi konfrans iştirakçıları əvvəlcə Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Konfransı AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açaraq bildirib ki, Azərbaycan xalqı planetin ən qədim sakinlərindən biridir və 1968-ci ildə görkəmli arxeoloq Məmmədəli Hüseynovun rəhbərlik etdiyi Paleolit arxeoloji ekspedisiyası tərəfindən Qarabağda Azıx mağarasından Azıxantropun alt çənə sümüyünün qalığının aşkarlanması bunu bir daha sübut edir. O, Azıx paleolit düşərgəsinin V təbəqəsindən tapılmış ibtidai insan sümüyünün 350-400 min il bundan əvvəl bu ərazidə yaşamış 18-22 yaşlı qadının çənəsi olduğunu və hazırda AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində saxlanıldığını diqqətə çatdırıb.

İ.Həbibbəyli çoxtəbəqəli paleolit düşərgəsində aşkarlanmış maddi-mədəniyyət nümunələrinin zənginliyi ilə seçildiyini, nəticədə Azıx mağarasında arxeoloqlarla yanaşı, paleontoloqlar, paleogeoloqlar, paleogeomorfoloqlar, paleoantropoloqlar və digər elm sahələrinin mütəxəssisləri tərəfindən tədqiqatların aparıldığını söyləyib.

Akademik elmi dövriyyəyə Quruçay mədəniyyəti kimi daxil edilmiş Azıx mağarasının yayılma arealının Naxçıvan, Mingəçevir və Qəbələ rayonları ərazisini də əhatə etdiyini, buralardan tapılmış nümunələrin tədqiqinin müasir dövrdə də aktual olduğunu vurğulayıb.

AMEA-nın vitse-prezidenti Azıx mağarasının 1993-cü ildən etibarən Ermənistanın işğalı altında olduğunu və burada mütəmadi qeyri-qanuni tədqiqatların aparıldığını deyib. Bildirib ki, ermənilər bu gün Azıx mağarasından əldə olunmuş tapıntıları beynəlxalq ictimaiyyətə təhrif edilmiş şəkildə, "özlərinkiləşdirərək" çatdırmağa çalışırlar. O, düşərgədən əldə edilmiş artefaktların elmi təhlilinin, geniş elmi ictimaiyyətə çatdırılmasının zəruriliyini vurğulayıb və bu işdə konfransda iştirak edən beynəlxalq alimlərin fəaliyyətinin önəmli olduğunu bildirib.

Sonra AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova çıxış edərək Azıx mağarasından qazıntılar zamanı alt çənə sümüyü ilə yanaşı, ibtidai insanların gündəlik istifadə etdikləri məişət əşyaları, o cümlədən dini etiqadlarını göstərən qalıqların da tapıldığını söyləyib. N.Axundova tapıntıların SSRİ dövrünə təsadüf etdiyini və nəticədə onun miqyasının, eləcə də əhəmiyyətinin dünya ictimaiyyətinə lazımi səviyyədə çatdırılmadığını deyib.

O, konfransın təkcə arxeoloji deyil, eyni zamanda siyasi əhəmiyyətli olduğunu, Azıx mağarası ilə bağlı həqiqətlərin erməni təhriflərinə qarşı beynəlxalq arenada təbliğində önəmli rol oynayacağını diqqətə çatdırıb.

Tədbirdə çıxış edən Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Maisə Rəhimova, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı və akademik Teymur Bünyadov Azərbaycanın bəşər sivilizasiyasının ən qədim məskənlərindən biri olduğunu, Azıx mağarasının tədqiqində M.Hüseynovla yanaşı, professor Dəmir Hacıyevin də önəmli xidmətlər göstərdiyini bildiriblər. Qeyd olunub ki, düşərgədən tapılan minlərlə maddi-mədəniyyət qalıqları bu gün Azıx kolleksiyası adı altında Milli Azərbaycan Tarixi Muzeyinin fondunda saxlanılır.

Daha sonra Rusiya Elmlər Akademiyasının (REA) Sibir Şöbəsinin Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, REA-nın müxbir üzvü Mixail Şunkovun "Altayın paleoliti: Homo nəslinin Asiyada yerləşməsinin yeni modeli", Ukrayna Milli Elmlər Akademiyasının Arxeologiya İnstitutunun Arxeoloji muzey şöbəsinin rəhbəri, tarix elmləri üzrə fəlsəfə doktoru Larisa Kulakovskayanın "Ukraynanın erkən paleoliti kontekstində Korolyova düşərgəsi" və Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə elmlər doktoru Əsədulla Cəfərovun "Azıx mağarası və miqrasiya problemləri" mövzusunda məruzələri dinlənilib.

Konfrans çərçivəsində, həmçinin ibtidai insana məxsus çənə sümüyünün tapılmasını əks etdirən videoçarx nümayiş etdirilib.

Plenar iclasdan sonra tədbir iştirakçıları AMEA-nın foyesində təşkil edilmiş sərgi ilə tanış olublar.

Qeyd edək ki, konfrans öz işini oktyabrın 2-dən 5-dək Qəbələ şəhərində davam etdirəcək. Konfrans ərzində iştirakçıların Azərbaycandakı Azıx mağarasında erkən hominid azıxantropun tapılmasının elmi əhəmiyyəti, paleolit dövründə Afrika və Avrasiyada qədim insanların miqrasiya prosesləri, müasir texnologiyaların tətbiqi ilə aparılan tədqiqatların yeni nəticələri və digər mövzular üzrə müzakirələr aparacaqlar. Həmçinin konfrans iştirakçıları Qəbələ rayonu ərazisində aparılan arxeoloji tədqiqatlarla tanış olacaq, Mingəçevir rayonu ərazisindəki Qaraca paleolit düşərgəsini ziyarət edəcəklər. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: