Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

Akademik Teymur Kərimlinin 65 yaşı tamam olur
01.10.2018 09:31
  • A-
  • A
  • A+

Akademik Teymur Kərimlinin 65 yaşı tamam olur

Oktyabrın 2-də görkəmli ədəbiyyatşünas, mətnşünas, naşir, şair və tərcüməçi, AMEA Humanitar Elmlər Bölməsinin akademik-katibi, M.Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimlinin 65 yaşı tamam olur.

Teymur Həşim oğlu Kərimli 2 oktyabr 1953-cü ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Nürgüd kəndində anadan olub. 1970-ci ildə orta məktəbi qızıl medalla, 1975-ci ildə isə indiki Bakı Dövlət Universitetinin Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. Həmin ildən Kəlbəcər rayonunda orta məktəbdə müəllim kimi əmək fəaliyyətinə başlayıb. T.Kərimli 1977-1980-ci illərdə AMEA Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında təhsilini davam etdirib.

1990-2000-ci illərdə AMEA “Elm” nəşriyyatının baş redaktoru işləyən alim bir sıra elmi jurnal və topluların redaksiya heyətinin üzvü, çox sayda monoqrafiyanın elmi redaktoru, altıcildlik “Azərbaycan Ədəbiyyatı tarixi”nin bəzi cildlərinin məsul redaktoru, “Molla Nəsrəddin” və “Füyuzat” jurnallarının latın qrafikası ilə kitab şəklində nəşrlərinin redaktoru olub. 

Teymur Kərimli otuz ildən artıq Ədəbiyyat İnstitutunda fəaliyyət göstərib. Uzun illər institutun Orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsinə rəhbərlik edib. 2002-2003-cü illərdə Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, 2012-2013-cü illərdə direktor vəzifəsinin icraçısı kimi çalışıb. 

2014-cü ildə Əlyazmalar İnstitutunun direktoru, həmçinin AMEA Humanitar Elmlər Bölməsinin akademik-katibi seçilib. 

O, 1983-cü ildə “Nizamidə tarixin romantik qavrayışı (“Yeddi gözəl” poeması üzrə)” mövzusunda namizədlik, 2004-cü ildə “Nizami yaradıcılığında tarixi şəxsiyyət və tarixi hadisə ideya-estetik qayənin konteksti və yardımçısı kimi” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. 2007-ci ildə AMEA-nın müxbir, 2014-cü ildə isə həqiqi üzvü seçilib. 

T.Kərimli “Nizami və tarix”, “Görünməyən Füzuli”, “Akademik Akif Əlizadə: istedadla enerjinin harmoniyası”, “Gözəllərin axıra qalmışı”, “Şərqin qapısından dünyaya”, “Hicran ömrü”, “Könüllər şairi: Nizami Gəncəvinin aforizmləri” kitablarının, ümumtəhsil məktəblərinin X sinifləri üçün “Ədəbiyyat” dərsliyinin və yüzdən artıq elmi məqalənin müəllifidir. 

Akademik həm də klassik ədəbiyyatımızın istedadlı araşdırıcısı və bacarıqlı təbliğatçısıdır. O, Nizami, Xaqani, Nəsimi, Füzuli, Xətai, M.P.Vaqif, S.Ə.Şirvani, M.Ə.Sabir, M.Şəhriyar, H.Cavid kimi görkəmli söz ustalarını öyrəndikcə, araşdırdıqca özü də bir sıra maraqlı poeziya nümunələrinin müəllifinə çevrilib. 

Müxtəlif illərdə Rusiyada, İranda, İraqda, Türkiyədə, Suriyada, Macarıstanda, İtaliyada, Hindistanda, Fransada və MDB ölkələrində keçirilən bir sıra beynəlxalq elmi konfrans və simpoziumlarda məruzələrlə çıxış edib. 

Onun rəhbərliyi altında 21 fəlsəfə, 5 elmlər doktoru hazırlanıb.

O, 2010-cu ildə “Heydər Əliyev və klassik ədəbiyyat” araşdırmasına görə, Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı ilə təltif olunub. Bundan əlavə, səmərəli fəaliyyətinə görə, AMEA Rəyasət Heyətinin Fəxri fərmanı, eləcə də Rusiya Yazıçılar Birliyi Moskva şəhər təşkilatının "Qriboyedov" medalına layiq görülüb.

Görkəmli ədəbiyyatşünas alimi 65 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm can sağlığı və fəaliyyətində uğurlar arzu edirik!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: