Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Akademik Rafael Hüseynov Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində mühazirə oxuyub
01.10.2018 09:52
  • A-
  • A
  • A+

Akademik Rafael Hüseynov Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində mühazirə oxuyub

Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində sentyabrın 29-da Bakı Kitab Mərkəzində Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynovun mühazirəsi dinlənilib.

“Yaxın və Orta Şərq şeirində bənzətmə ənənəsi: bənzətmədə bənzərsizlik” mövzusunda mühazirə deyən akademik Rafael Hüseynov Nəsimi irsinin təsir dairəsindən danışıb. O, tarixə nəzər salaraq sovet dövründə Nəsiminin 600 illik yubileyi ərəfəsində görülən işlərdən bəhs edib. Azərbaycan ədəbiyyatşünaslarının tədqiqatlarını qeyd edən mühazirəçi həmin dövrdə Nəsimi yaradıcılığı ilə bağlı ölkəmizin mədəni mühitində bir çox işlərin görüldüyünü, şairin sözlərinə mahnılar bəstələndiyini xatırladıb. Vurğulayıb ki, Nəsimini sadə Azərbaycan insanına “Nəsimi” filmi tanıdıb.

R.Hüseynovun sözlərinə görə, Nəsimi insan düşüncələrinə çox dərindən vaqif olub və özündən sonrakı ədəbiyyata böyük təsir göstərib. Nəsimi düşüncə modelləri yaradan mütəfəkkir idi. Ondan sonra da Azərbaycan dilində yazanlar olub, lakin onlarda Nəsiminin dili qədər melodiklik, ifadə plastikası olmayıb. Mühazirəçi onların sırasında Qazi Bürhanəddinin, Həbibinin adlarını çəkib. Vurğulayıb ki, Nəsimini müasir dövrdə oxumaq və anlamaq daha asandır.

Mühazirəçi diqqətə çatdırıb ki, Nəsimidən sonra ədəbiyyatımızın və dilimizin özünəqayıdışı başlanıb, poetik lüğətlər yaranıb. Nəsimi anadilli ədəbiyyatı zirvəyə yüksəldib. İmadəddin Nəsimi olmasaydı, hürufilik bu qədər əhatəli olmaz və geniş yayılmazdı. Orta əsrlərdə etiraz hərəkatları daha çox şəhərlərdə olurdu. Bu hərəkatlarda hürufilik bir vasitə idi. Nəsimiyə qarşı hökmdarların sərt mövqeyinin arxasında ciddi siyasi səbəblər də dayanırdı. Çünki onun arxasınca gedən insanlar vardı.

Mühazirədə qeyd edilib ki, Nəsimi irsi, həmçinin təriqətlərlə bağlı insanların düşüncələrinə təsir göstərib. Ədibin xidməti təkcə Azərbaycan türkcəsində yazması ilə bitməyib. Onun davamçıları öz yaradıcılıqlarında Nəsimi kimi saf bir dildə yazmağa çalışıblar və bütün bunlar Azərbaycan dilinə, ədəbiyyatına öz təsirini göstərib.

Sonda Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalının əhəmiyyətini vurğulayan akademik Rafael Hüseynov festival çərçivəsində çox dəyərli tədbirlərin keçirildiyini bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: