Serqo Orconikidze adına Rusiya Dövlət Geoloji Kəşfiyyat Universitetinin rektoru, professor Vadim Kosyanov və həmin universitetin prorektoru, professor Vaqif Kərimov AMEA Geologiya və Geofizika İnstitutunda (GGİ) olublar.
GGİ-nin elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Dadaş Hüseynov qonaqlara institutun yaranma tarixi, fəaliyyət sahələri, elm sahəsində qazandığı nailiyyətlər, alimlərin maraqlı tədqiqatları barədə məlumat verib. GGİ-də yaradılmış iş şəraitindən və AMEA rəhbərliyinin əməkdaşlara göstərdiyi diqqət və qayğıdan danışan D.Hüseynov son illərdə institut alimlərinin səyi ilə çap edilmiş elmi kitabları qonaqlara təqdim edib.
Sonra rusiyalı alimlər GGİ-nin şöbə və elmi laboratoriyalarında aparılan tədqiqat işləri ilə maraqlanıblar. Şöbələrin məhsuldar fəaliyyətini yüksək qiymətləndirən qonaqlar azərbaycanlı alimləri Moskvaya - Rusiya Dövlət Geoloji Kəşfiyyat Universitetinə mühazirə oxumağa və təcrübə mübadiləsinə dəvət ediblər.
Görüşdə rusiyalı alimlərlə elm sahəsində fikir mübadiləsi aparılıb və qarşılıqlı əməkdaşlıq haqqında razılıq əldə olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.