Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

“Lahıc əsl folklor məkanıdır” mövzusunda tədbir keçirilib
27.09.2018 12:00
  • A-
  • A
  • A+

“Lahıc əsl folklor məkanıdır” mövzusunda tədbir keçirilib

Beynəlxalq Mətbuat Mərkəzində “Lahıc əsl folklor məkanıdır” mövzusunda elmi seminar keçirilib.

Tədbir “Azsaylı xalqlara məxsus folklor nümunələrinin təbliğinə həsr olunan konfransın keçirilməsi” layihəsi çərçivəsində baş tutub.

Seminarda Folklor İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Kamran Əliyev çıxış edərək layihə barədə məlumat verib. Bildirib ki, layihə AR Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Folklorun və Ədəbiyyatın İnkişafına Yardım” İctimai Birliyi tərəfindən həyata keçirilir. O, layihənin məqsədinin azsaylı xalqlara məxsus folklor nümunələrinin toplanılması, tədqiqi və gələcək nəsillərə çatdırılması olduğunu bildirib.

K.Əliyev qeyd edib ki, layihə çərçivəsində Folklor İnstitutunun əməkdaşları, eləcə də Azərbaycan Universitetinin tələbələri Lahıcın tarixi və təbiəti ilə tanış olub, bu unikal məkanın folkloru, adət-ənənələri barədə material toplayıblar. O, Lahıcın turizm imkanlarından da danışıb. Dövlət tərəfindən tarixi memarlıq abidəsi kimi qorunan Lahıcın Böyük İpək Yolu üzərində beynəlxalq turizm marşrutuna daxil edildiyi də diqqətə çatdırılıb. Qeyd olunub ki, azsaylı xalqların dilinin, mədəniyyətinin, məişət həyatının qorunub saxlanılmasında onların yaratdıqları folklor nümunələrinin böyük rolu var.

Tədbirdə Folklor İnstitutunun Mifologiya şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Seyfəddin Rzasoy “Lahıcın təbiəti və adamları”, institutun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Atəş Əhmədlinin “Səma altında açıq muzey”, böyük elmi işçi, filologiya üzrə fəlsəfə doktoru Aytac Abbasovanın “Lahıcda iki gün, iki gecə” və Azərbaycan Universitetinin filologiya fakültəsinin tələbəsi Afaq Aslanovanın “Lahıcın folklor yaddaşı” mövzularında məruzələri dinlənilib.

Sonda Lahıc haqqında videoçarx nümayiş etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: