Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

İqtisadiyyat İnstitutunun alimləri Dövlət Proqramının hazırlanmasında iştirak edib
27.09.2018 11:15
  • A-
  • A
  • A+

İqtisadiyyat İnstitutunun alimləri Dövlət Proqramının hazırlanmasında iştirak edib

Prezident İlham Əliyev “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında 26 sentyabr 2018-ci il tarixli Sərəncam imzalayıb. Dövlət Proqramının strateji məqsədi vətəndaş, biznes subyektləri və dövlət strukturları arasında nağdsız ödəniş mühitinin xeyli genişlənməsi, nağd dövriyyənin həcminin minimuma endirilməsi və nəticədə bank sektorunun maliyyə resursları bazasının gücləndirilməsidir. Bu məqsədlə ölkədə rəqəmsal ödəniş xidmətlərinin institusional və hüquqi bazasının gücləndirilməsi, infrastruktur imkanlarının artırılması yolu ilə həmin xidmətlərin çeşidinin, keyfiyyətinin və tətbiq dairəsinin genişləndirilməsi, habelə onlardan istifadənin kütləviləşdirilməsi başlıca strateji prioritetlərdir.

Rəqəmsal ödənişlərin tətbiqinin və istifadəsinin genişləndirilməsi iqtisadi dövriyyələri şəffaflaşdırmaqla, nağd pulla bağlı xərclərin, bank və müəssisələrin əməliyyat xərclərinin azalmasına gətirib çıxaracaq ki, bu da öz növbəsində vergi bazasının, əhali və müəssisələrin maliyyə xidmətlərinə çıxış imkanlarının genişləndirilməsinə, bank sektorunun kreditləşmə və investisiya imkanlarının gücləndirilməsinə və son nəticədə iqtisadi artıma təkan verəcək. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinq və qiymətləndirilməsi AR Mərkəzi Bankının sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən həyata keçiriləcək.

Proqramın hazırlanmasında AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim İmanov, elmi işlər üzrə direktor müavini, i.f.d., dos. Allahyar Muradov, AMEA-nın müxbir üzvü Akif Musayev və müəssisənin elmi katibi, i.f.d., dos. Rəsmiyyə Abdullayeva yaxından iştirak edib.

Qeyd edək ki, proqramın tədbirlər planında nəzərdə tutulan “Qeyri-formal məşğulluğun yüksək olduğu sektorlarda əmək müqaviləsi qeydiyyata alınmamış işçi sayının azaldılması üçün “minimum əmək standartlarının yaradılmasının nəzərdən keçirilməsi” bəndinin icrası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və AMEA İqtisadiyyat İnstitutuna həvalə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: