Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Strateji yol xəritələri və Azərbaycan Milli Elmlər Akademiyası
27.09.2018 09:15
  • A-
  • A
  • A+

Strateji yol xəritələri və Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”nin icrası ilə bağlı 2017-ci il üçün nəzərdə tutulan tədbirlər uğurla həyata keçirildi. Strateji yol xəritələrinin uğurlu icrası makroiqtisadi sabitlik, qeyri-neft sektorunun davamlı inkişafı və ixracı potensialının artımı, ticarət və fiskal balansın yaxşılaşması, əlverişli biznes mühiti və sərmayə cəlbi, infrastrukturun davamlı təkmilləşdirilməsi və əhalinin sosial rifahı, habelə ölkənin beynəlxalq mövqelərinin güclənməsinə xidmət edir. 2017-ci ilin dərin və sistemli islahatlarında, 2018-ci ilin isə yüksək templi iqtisadi inkişaf ili olmasında Strateji yol xəritələrinin xüsusi önəmi vardır. Azərbaycanın sosial-iqtisadi inkişafının aktual məsələlərini hər zaman diqqət mərkəzində saxlayan “Respublika” qəzeti mütəmadi olaraq dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən Strateji yol xəritələrinin icrası ilə bağlı silsilə yazılar dərc edilməsi barədə təşəbbüs göstərmişdir. Bu istiqamətdə Azərbaycan Milli Elmlər Akademiyasında görülmüş işlər barədə məqaləni oxucularımızın diqqətinə təqdim edirik.

(əvvəli 23 və 25 sentyabr tarixli saylarımızda)

AMEA ilə “AzerGold” QSC arasında imzalanmış və Azərbaycan ərazisində mövcud filiz yataqlarının geoloji-geofiziki araşdırılması və digər geoloji məsələlərin tədqiqi, həmçinin bu sahələrdə innovativ layihə və inkişaf proqramlarının həyata keçirilməsi üzrə əməkdaşlığı əhatə edən memorandumda Geologiya və Geofizika İnstitutunun alim və mütəxəssislərinin müəssisəyə Daşkəsən rayonu ərazisində yerləşən Çovdar filiz emalı sahəsində texniki-iqtisadi əsaslandırma layihəsinin hazırlanmasında, Filizçay kolçedan polimetal yatağı üzrə ilkin qiymətləndirmə sənədinin tərtib edilməsində, Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən Ortakənd sahəsində kəşfiyyat işlərinin aparılmasında kömək etmələri nəzərdə tutulmuşdur.

Azərbaycan geoloq-alimlərinin bir neçə nəslinin çoxillik tədqiqatları əsasında nəşrə hazırlanmış “Azərbaycanın filiz yataqları atlası”nda ölkəmizin 110 filiz yatağının, o cümlədən Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında haqqında söhbət açılmış Daşkəsəndəki Çovdar qızıl mədəni, Göydağ, Dağkəsəmən filiz sahələri, Balakən rayonu ərazisində yerləşən və mis, sink, gümüş, qızıl, qurğuşun ehtiyatlarına görə nəinki Azərbaycan, hətta Avropa üçün böyük strateji əhəmiyyətə malik Filizçay polimetal yatağının geoloji, struktur-morfoloji, mineraloji, geokimyəvi və digər xüsusiyyətləri əks olunmuşdur. Həmin iclasda “Filizçay yatağının ən azı 12 illik istismarı nəticəsində ölkə iqtisadiyyatına ümumilikdə üç milyard manata yaxın vəsaitin daxil olması və 2000-dən artıq iş yerinin açılmasının gözlənildiyini” qeyd etmişdi. 

AMEA Kimya Elmləri Bölməsinin institutlarında metalların korroziyaya dözümlülüyünün artırılması, korroziya əleyhinə tərkiblər və örtüklərin yaradılması sahəsində tədqiqatlar davam etdirilmiş, onların bəziləri praktik tətbiq səviyyəsinə çatdırılmışdır. Bu sıraya sulfat reduksiyaedici bakteriyaların artımının qarşısının alınması və məhvinə yönəlmiş çoxfunksiyalı təsirə malik antikorroziya xassəli tərkiblər, pas çevirici astarlayıcılar, korroziya əleyhinə örtüklər, kənd təsərrüfatı texnikasının növbəti mövsümədək texniki sazlığını təmin edən konservasiya məhsulları və s. aiddir. 

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda yaradılmış “Bikoplast” korroziya əleyhinə bitum-polimer örtüyü meliorasiya və su təsərrüfatı sistemində həm korroziya əleyhinə hermetik qismində, həm də polad borular üçün polimer örtük kimi sınaqdan çıxarılmışdır. Həmin institutun digər bölməsində alimlər qarışıq Cr-Ti karbidlərindən ibarət örtüyə molibdenin daxil edilməsi ilə poladın korroziyaya və eroziyaya dayanıqlığının əsaslı şəkildə yüksəldilməsinə və onun pittinq əmələgətirmə potensialının əhəmiyyətli dərəcədə azaldılmasına nail olmuşlar. Termodiffuziya üsulu ilə işlənmiş bu tip poladlar sənayenin bir çox sahələrində, o cümlədən hərbi sənayedə istifadə oluna bilər. 

Neft-Kimya Prosesləri İnstitutunun laboratoriyalarında olefin əsaslı nitro və amin birləşmələri əsasında çoxfunksiyalı korroziya inhibitorları, konservasiya mayeləri, inhibitorlu lak-boya örtükləri və deemulqatorları yaradılmışdır. Bu kompozisiyalar artıq sınaqdan keçirilmiş və onların hazırda sənayedə tətbiq olunan inhibitorlardan daha effektli nəticə verməsi müəyyən edilmişdir.

Aşqarlar İnstitutunda əldə edilmiş və mühafizə effekti 90%-dən yüksək olan inhibitor neft və qazçıxarma sənayesində yeraltı avadanlıqların turş mühitdə korroziyaya uğramasının qarşısını almaq üçün istifadə oluna bilər. Bu institutun digər laboratoriyasında parafinli neftlərin donma temperaturunu aşağı salmaqla onların uzaq məsafəyə nəqlinə imkan verən “Depressator AKİ” aşqarının yaradılması, istehsalı və tətbiqi yüksəkparafinli qeyri-Azərbaycan neftlərinin Bakı-Tbilisi-Ceyhan boru xətti ilə uzaq məsafəyə ötürülməsində müvəffəqiyyətlə istifadə olunur və əhəmiyyətli iqtisadi səmərə verir. 

Geologiya və Geofizika və Kataliz və Qeyri-Üzvi Kimya İnstitutlarının alimləri tərəfindən hazırlanmış “Membranlı filiz emalı texnologiyası” layihəsi çərçivəsində hər bir filizin və ya filiz tullantısının geokimyəvi və mineraloji tərkibindən asılı olaraq münasib membran qrupunu tərtib etmək və texnoloji rejimi təyin etməklə bu filizə aid yeni emal üsulu işlənib təklif olunacağı proqnozlaşdırılır. Məsələn, sözügedən texnologiya ölkənin alüminium kompleksinin xammal təminatını Gəncə kombinatında uzun illər yığılmış 17 milyon ton alunit və boksit şlamları hesabına mümkün edə bilər. 

AMEA Radiasiya Problemləri İnstitutu tərəfindən radiasiyaya davamlı elastomer materialın istehsal texnologiyası tətbiqə hazırlanmış və laborator sınaqlardan uğurla keçmişdir. Radiasiyaya davamlı elastomer materialdan atom energetikasında radioaktiv elementlərin yerin təkindən çıxarılması, emalı və zənginləşdirilməsi prosesində, nüvə reaktorlarında və qurğularında, nüvə obyektlərində işçi personalın mühafizə olunmasında, nüvə materiallarının və radioaktiv tullantıların daşınmasında və s. təhlükəli sahələrdə istifadə edilə bilər.

AMEA fizikləri alternativ və bərpa olunan enerji mənbələrində iki şinalı dəyişən və sabit cərəyanlı hibrid sistemdən istifadə olunmasını təklif etmişlər ki, bu da günəş, külək və digər alternativ mənbələrdən əldə olunan enerjini dəyişən cərəyana çevirmədən daşımağa və istehlakçıya çatdırmağa imkan verə bilər.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xarici vətəndaşlara giriş vizalarının verilməsində subyektiv maneələrin aradan qaldırılması və viza verilməsinin sürətləndirilməsi haqqında tapşırıqlarının həyata keçirilməsində iştirak edən AMEA İdarəetmə Sistemləri İnstitutu tərəfindən 2017-ci ildə ölkəyə gələn turistlərə viza veriməsini sürətləndirməyə və sadələşdirməyə imkan verən “ASAN Viza” sistemi yaradılması və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində (“Asan Xidmət”) tətbiq edilməsi digər tədbirlər ilə kompleksdə ölkəyə gələn turistlərin sayının, və müvafiq olaraq, turizmdən əldə edilən gəlirlərin əhəmiyyətli artımına səbəb olmuşdur. 

Ölkə başçısının sərəncamı ilə AMEA Yüksək Texnologiyalar Parkının (YTP) yaradılması AMEA-nın elmi-tədqiqat institutlarının intellektual potensialından, müasir laboratoriya və sınaq qurğularından və mövcud imkanlardan daha səmərəli istifadə olunması, elmi nəticələrin iqtisadiyyata tətbiq edilməsi, nəzəri bilikləri praktik işlərə çevirə bilən mütəxəssislərin meydana çıxması üçün böyük imkanlar açmışdır. Hazırda Yüksək Texnologiyalar Parkında infrastrukturun yaradılması, rezidentlərə xidmətlərin göstərilməsi, innovativ layihələrin öyrənilməsi, prototiplərin sınaq-ekspertiza işlərinin həyata keçirilməsi, potensial donorların cəlb edilməsi üçün mövcud imkanlar çərçivəsində əhəmiyyətli addımlar atılır. Bir sıra xarici şirkətlər ilə elmi nəticələrin istehsala tətbiqinə yönəldilmiş müqavilələrin imzalanması, Böyük Britaniyanın “Millers Oils LTD” şirkəti ilə birgə yüksək texnoloji keyfiyyətlərə malik mühərrik yağlarının istehsalının təşkil olunması, elm tutumlu texnoloji məhsulların yaradılmasında əməkdaşlıq üçün Azərbaycan-Çin Texnologiya Transferi Mərkəzinin açılması belə addımlardandır. 

YTP-nin əsas fəaliyyət istiqamətlərindən biri də onun rezidentləri tərəfindən ölkənin müdafiə qabiliyyətinin yüksəldiməsinə xidmət edən ikili təyinatlı məhsulların istehsalıdır. Qısa müddət ərzində burada intuitiv idarəetmə sistemi ilə təmin edilmiş çoxfunksiyalı (axtarış-xilasetmə, təcili yardım, poçtun və müxtəlif çəkili yüklərin verilən nöqtəyə çatdırılması, aviamüşahidə və çəkilişlərin həyata keçirilməsi və s.) multirotor pilotsuz uçuş aparatları və dronlar, orta və uzaq məsafəli idarəolunan mərmilər, məsafədən radioidarəedici sistemlər, virtual təlim atış simulyatorları və s. istehsal üçün hazırlanmışlar. Müdafiə əhəmiyyətli elmi-tədqiqat işlərinin həyata keçirilməsi üçün AMEA-da ixtisaslaşmış laboratoriyalar yaradılmışdır. Xaricdən alınmış silisium əsaslı fotodiodların test qurğusu, onların parametrlərini təyin etməyə imkan verən elektron dövrələr, ultrasəs mikroqaynaq qurğuları ilə yanaşı, alimlərimiz tərəfindən hazırlanmış bir sıra unikal avadanlıqla təmin edilmiş laboratoriyalarda hazırlanacaq mikropikselli selvari fotodiodlar yüksək enerjilər fizikası, tibb, kosmik tədqiqatlar və hərbi sahələrdə tətbiq olunacaqdır.

Akademiyanın regional bölmələri və elmi mərkəzləri də elm və istehsalın inteqrasiyası prosesində fəal iştirak edirlər. AMEA Naxçıvan Elmi bölməsi Təbii Ehtiyatlar İnstitutunda “Darıdağ sürmə filizinin kompleks emalı” mövzusunda yerli alimlər tərəfindən aparılmış tədqiqatlarda Darıdağ sürmə filizi yatağından sürmə filizləri, mərgümüş və civə kimi elementlərin alınması imkanları əsaslandırılmış və qiymətləndirilmişdir. İnstitutun Naxçıvan Sement Zavodu ilə birgə təşkil etdiyi elmi-praktiki konfransda Cəhriçay və Lizbirt yataqlarının mergelli əhəngdaşı xammalı ilə zəngin xammal bazasından istifadə edilməklə inşaat materiallarının istehsalı məsələləri müzakirə olunmuşdur.

AMEA-nın Gəncə Bölməsində Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun elan etdiyi elmi-tədqiqat proqramları üzrə əsas qrant müsabiqəsinin qalibi olmuş prioritet xarakter daşıyan “Alüminium zəyinin alunitin tullantısı olan kasıb alunitdən yeni texnoloji üsulla alınmasının işlənməsi” layihəsi üzrə tədqiqatlar davam etdirilmişdir. 2018-ci ilin aprelində AMEA-da alüminium sənayesinin inkişaf etdirilməsi, istehsalının artırılması və alüminium kompleks sənaye emalının təşkil edilməsi ilə bağlı komissiyanın iclası keçirilmiş, mayda isə ölkəmizdə alüminium sənayesinin inkişaf etdirilməsi, bu sahədə istehsalın artırılması məqsədilə kompleks sənaye emalının təşkili və yeni texnologiyaların tətbiqi məsələləri AMEA Rəyasət Heyətində “Azərbaycan Sənaye Korporasiyası” ASC ilə birgə müzakirə edilmişdir. Tədbirdə “Alunit filizindən tərkib komponentləri ayıran emal texnologiyası”, “Zəydaşı filizinin qatı Na2O qələvisi məhlulu ilə işlənilməsi üsulu” və “Alunit filizinin potaş-qələvi üsulu ilə emal edilməsi” mövzusunda təqdimatlar da keçirilmişdir.

“Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair strateji yol xəritəsi”ndə AMEA-ya birbaşa tapşırıqlar nəzərdə tutulmasa da, ölkəmizin qeyri-neft sektorunun inkişafında əhəmiyyətli rol oynayacaq bu sahənin öyrənilməsi və tədqiq olunması, onun inkişafı üçün mümkün tədbirlərin görülməsi akademiyada diqqət mərkəzindədir. Burada ölkənin turizm bazasının inkişafına, turizmin müxtəlif regionlarda inkişaf xüsusiyyətlərinin tədqiqinə yönəlmiş elmi tədbirlər keçirilir, məqalələr və monoqrafiyalar yazılır. Məsələn, bu yaxınlarda iqtisad üzrə fəlsəfə doktoru Leyli Allahverdiyevanın Azərbaycanın turizm sahəsinin mövcud vəziyyətinin tədqiqinə və onun rəqabətqabiliyyətliliyinin yüksəldilməsi imkanlarının aşkar edilməsinə həsr olunmuş “Azərbaycanda rəqabətqabiliyyətli turizmin formalaşması” monoqrafiyası nəşr edilmişdir. 2018-ci ilin iyun ayında Naftalan şəhərində AMEA və Naftalan Şəhər İcra Hakimiyyəti tərəfindən “Naftalan-2018” multidisiplinar beynəlxalq elmi-praktiki konfrans keçirilmişdir. Azərbaycan alimləri ilə yanaşı, Qazaxıstan, Rumıniya, Çexiyanın santor-kurort və tibbi turizm sektorunun rəhbərlərinin iştirak etdiyi konfransda Naftalanın müalicə effekti, Naftalan yağı əsasında hazırlanan yeni dərman preparatlarının perspektivləri müzakirə edilib.

Fiziologiya İnstitutunun əməkdaşları tərəfindən xarici elmi jurnallarda Naftalan neftinin fiziki-kimyəvi və bioloji xassələrinin və onun orqanizmə təsirinin öyrənilməsinə həsr edilmiş məqalələr çap etdirilmişdir. Xarici turistlərin ölkəyə cəlb edilməsində mühüm rol oynaya biləcək müalicəvi turizm imkanlarının inkişaf etdirilməsi və təbliği məqsədi ilə Naftalan ilə yanaşı, Naxçıvandakı “Duzdağ”, Şabrandakı “Qalaaltı” müalicə mərkəzləri ilə bağlı analoji tədbirlərin həyata keçirilməsi də nəzərdə tutulur.

AMEA Neft-Kimya Prosesləri İnstitutunda uzun illərdir ki, müalicəvi Naftalan neftinin geniş tədqiqatları aparılır. Son illərdə Naftalanın müxtəlif aspektlərdə tədqiqatlarına, onun təmizlənmə texnologiyasının işlənib hazırlanmasına aid kimya, mühəndislik və mikrobiologiya üzrə üç fəlsəfə doktoru hazırlanıb. NKPİ-də yeni “Ağ Naftalan yağı”nın alınma texnologiyası işlənilmiş və AMEA-nın Yüksək Texnologiyalar Parkında təcrübə-sənaye istehsalı təşkil olunmuşdur.

Üç ilə yaxın müddətdə aparılan tədqiqatlardan sonra Səudiyyə Ərəbistanı “Ağ Naftalan yağını” kosmetik vasitə kimi qeydiyyata alıb və ölkədə istifadəsinə icazə verib. Hazırda “Ağ Naftalan yağı”nın Səudiyyə Ərəbistanında və digər ölkələrdə dərman preparatı kimi qeydiyyata alınması üçün işlər davam etdirilir. “Ağ Naftalan yağı”nın yaradılması, dərman preparatı və kosmetik vasitə kimi qeydiyyata alınması, təcrübə-sənaye miqyasında istehsalının təşkili ölkəmizin bir neçə elm mərkəzinin - AMEA və Səhiyyə Nazirliyinin elmi-tədqiqat institutlarının, Azərbaycan Tibb Universitetinin, AMEA-nın Təcrübə Sənaye Zavodunun birgə fəaliyyəti nəticəsində mümkün olub.

AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi və Milli Azərbaycan Tarixi Muzeyi ənənəvi elmi-tədqiqat və maarifləndirmə fəaliyyəti ilə yanaşı, turistlərə göstərilən xidmətlərin çeşidini, səviyyəsini və keyfiyyətini yüksəltməyə, xarici qonaqları ölkəmizin tarixi və mədəniyyəti ilə yaxından tanış etməyə çalışırlar. 2017-ci ildə Milli Tarix Muzeyinin ekspozisiyasını 18.700 ziyarətçi seyr etmişdir ki, bu da 2016-cı ilin göstəricilərindən 25% çoxdur. Həmin dövrdə muzeylərin xarici qonaqlarının sayı 30% artmışdır. Şərqşünaslıq İnstitutunda xarici turistlər arasında sayına görə üstünlük təşkil edən İran və ərəb ölkələri turistləri üçün fars-Azərbaycan və ərəb-Azərbaycan dillərində danışıq kitabçaları hazırlamışlar.

Məlum olduğu kimi, Azərbaycan palçıq vulkanlarının sayına görə dünyada liderdir. Ölkəmizin ərazisində ekoturizmin təşkili üçün geniş potensiala və müxtəlif geoloji fəallığa malik 350 palçıq vulkanı mövcuddur. Bu istiqamətdə Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin əməkdaşları tərəfindən müxtəlif təşkilati tədbirlərin həyata keçirilməsi, o cümlədən palçıq vulkanlarına 3-4 turist marşrutlarının planının hazırlanması, həmin vulkanlar barədə ayrıca bukletin hazırlanması, Azərbaycanın palçıq vulkanlarına həsr olunmuş bələdçi kitabçasının Azərbaycan, ingilis, rus dillərində dərci planlaşdırılır. 

“Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair strateji yol xəritəsi”ndə AMEA-ya verilən tapşırıqların icrası əsasən akademiyanın iki qurumunda - əsas elmi istiqaməti informasiya texnologiyaları və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri problemlərinin araşdırılması və effektiv metodlarının işlənməsi olan İnformasiya Texnologiyaları İnstitutunda və texniki sistemlərin texnoloji proseslərinin riyazi modelləşdirilməsi, müxtəlif təyinatlı sistemlərdə qərarqəbuletmə üsullrının işlənməsi, yeni nəsil robast-hibrid, nəzarət, diaqnostika, proqnozlaşdırma və idarəetmə sistemlərinin yaradılması üzrə ixtisaslaşan İdarəetmə Sistemləri İnstitutunda mərkəzləşmişdir.

İnformasiya Texnologiyaları İnstitutunda İKT-nin tədrisində çatışmazlıqların aradan qaldırılması məqsədilə beynəlxalq təhsil standartları olan Computer Engineering 2016, Software Engineering 2014, Computer Science 2013, Information Technology 2008 üzrə təhsil standartları araşdırılmış, tədris proqramlarının müqayisəli analizi aparılmışdır. 

Elmi-texnoloji informasiyanın həcminin kəskin artması, informasiyanın emalının yeni üsulları (big data) və tədqiqatların yeni aparat və proqram təminatlarının yaranması ilə əlaqədar AMEA magistrlərinin, dissertant və doktorantlarının İKT istisası üzrə tədris proqramına əlavə və dəyişikliklər edilmiş, tədris proqramlarına “İntellektual sistemlər”, “Verilənlərin intellektual analizi (Data Mining)”, “Bulud texnologiyaları” və “Maşın təlimi metodları” fənləri tədris olunmağa başlamışdır. 

2017-2018-ci illərdə İKT ixtisası üzrə kadr hazırlığı genişləndirilmiş, İnformasiya Texnologiyaları İnstitutu magistratura pilləsinə - 2, fəlsəfə doktoru proqramı üzrə doktoranturaya - 3, dissertanturaya - 3 və elmlər doktoru proqramı üzrə 1 nəfər dissertant qəbul olunmuşdur.

Alimlərimiz tərəfindən informasiya cəmiyyətinin inkişafı üçün əhəmiyyətli olan “Mobil hesablama buludları: mövcud vəziyyəti, inkişaf mərhələləri, problemləri və həlli yolları”, “Şəbəkə texnologiyaları”, “İnformatika terminlərinin izahlı lüğəti” (ingiliscə-rusca-türkcə-Azərbaycanca) və s. kitablar nəşr edilmişdir.

“Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair strateji yol xəritəsi”ndə ölkənin şaxələndirilmiş və ekoloji baxımdan təmiz elektrik enerjisi ilə təmin edilməsi məqsədi ilə Azərbaycanın alternativ və bərpaolunan enerji potensialının qiymətləndirilməsində akademiyanın iştirakı nəzərdə tutulmuşdur.

Ölkənin ərazisində günəş aktivliyi, günəş enerji balansı, küləklərin fəsillər üzrə istiqaməti və sürəti, geotermal su mənbələrinin yerinin, debitinin və tərkibinin müəyyən edilməsi istiqamətində AMEA-da əvvəllər də tədqiqatlar aparılmış, əhəmiyyətli nəticələr əldə edilmişdir. Bu nəticələr müvafiq xəritələr və izahedici məqalələr şəklində ölkə Prezidentinin sərəncamı ilə 2014-cü ildə AMEA-da nəşr edilmiş “Azərbaycan Milli Atlası”na da daxil edilmişdir.

Lakin elm yerində saymır. Günəş səthində və dünya okeanında son onilliklərdə baş vermiş və davam etməkdə olan aktiv dəyişmələr, antropogen fəaliyyətin təbiətə təsirinin nəticələri, qlobal istiləşmə, küləklərin azalması kimi proseslər bu mövzuların müntəzəm yenidən işlənilməsini zəruri edir. Bu sahədə müasir tədqiqatlarda ötən əsrdəkilərdən dəfələrlə dəqiq olan elmi cihaz və alətlərdən, böyük məlumat həcmlərini emal etməyə imkan verən kompüterlərin imkanlarından, GPS və GİS ölçü-koordinasiya sistemlərindən istifadə edilməsi, habelə ölkəmizin öz kosmik peykləri vasitəsi ilə yeni tədqiqat imkanlarının yaranması məsələni daha da aktual edir. Nəzərə almaq lazımdır ki, digər investisiya sahələrində olduğu kimi, alternativ və bərpaolunan energetika sahəsində də investorlar müasir alət və üsullarla əldə edilmiş ən yeni və dəqiq elmi nəticələrə əsaslanaraq qərar qəbul etməyə üstünlük verirlər.

Məlum olduğu kimi, Azərbaycan Respublikası ərazisində xeyli sayda geotermal su mənbələri müəyyən edilmişdir. Bu mənbələrin geotermik parametrlərinin tədqiqi, GİS əsaslı məlumat bazasının yaradılması, müxtəlif sxem və xəritələrin tərtib edilməsi üçün “Azərbaycanın Geotermal Atlası və Geotermal enerji resursları Kadastrının hazırlanması” xüsusi elmi-tədqiqat proqramı işlənib hazırlanmışdır. Həmin proqramın 2018-2020-ci illər ərzində icra edilməsi üçün elmi cihazlar, avadanlıq və qurğular, elmi fəaliyyət üçün məmulatlar, ləvazimat və qeyri-maddi aktivlər, geotermik monitorinq quyuların qazılması üçün texnika, elmi ezamiyyətlər və digər məsələlər həll olunmalıdır.

Azərbaycanda külək potensiallı əraziləri müəyyən etmək üçün çoxillik müşahidələr əsasında (1981-2010) orta illik külək sürəti xəritəsi tərtib olunmuşdur. Külək enerjisindən istifadəyə yararlı ərazilər əsasən Azərbaycanın 3 regionunu əhatə edir. Müəyyən edilmişdir ki, Abşeron yarımadası və Xəzər dənizinin sahilboyu ərazilərində küləkli günlərin sayı il ərzisində 270 gün, Gəncə, Daşkəsən, Kəlbəcər rayonlarında 70 gün və Ordubad rayonunda isə 50-60 gündür. Ölkəmiz ümumi gücü 800 MVt-a yaxın illik külək enerji ehtiyatına (təqribi hesablamalara görə 2.4 milyard kVt/saat elektrik enerjisi) malikdir. Lakin, yuxarıda göstərildiyi kimi, tədqiqatların davam etdirilməsinə ehtiyac var.

Ölkənin alternativ və bərpaolunan enerji potensialının qiymətləndirilməsində Coğrafiya İnstitutunun “Azərbaycanın Günəş Enerjisi Atlası” elmi-tədqiqat proqramı, “Günəş radiasiyasının riyazi modeli” mözusunda tədqiqatlar və “Günəş panellərinin yerinin və yönünün optimal seçimi” üçün hazırlanmaqda olan kompüter proqramı xüsusi əhəmiyyət daşıyır. 

Azərbaycan Respublikasının alternativ və bərpaolunan enerji potensialında yanar şistlərin və təbii bitumların xüsusi yeri var. Yanar şistlərin respublika üzrə Abşeron, Şamaxı-Qobustan, Quba-Xəzəryanı və İsmayıllı rayonlarında 60-dan çox yataq və təzahürləri aşkar edilmişdir. AMEA-da yanar şistlərin proqnoz resurslarının ilkin hesablamaları ən azı 500 mln. ton ehtiyatın olduğunu göstərmişdir. Azərbaycanın yanar şistlərinin keyfiyyət göstəriciləri şist sənayesi inkişaf etmiş 16 ölkənin şistləri ilə müqayisə edilmiş, mövcud yataqlarımızın yanar şistlərinin xarici ölkələrdən yalnız Estoniya və Avstraliya şistlərindən bəzi parametrlər üzrə geri qaldığı müəyyən edilmişdir.

Azərbaycanın yanar şistlərinin kompleks istifadə perspektivlərinin tədqiqi, texniki-iqtisadi və ekoloji qiymətləndirməsi üçün onların geokimyəvi xüsusiyyətlərinin təfsilatlı tədqiqi, istifadəsinin texniki-iqtisadi və ekoloji aspektlərinin təhlili, şist qazı və neftinin proqnoz resurslarının qiymətləndirməsi, emal texnologiyasının elmi əsaslandırılması kimi işlər hələ qarşıdadır.

Prezident İlham Əliyevin ölkənin sosial-iqtisadi həyatının bütün istiqamətlərində dayanıqlı inkişafın təmin olunmasına yönəlmiş uzaqgörən və müdrik strateji xətti, onun rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı və davamlı islahatlar iqtisadi sabitliyin təmin olunmasında, əhalinin rifah halının yaxşılaşmasında əhəmiyyətli rol oynayır və makrosabitliyə, investisiya mühitinin daim yaxşılaşmasına xidmət etməklə bərabər, iqtisadiyyatın şaxələndirilməsinə öz töhfəsini verir. Bu baxımdan, strateji yol xəritələrinin uğurlu icrasının ölkədə davamlı iqtisadi inkişaf əsasında iqtisadiyyatımızın müxtəlif sahələrinin dinamik inkişafına töhfələr verəcəyi şübhəsizdir. Azərbaycan Milli Elmlər Akademiyasının alimlər ordusu gələcəkdə də ölkə başçısının etimadının doğruldulması, strateji yol xəritələrinin həyata keçirilməsi və elmimizin cəmiyyətin məhsuldar qüvvəsinə çevrilməsi üçün var qüvvə ilə çalışmaqda davam edəcəkdir.

Akif Əlizadə, AMEA prezidenti, akademik

"Respublika" qəzeti, 27 sentyabr 2018-ci il

  • Paylaş: