www.science.az
21.09.2018 14:11

Arxeologiya və Etnoqrafiya İnstitutunun nəzdində Antropoloji mərkəzin yaradılması ilə bağlı müzakirələr aparılıb

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunda keçirilən iclasda bu müəssisənin nəzdində Antropoloji mərkəzin yaradılması ilə bağlı müzakirələr aparılıb.

İnstitutun direktoru, t.ü.e.d., professor Maisə Rəhimova bildirib ki, yeni yaradılacaq mərkəzə gələcəkdə müxtəlif elm sahələri üzrə mütəxəssislərin - geoloq, bioloq, tibb üzrə tədqiqatçı və digərlərinin cəlb edilməsi planlaşdırılır.

Daha sonra institutun elmi işlər üzrə direktor müavini, t.ü.e.d. Nəcəf Müseyibli tədbir iştirakçılarına Antropoloji mərkəzin əsasnamə layihəsi ilə bağlı məlumat verib. Bildirib ki, layihədə əsasən fiziki antropologiya sahəsinə aid müddəalar öz əksini tapıb.

İclasda akademik Teymur Bünyadov, tarix üzrə elmlər doktorları - Əsədulla Cəfərov, Hidayət Cəfərov, antropologiya üzrə elmlər doktoru Əliağa Məmmədli, tarix üzrə fəlsəfə doktorları - Emil Kərimov, Səfər Aşurov, Zaur HəsənovFərhad Quliyev çıxış edərək mərkəzin adı, əsasnaməsi ilə bağlı fikir və təkliflərini bildiriblər. Qeyd olunub ki, mərkəzin yaradılması təşəbbüsü olduqca aktualdır və əsasnamədə etnoqrafiya üzrə ixtisaslar da öz əksini tapmalıdır. Bundan əlavə, qurumun Fiziki antropologiya mərkəzi kimi adlandırılması da təklif edilib.

Sonda Ə.Cəfərov, Ə.Məmmədli və F.Quliyevdən ibarət komissiyanın yaradılması, ediləcək təkliflərin Antropoloji mərkəzin əsasnamə layihəsinə əlavə olunması qərarlaşdırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.