www.science.az
21.09.2018 09:29

Şərqşünaslıq İnstitutunda akademik Ziya Bünyadova həsr olunan konfransın materialları çap edilib

AMEA Şərqşünaslıq İnstitutunda görkəmli tarixçi və şərqşünas alim, ictimai xadim, Sovet İttifaqı Qəhrəmanı, akademik Ziya Bünyadova həsr olunan “Müasir şərqşünaslığın aktual problemləri” (“Ziya Bünyadov qiraətləri”) mövzusunda beynəlxalq elmi konfransın materialları çap edilib.

Azərbaycan, Rusiya, Türkiyə, Gürcüstan və Özbəkistandan olan 100-ə yaxın alimin məruzəsi konfransın bölgüsünə uyğun olaraq, nəşrdə "Qədim və orta əsrlər Şərq tarixinin tarixşünaslığı və mənbəşünaslığı", "Müasir şərq ölkələrində ictimai və siyasi proseslər", "Şərq xalqlarının ictimai, fəlsəfi və dini fikir məsələləri", "Şərq xalqlarının ədəbiyyatının tədqiqi problemləri" və "Şərq xalqlarının dilinin tədqiqi problemləri" bölmələrində yer alıb.

Topluda ilk olaraq, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin və Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyevanın məruzələri təqdim olunur. 

Nəşrin redaksiya heyətini akademiklər İsa Həbibbəyli, Nərgiz Axundova, Nailə Vəlixanlı, Gövhər Baxşəliyeva və Şahin Mustafayev təşkil edirlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.