Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Naxçıvan Bölməsində akademik Həsən Abdullayevin 100 illiyinə həsr olunan “İnteraktiv açıq dərs” keçirilib
21.09.2018 09:32
  • A-
  • A
  • A+

Naxçıvan Bölməsində akademik Həsən Abdullayevin 100 illiyinə həsr olunan “İnteraktiv açıq dərs” keçirilib

AMEA-nın Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə “Akademik Həsən Abdullayev: görkəmli fizik” mövzusunda "İnteraktiv açıq dərs" keçirilib.

Dərs görkəmli fizik, Dövlət Mükafatı laureatı, Əməkdar elm xadimi, akademik Həsən Abdullayevin həyat və fəaliyyətinə həsr olunub.

Tədbirdə bölmənin Təbii Ehtiyatlar İnstitutunun Fiziki tədqiqatlar laboratoriyasının rəhbəri, fizika üzrə fəlsəfə doktoru, dosent Məmməd Hüseynəliyev geniş məruzə ilə çıxış edib. Bildirib ki, böyük elm təşkilatçısı Həsən Abdullayev 1918-ci il avqustun 20-də Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Yaycı kəndində anadan olub.

Akademikin uşaqlıq illərindən danışan alim bildirib ki, 1918-ci ildə təpədən dırnağa qədər silahlanmış quldur erməni dəstələri Naxçıvanın bir çox kəndlərini dağıdaraq dinc əhaliyə divan tutub, onları işgəncələrlə öldürüblər. H.Abdullayevin doğma kəndi Yaycının əhalisinin də ağır faciə ilə üzləşdiyini xatırladan M.Hüseynəliyev həmin dövrdə alimin atasının da ermənilər tərəfindən öldürüldüyünü söyləyib.

Qeyd olunub ki, bütün maddi çətinliklərə baxmayaraq H.Abdullayev ilk təhsilini beş yaşında Yaycı kənd məktəbində alıb və daha sonra Naxçıvan şəhərindəki Kənd Təsərrüfatı Texnikumuna daxil olub. Fizika fənninə böyük marağı, oxumaq, təhsilini davam etdirmək həvəsi onu Bakıya, Azərbaycan Dövlət Pedaqoji İnstitutuna gətirib. Ali təhsilini başa vurub Naxçıvana qayıdan H.Abdullayev 1941-1944-cü illərdə Ordubad Şəhər Pedaqoji məktəbində fizika müəllimi kimi işə qəbul edilib. O, 1944-cü ildə Azərbaycan Elmlər Akademiyasının Fizika-Riyaziyyat İnstitutunda laborant vəzifəsində işə başlayıb. Burada yarımkeçiricilərin fizikası sahəsində aparılan ən yeni tədqiqat üsullarına və vərdişlərinə yiyələnib, özünün sonrakı elmi ideyalarının əsas istiqamətlərini və qayəsini müəyyənləşdirib.

Azərbaycanda fizika məktəbinin formalaşmasında, sanballı nəticələrə nail olmasında akademikin əməyindən bəhs edən M.Hüseynəliyev alimin müəllifi olduğu və tələbələri ilə birlikdə yazdığı selen düzləndiricilərinə aid monoqrafiyaların dünya ədəbiyyatında öz fundamentallığı ilə seçildiyini deyib. Bildirib ki, akademik Həsən Abdullayev Azərbaycanda bərk cisimlər fizikasının inkişafında, yarımkeçiricilər elektronikasının və yüksək texnologiyaların geniş sürətdə müasir həyata tətbiqində əvəzsiz rolu olub.

Şagirdlərin diqqətinə çatdırılıb ki, ümummilli lider Heydər Əliyev 1970-ci ilin iyun ayında Azərbaycan EA-nın Fizika İnstitutuna gəlib və burada elmi-təşkilati işlərlə tanış olub, müəssisənin maddi-texniki bazasının daha da gücləndirilməsi, yeni optik və elektron qurğuların alınması üçün əlavə vəsaitin ayrılmasına göstəriş verib. Heydər Əliyev Həsən Abdullayevin yüksək mənəvi keyfiyyətlərini, təşkilatçılıq xüsusiyyətlərinə malik olmasını və respublikada elmin inkişaf perspektivlərini nəzərə alaraq akademiyaya rəhbərlik etməsini məsləhət bilib.

Qeyd olunub ki, Həsən Abdullayev 36 il Fizika İnstitutunun direktoru olmaqla yanaşı, 1970-ci ildən 1983-cü ilədək həm də Azərbaycan Elmlər Akademiyasının prezidenti vəzifəsində çalışıb. Bu illərdə akademiyanın nəzdində 30 elmi idarə ilə yanaşı, 12 konstruktor bürosu və 2 təcrübə zavodu fəaliyyət göstərib.

Məruzəçi qeyd edib ki, EA-nın prezidenti olduğu müddətdə Həsən Abdullayev Şəkidə, Naxçıvanda, Gəncədə, digər şəhər və regionlarda akademiyanın nəzdində bir sıra elmi mərkəzlər yaradaraq aparılan elmi-tədqiqat işlərinin əlaqələndirilməsini öz nəzarəti altında saxlayıb. Bundan əlavə, onun təklifi ilə 1972-ci ildə Naxçıvan Elm Mərkəzi (2002-ci ildən AMEA Naxçıvan Bölməsi) yaradılıb və burada fizika, riyaziyyat, kimya, biologiya, geologiya, tarix, ədəbiyyat və iqtisadiyyat üzrə elmi tədqiqatlar aparılıb.

Qeyd olunub ki, akademik H.Abdullayev 15 monoqrafiyanın, 250-dən artıq ixtiranın, onlarla dərsliyin, 500-dən çox elmi məqalənin müəllifidir.

Dərsdə bildirilib ki, görkəmli elm xadimi Həsən Abdullayevin yaratdığı elmi məktəb bu gün onun yetirmələri tərəfindən uğurla davam etdirilir.

Açıq dərs muxtar respublikanın 200-dən artıq ümumtəhsil məktəbində izlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: