Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Görkəmli şərqşünas alim Aida İmanquliyevanın xatirəsi anılıb
19.09.2018 12:35
  • A-
  • A
  • A+

Görkəmli şərqşünas alim Aida İmanquliyevanın xatirəsi anılıb

Sentyabrın 19-da AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun kollektivi İkinci Fəxri xiyabanda görkəmli şərqşünas alim, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın məzarını ziyarət edib. Şərqşünas alimlər Aida xanımın xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoyublar.

İnstitutun direktoru, akademik Gövhər Baxşəliyeva 26 il öncə dünyasını dəyişmiş böyük alimin keçdiyi həyat yolundan bəhs edib. O, Aida xanımın dünya şərqşünaslıq elminə böyük töhfələr verdiyini və Azərbaycan qadınına örnək bir ömür yaşadığını qeyd edib.

G.Baxşəliyeva şərqşünas alimin müasir ərəb ədəbiyyatının tədqiqində yeni səhifə açdığını, elmi məktəbin əsasını qoyduğunu, həmçinin onun Şərq-Qərb qarşılıqlı ədəbi əlaqə və təsiri problemini sistemli şəkildə araşdıran ilk azərbaycanlı qadın olduğunu söyləyib. Aidə xanımın elmi kadrların hazırlanmasında göstərdiyi xidmətlərdən söz açan G.Baxşəliyeva onun Şərqşünaslıq İnstitutuna rəhbərlik etdiyi dövrdə bacarıqlı bir təşkilatçı kimi fəaliyyət göstərdiyini vurğulayıb. Bildirib ki, Aida İmanquliyeva elmi-təşkilati fəaliyyətində yüksək ixtisaslı ərəbşünas kadrların hazırlanmasını daim diqqət mərkəzində saxlayıb. İnstitutun Ərəb filologiyası şöbəsinə başçılıq etdiyi qısa müddət ərzində onun bilavasitə səyləri ilə 10-dan artıq namizədlik dissertasiyası müdafiə edilib.

Daha sonra Şərqşünaslıq İnstitutunun Ərəb filologiyası şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Vilayət Cəfərov çıxış edərək Aida İmanquliyevanın Azərbaycan şərqşünaslığında yeni dövr ərəb ədəbiyyatının ilk tədqiqatçısı və ilk azərbaycanlı elmlər doktoru, professor ərəbşünas qadın olduğunu söyləyib. O, Aida xanımın keçmiş sovetlər məkanında şərqşünaslar arasında böyük nüfuza malik olduğunu qeyd edərək, məşhur alimlərin onun haqqında söylədikləri dəyərli fikirləri xatırladıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: