Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Naxçıvan” jurnalının növbəti sayı çapdan çıxıb
18.09.2018 15:42
  • A-
  • A
  • A+

“Naxçıvan” jurnalının növbəti sayı çapdan çıxıb

“Naxçıvan” ictimai-siyasi, ədəbi-bədii, elmi-publisistik jurnalının növbəti sayı çapdan çıxıb. Yeni say 31 mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunub.

Nəşrin ilk səhifəsində “Azərbaycanlıların soyqırımı haqqında” ümummilli lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Fərmanı verilib.

Bununla yanaşı, Prezident İlham Əliyevin “1918-ci il Azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” 18 yanvar 2018-ci il tarixli Sərəncamı və “1918-ci il Azərbaycanlıların soyqırımının 100 illiyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsinə dair Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 31 yanvar 2018-ci il tarixli sərəncamı və həmin sərəncama əsasən təsdiq olunmuş Tədbirlər Planı jurnalın ön səhifələrində yer alıb.

Jurnalın “Erməni vəhşiliyi məqalələrdə” adlı birinci bölməsində akademik İsmayıl Hacıyevin “Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və soyqırımı siyasəti”, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərlinin “Muxtariyyət ərəfəsində ermənilərin Naxçıvanda törətdikləri qırğınlar”, tarix üzrə fəlsəfə doktoru, dosent Emin Şıxəliyevin “XX əsrin əvvəllərində azərbaycanlıların soyqırımı və pərdə arxası məqamları” adlı məqalələrində ermənilərin Naxçıvanda həyata keçirdikləri soyqırımlar geniş təhlil olunub. Azərbaycan və Osmanlı arxiv sənədlərindən toplanılan materiallar, elmi nəşrlərə istinad edilən faktlar əsasında hazırlanan məqalələrdə ermənilərin Azərbaycana, eləcə də Naxçıvana köçürülməsi prosesi, köçürülən ermənilərin bundan sonra ərazi iddiaları, onların Naxçıvanda törətdikləri qanlı cinayətlərdən bəhs olunub. Faktlara nəzər saldıqda aydın olur ki, o zaman 73727 nəfər əhali ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilib.

Jurnalda, həmçinin “Erməni vəhşiliyi əsərlərdə”, “Erməni vəhşiliyi rəsm əsərlərində”, “Erməni vəhşiliyi arxiv sənədlərində”, “Erməni vəhşiliyi fakt və rəqəmlərdə” başlıqlı bölmələr də oxuculara təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: