Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Akademik Yaqub Mahmudov: Türk dünyasının ilk cümhuriyyəti Azərbaycanda yaradılıb
18.09.2018 14:45
  • A-
  • A
  • A+

Akademik Yaqub Mahmudov: Türk dünyasının ilk cümhuriyyəti Azərbaycanda yaradılıb

AMEA Tarix İnstitutunda Türkiyənin görkəmli tarixçi alimi, professor İlber Ortaylının iştirakı ilə Elmi Şuranın genişləndirilmiş iclası keçirilib.

Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək İ.Ortaylının türk dünyasının böyük tarixçilərindən biri olduğunu, alimin sanballı əsərləri və araşdırmaları ilə tarix elminin inkişafına böyük töhfələr verdiyini diqqətə çatdırıb.

Sonra çıxış edən Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov bildirib ki, İ.Ortaylı 2012-ci ildən bu institutun fəxri doktorudur. O, bu fəxri ada türk dünyası tarixinin təbliğ olunmasında göstərdiyi xidmətlərə görə layiq görülüb.

Ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamını xatırladan Y.Mahmudov Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərindən danışıb. Qeyd dib ki, Azərbaycan Milli Ordusu Qafqaz İslam Ordusu ilə birlikdə Bakını erməni-bolşevik işğalından azad edib. Nuru Paşanın başçılıq etdiyi Qafqaz İslam Ordusunun hərbi uğurlarında Azərbaycan xalqı, o cümlədən görkəmli hərbi xadimlərimiz Əliağa Şıxlinski, Həbib bəy Səlimov və başqaları fəal iştirak ediblər. Türk dünyasının ilk cümhuriyyəti Azərbaycanda yaradılıb.

Çar Rusiyası tərəfindən əsir götürülən türk əsgərlərinin çoxunun Hacı Zeynalabdin Tağıyev sayəsində azad edildiyini deyən professor İlber Ortaylı bildirib ki, Qafqaz İslam Ordusu könüllülər ordusu idi və Osmanlı imperiyası Birinci Dünya müharibəsində Çanaqqala, Kutulamare və Bakıda üç böyük qələbə qazanıb.

Daha sonra çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Azərbaycan və Türkiyənin ən ağır dönəmlərində bir-birlərinə dəstək olduqlarını qeyd edib. Səfir bildirib ki, bundan 100 il əvvəl baş verənlər Nəriman Nərimanovun Mustafa Kamal Paşaya 1921-ci ildə göndərdiyi məşhur məktubunda dediyi kimi, “qardaşın qardaşa borc verməyəcəyini, qardaşın qardaşın əlindən tutacağını” göstərib.

E.Özoral sentyabrın 15-də Bakı şəhərinin azad olunmasının 100 illiyi ilə əlaqədar keçirilən paradı Azərbaycan-Türkiyə münasibətlərinin zirvəsi hesab edib.

Sonda Y.Mahmudov qonağa Tarix İnstitutunun nəşrlərini - ikicildlik “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası”, “Real tarix və “böyük Ermənistan” uydurması”, “Azərbaycan xalqının İrəvan və ətrafındakı torpaqlara tarixi varislik hüququ bərpa olunmalıdır” kitablarını hədiyyə edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: