www.science.az
14.09.2018 16:42

“Şanlı və kədərli yüz illər” mövzusunda elmi sessiya keçirilib

Bu gün AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “Şanlı və kədərli yüz illər” mövzusunda elmi sessiya keçirilib.

Tədbir Azərbaycan Xalq Cümhuriyyətinin və Bakının işğaldan azad olunmasının 100 illik yubileylərinə həsr olunub.

Sessiyanı muzeyin direktoru, akademik Rafael Hüseynov açaraq 1918-ci il mayın 28-də müsəlman şərqində ilk parlamentli respublikanın məhz Azərbaycanda yarandığını xatırladıb. Qeyd edib ki, həmin dövrdə bolşevik-daşnak qüvvələri Bakı başda olmaqla, ölkənin bir çox bölgəsini işğal altında saxlayır, ermənilər müsəlmanlara qarşı qırğınlar planlaşdırır, eyni zamanda Bakı neftinə görə ingilislər şəhəri ələ keçirmək istəyirdilər.

Akademik R.Hüseynov belə gərgin məqamda Osmanlı İmperiyasının Hərbi naziri Ənvər Paşanın əmri ilə Qafqaz İslam Ordusunun yaradıldığını və Azərbaycan torpaqlarının işğaldan azad edilməsi üçün ölkəmizə göndərildiyini diqqətə çatdırıb. Bakının 1918-ci ilin 15 sentyabrında Qafqaz İslam Ordusunun yardımı ilə qanlı döyüşlər nəticəsində bolşevik-daşnak qüvvələrindən azad edildiyini deyən muzey direktoru bu əlamətdar hadisənin Azərbaycan tarixinin ən həlledici məqamlarından biri olduğunu söyləyib.

Alim Qafqaz İslam Ordusunun 5-ci Qafqaz diviziyasının qərargah rəisi Rüşdü bəyin "Anadolu ordusu Azərbaycan əsgəri ilə birgə ölkənin istiqlalı və istiqbalı uğrunda canla-başla mübarizə apardı" sözlərini xatırladaraq, türk əsgərlərinin şücaətinin daima xalqımız tərəfindən uca tutulduğunu bildirib. Qeyd edib ki, məhz SSRİ dövründə Azərbaycan-Türkiyə münasibətlərinə əngəllər törədilib, Qafqaz İslam Ordusu işğalçı kimi məktəb dərsliklərində təbliğ edilib. R.Hüseynov aparılan bütün təbliğatların öz hədəfinə çatmadığını və yerli xalqın şüurundan "türkün qəbri" ifadəsinin heç bir zaman silinə bilmədiyini vurğulayıb. O, Ağsu, Şamaxı, Hacıqabul, Kürdəmir və Gəncə ətrafında şəhid olmuş türk əsgərlərinin qəbirlərinin mütəmadi olaraq xalq tərəfindən ziyarət edildiyini deyib.

Akademik R.Hüseynov Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin yerləşdiyi binanın tarixi hadisələrə şahidlik etdiyini və Azərbaycan hökumətinin ilk Nazirlər Kabinetinin burada yerləşdiyini diqqətə çatdırıb.

Muzey direktoru Bakı və bütövlükdə Azərbaycanın istiqlalı uğrunda canından keçmiş türk əsgərlərinin adlarının küçə və məktəblərə verilməsinin, onlar haqqında bədii əsərlərin yazılmasının, filmlərin çəkilməsinin, həmçinin qəhrəmanların şərəfinə kompleks heykəlin qoyulmasının zəruriliyini qeyd edib.

Daha sonra muzeyin Komparativistika və bədii tərcümələr şöbəsinin müdiri, professor Şəfəq Əlibəylinin "Cümhuriyyət dövrü Azərbaycanın maarifçi qadınları" və İctimaiyyətlə əlaqələr və mətbuat şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Nəzmiyyə Yiğitoğlunun "İstiqlalın hərb yaddaşı" mövzusunda məruzələri dinlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.