Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Milli Məclisin elm və təhsil komitəsinin payız sessiyasında ilk iclası keçirilib
13.09.2018 12:51
  • A-
  • A
  • A+

Milli Məclisin elm və təhsil komitəsinin payız sessiyasında ilk iclası keçirilib

Sentyabrın 13-də Milli Məclisin elm və təhsil komitəsinin payız sessiyasında ilk iclası keçirilib.

Komitə sədri, akademik İsa Həbibbəyli əvvəlcə Milli Məclisin 2018-cı ilin yaz və növbədənkənar sessiyaları ərzində komitədə görülən işlər barədə danışıb. Qeyd olunub ki, hesabat dövründə komitənin 7 iclası keçirilib, bu iclaslarda 16 məsələyə baxılıb. Komitədə müntəzəm olaraq vətəndaşların qəbulu aparılıb, onları narahat edən məsələlərin həlli üçün lazımi kömək göstərilib.

Hesabat dövründə komitənin ünvanına daxil olan 206 müraciətə, təklif, ərizə və şikayətə müvafiq qaydada baxılıb və 149 müraciətlə əlaqədar 97 məktub hazırlanıb aidiyyəti üzrə göndərilib.

Sonra İsa Həbibbəyli payız sessiyası ərzində görüləcək işlərdən danışıb. Bildirilib ki, qarşıdakı sessiyada “Ümumtəhsil haqqında” qanun layihəsinin müzakirəsi nəzərdə tutulur. Eyni zamanda, bir sıra qanunlara əlavə və dəyişikliklər ediləcək.

Komitənin 2018-cı il yaz sessiyası dövründə fəaliyyəti qənaətbəxş hesab edilib, 2018-cı il payız sessiyası üçün iş planına baxılıb və təsdiq olunub.

Daha sonra gündəlikdəki digər məsələlər müzakirə edilib.

Əvvəlcə “Elm haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə baxılıb. Bildirilib ki, sənədin “Elmi fəaliyyət sahəsində beynəlxalq əməkdaşlıq” adlı 39-cu maddəsində edilən dəyişikliyə əsasən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında doktorantura səviyyəsində təhsil alması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsis etdiyi təhsil qrantı proqramı, habelə elm və təhsil müəssisələri ilə bağlanan müqavilələr əsasında həyata keçiriləcək.

Qeyd edilib ki, “Elm haqqında” Qanunda edilməsi nəzərdə tutulan dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin “İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin vətəndaşlarına Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil üçün qrantların verilməsi haqqında” 2017-ci il 6 dekabr tarixli və “Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşlarına Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil üçün qrantların verilməsi haqqında” 2018-ci il 10 yanvar tarixli Sərəncamının icrası məqsədi ilə təklif olunur.

Eyni məqsədlə “Təhsil haqqında” Qanuna da bir sıra dəyişikliklərin edilməsi nəzərdə tutulur. Belə ki, 7.3-cü maddədə “Azərbaycan” sözü “Tədris” sözü ilə əvəzlənəcək. 22.12-ci maddədə “müqavilələrə,” sözündən sonra “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsis etdiyi təhsil qrantı proqramına,” sözləri əlavə ediləcək.

Həmçinin sənədə “Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsis etdiyi təhsil qrantı proqramı üçün ölkələri, ölkələr üzrə kvotaları, namizədlərin seçim meyarlarını və bunların əsasında qrant alacaq şəxslərin siyahısını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyənləşdirir” məzmunlu 44.1-1-ci maddə əlavə olunacaq.

Sonra deputatlar gündəlikdəki məsələlərlə bağlı fikir və təkliflərini səsləndiriblər.

Qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olunub.

"AzərTac"

  • Paylaş: