Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

10.09.2018 14:11
  • A-
  • A
  • A+

AMEA prezidenti Kubanın ölkəmizdəki səfiri ilə görüşüb

AMEA prezidenti Kubanın ölkəmizdəki səfiri ilə görüşüb

Sentyabrın 10-da AMEA-nın prezidenti, akademik Akif Əlizadə Kuba Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Alfredo Nieves Portuondo ilə görüşüb.

Əvvəlcə akademik Akif Əlizadə qonağa rəhbərlik etdiyi qədim elm ocağının yaranma tarixi və əsas elmi istiqamətləri haqqında məlumat verib. Bildirib ki, 70 ildən artıqdır fəaliyyət göstərən və bu gün yeni bir inkişaf mərhələsinə qədəm qoyan AMEA-da prioritet sahələrdə araşdırmalar aparılır, dünyanın nüfuzlu elmi mərkəzləri ilə əlaqələr qurulur. Akademik A.Əlizadə Azərbaycan alimlərinin MDB ölkələri, eləcə də Avropanın aparıcı elmi mərkəzlərində mühüm elmi layihələrə rəhbərlik etdiyini, o cümlədən AMEA-nın elmi müəssisələrindən doktoranların həmin mərkəzlərdə təcrübə keçdiyini səfirin diqqətinə çatdırıb.

AMEA Yüksək Texnologiyalar Parkı haqqında da məlumat verən A.Əlizadə bildirib ki, bu müəssisə müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsi istiqamətində uğurla fəaliyyət göstərir.

Sonra çıxış edən səfir Alfredo Nieves Portuondo səmimi qəbula görə AMEA rəhbərliyinə minnətdarlığını bildirib. Kuba Respublikasının tarixi, coğrafi mövqeyi, elm və təhsil sahəsindəki uğurları və mədəniyyəti barədə məlumat verən diplomat ölkələrimiz arasında elm və təhsil sahəsində əlaqələrinin inkişaf etdirilməsinin zəruriliyini qeyd edib. O, bu əməkdaşlığın səmərəli nəticələr verəcəyinə əminliyini ifadə edib.

Səfir ölkəsinin səhiyyə sahəsində uğurları ilə dünyada məhşur olduğunu bildirib. Qeyd edib ki, Kubanın müvafiq elmi instituları ilə tibb və biotexnologiyalar sahəsində əməkdaşlıq üçün böyük potensialı mövcuddur.

Vaxtı ilə neft-qaz sahəsində Azərbaycanın geniş təcrübəsindən faydalanmaq məqsədilə kubalı tələbələrin Azərbaycana təhsil almaq üçün gəldiyini deyən diplomat hazırda onların öz ölkəsində peşəkar kadr kimi bu sahəyə böyük töhfələr verdiyini qeyd edib.

Kuba Elm və Texnologiyalar Nazirliyi haqqında da məlumat verən Alfredo Nieves Portuondo diplomatik fəaliyyəti dövründə bu qurumla AMEA arasında elmi əlaqələrin genişləndirilməsində lazımi köməkliyi göstərməyə hazır olduğunu bildirib.

Görüşdə tərəflər arasında müxtəlif elm sahələri üzrə əməkdaşlığın imkanları müzakirə edilib, iki ölkənin elmi qurumları arasında anlaşma memorandumunun imzalanması barədə razılığa gəlinib.

Sonda xatirə şəkli çəkilib.

Görüşdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev, Rəyasət Heyəti aparatının Beynəlxalq Əlaqələr İdarəsinin rəisi, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva və İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin rəisi Zülfüqar Fərzəliyev də iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: