Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Akademik M.Nağısoylu: Ulu öndər Heydər Əliyevin dil siyasəti onun dövlət quruculuğu siyasətinin üzvi tərkib hissəsi olub
06.09.2018 16:01
  • A-
  • A
  • A+

Akademik M.Nağısoylu: Ulu öndər Heydər Əliyevin dil siyasəti onun dövlət quruculuğu siyasətinin üzvi tərkib hissəsi olub

Naxçıvan Bölməsində AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu və professor Adil Babayevlə görüş keçirilib.

Əvvəlcə bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev Azərbaycan dilinin saflığının qorunması və inkişafı istiqamətində ölkəmizdə həyata keçirilən islahatlardan danışıb. Azərbaycan dilinin dünya dilləri sırasında layiqli yer tutmasında ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərini diqqətə çatdıran dilçi alim ulu öndərin həyata keçirdiyi milli dil siyasəti, dilimizin dövlət dili statusu alması, Azərbaycan dilinin geniş təbliği istiqamatində həyata keçirilən məqsədyönlü tədbirlər və bu sahədə imzalanan mühüm dövlət sənədlərindən bəhs edib.

"Dil siyasəti Naxçıvanda da uğurla davam etdirilir və Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinin birbaşa nəzarəti altındadır” – deyə bildirən Ə.Quliyev muxtar respublikada bu istiqamətdə Dövlət Proqramının tətbiqi, dilimizin saflığının qorunub saxlanılması yönündə aparılan genişmiqyaslı tədbirləri diqqətə çatdırıb.

Daha sonra akademik Möhsün Nağısoylu çıxış edərək Azərbaycan dili və dilçilik elminin qarşısında duran əsas hədəflərdən bəhs edib. Bildirib ki, tariximizin ən şanlı qürurverici səhifələrindən olan Azərbaycan Xalq Cümhuriyyətinin qısamüddətli fəaliyyəti dövründə ölkədə milli dəyərlərimizin təbliği, Azərbaycan dilinin dövlət dili elan edilməsi kimi mühüm işlər görülüb.

M.Nağısoylu qeyd edib ki, respublikada dil siyasətinin birmənalı şəkildə formalaşdırılması, ana dilinin dövlət dili kimi tətbiqi işinin təkmilləşdirilməsi və dünya azər­bay­­canlılarının ünsiyyət vasitəsinə çevrilərək milli həmrəyliyin göstəricisi kimi beynəlxalq aləmdə rolu və nüfuzunun yüksəlməsi Azərbaycan xalqının ümummilli li­deri Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin dil siyasəti onun dövlət quruculuğu siyasətinin üzvi tərkib hissəsi olub.

O, 1969-cu ildə Bakı Dövlət Universitetinin 50 illik yubileyində Azərbaycan dilində çıxış edən ümummlli lider Heydər Əliyevin cəsarəti, qətiyyəti, iradəsi sayəsində dilimizin dövlət dili olması tələbi ilə məsələ qaldırdığını və 1978-ci ildə Azərbaycan dilinin dövlət dili kimi Konstitusiyamızın 73-cü maddəsində öz əksini tapdığını diqqətə çatdırıb.

Alim 2001-ci il iyunun 18-də ümummilli lider tərəfindən “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında”, 2001-ci il avqustun 9-da isə “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” imzalanan sərəncamları xatırladıb. Bildirib ki, həmin sənədə əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir.

“Ölkəmizdə dil siyasəti bu gün ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir” –deyə bildirən alim ölkə başçısının 12 yanvar 2004-cü il tarixli “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” və 23 may 2012-ci il tarixli “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın hazırlanması barədə imzaladığı Sərəncamları xatırladıb. Vurğulayıb ki, AMEA-nın 70 illik yığıncağında Prezident İlham Əliyevin dərin məzmunlu nitqində bir sıra diqqət mərkəzinə çəkdiyi məsələlərdən biri də ana dilimizlə bağlı idi.

Dilçi alim rəhbərlik etdiyi institutun əməkdaşlarının ana dilimizlə bağlı həyata keçirdikləri tədbirlərdən və qarşıda duran vəzifələrdən söz açıb.

Professor Adil Babayev isə çıxışında dilimizlə bağlı aktual məsələlərə toxunub. O, ümummilli lider Heydər Əliyevin "Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir” sözlərini xatırladaraq, XX əsrdə Azərbaycan dilinə olan münasibəti müxtəlif arxivlərdən topladığı sənədlərin dili ilə tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Sonda dilçi alimlər bölmə əməkdaşlarının suallarını cavablandırıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: