Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

17.08.2018 15:29
  • A-
  • A
  • A+

AMEA-nın Neft və Qaz İnstitutunda palçıq vulkanlarına həsr olunan tədbir keçirilib

AMEA-nın Neft və Qaz İnstitutunda palçıq vulkanlarına həsr olunan tədbir keçirilib

AMEA-nın Neft və Qaz İnstitutunda palçıq vulkanlarına həsr olunan beynəlxalq seminar keçirilib.

Tədbirdə Geologiya və Geofizika İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Dadaş Hüseynov, həmin institutun şöbə müdirləri, geologiya-mineralogiya elmləri doktorları - Adil Əliyev, Çingiz Əliyev, Norveç, Rusiya və ölkəmizdə bu sahədə tədqiqat aparan alimlər iştirak ediblər.

Seminarı AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İbrahim Quliyev açaraq qonaqlara rəhbərlik etdiyi müəssisənin tarixi, əldə etdiyi nailiyyətlər və beynəlxalq əlaqələri barədə məlumat verib.

Sonra İbrahim Quliyevin "Palçıq vulkanlarının öyrənilməsi tarixi" mövzusunda məruzəsi dinlənilib. Alim məruzəsində Azərbaycanın yer kürəsində palçıq vulkanlarının unikal və klassik inkişaf regionu kimi tanındığını, ölkəmizdə 350-yə yaxın palçıq vulkanının olduğunu bildirib. Qeyd edib ki, palçıq vulkanlarının əksəriyyəti Xəzər akvatoriyasında, Bakı və Abşeron yarımadasında yayılıb və son illərdə GPS vasitəsilə onların koordinatları dəqiqləşdirilərək aktivliyi öyrənilib.

Akademik ölkəmizdə palçıq vulkanlarının bütün formalarına - fəaliyyətdə olan, sönmüş, gizlədilmiş, sualtı və digərlərinə rast gəlindiyini söyləyib. İ.Quliyev dünyanın ən aktiv 5 palçıq vulkanından biri olan və hər 3-10 ildən bir püskürən Lökbatan palçıq vulkanının da Azərbaycan ərazisində yerləşdiyini deyib.

Məruzə dinlənildikdən sonra mövzu ətrafında müzakirələr aparılıb.

Tədbirdə, həmçinin Norveçin Oslo Universitetinin Yer elmləri departamentinin əməkdaşı, fəlsəfə doktoru Adriano Mazzini "Palçıq vulkanizminə ümumi baxış", Rusiyanın İrkutsk Limnologiya İnstitutunun nümayəndəsi Oleq Xlıstov "Baykal hövzəsi və yerli palçıq vulkanizmi", Moskva Dövlət Universitetinin əməkdaşları - Qriqoriy Əhmədov "Avropa regionunda palçıq vulkanizmi və palçıqlı brekçiyanın stratiqrafik bərpası", Yelena Poludetkina "Neft sistemləri və onların çökmə vulkanizmi ilə əlaqəsi" və Andrey Bıçkov "Palçıq vulkanı geokimyəvi modelləşdirmə" mövzusunda məruzə ilə çıxış ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: