Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

13.08.2018 14:46
  • A-
  • A
  • A+

"Zəngəzur: köç, deportasiya, soyqırımı, işğal tarixi" monoqrafiyasının təqdimatı olub

"Zəngəzur: köç, deportasiya, soyqırımı, işğal tarixi" monoqrafiyasının təqdimatı olub

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun sektor müdiri, Zəngəzur Cəmiyyətləri İctimai Birliyinin sədri Hacı Nərimanoğlunun müəllifi olduğu "Zəngəzur: köç, deportasiya, soyqırımı, işğal tarixi" monoqrafiyasının təqdimetmə mərasimi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə işıq üzü görən kitabın elmi məsləhətçisi və Ön sözün müəllifi Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov, elmi redaktoru isə AMEA İşlər İdarəsinin müdiri, siyasi elmlər doktoru Fətəli Abdullayevdir.

"Azərkitab" Kitab Təbliğatı Mərkəzində baş tutan tədbirdə nəşrin müəllifi H.Nərimanoğlu çıxış edərək monoqrafiyada bir sıra böyük dövlətlərin fəal hərbi-siyasi dəstəyi ilə erməni silahlı qüvvələri tərəfindən soyqırım, deportasiya, etnik təmizlənmə və işğala məruz qalmış Zəngəzur bölgəsinin son iki yüz illik tarixinin tədqiq edildiyini söyləyib. Bildirib ki, nəşrdə bölgənin tarixi keçmişinin ümumi mənzərəsi yaradılıb, əhalisinin məruz qaldığı müsibətlərin səbəbləri, nəticələri gerçək tarixi sənədlər və detallarla araşdırılıb.

H.Nərimanoğlu kitabda Zəngəzurun yerli əhalisinin çarizmin müstəmləkəçilik siyasətinə, bolşevik-daşnak işğalına qarşı mübarizəsinin də əks olunduğunu, böyük dövlətlərin hərbi-siyasi planlarının bütün Qafqazda xalqların təhlükəsizliyinə və əmin-amanlığına vurduğu zərbənin faktlarla göstərildiyini deyib.

O, dünyanı idarə edən güclərin bir əsr əvvəl tarixi Azərbaycan torpaqlarında qurduğu Ermənistanın regionda başlıca gərginlik, münaqişə ocağı olduğunu vurğulayıb.

Tədbirdə, həmçinin "Azərkitab" Kitab Təbliğatı Mərkəzinin layihə rəhbəri Sabir Həsənov, Bakı Dövlət Universitetinin kafedra müdiri, dosent Abbas Abbasov, Misir Mədəniyyət Mərkəzinin direktoru Əhməd Sami, yazıçı-kulturoloq Aydın Xan Əbilov və digərləri çıxış edərək nəşrin Zəngəzur barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasındakı önəmindən danışıblar.

Qeyd edək ki, tədqiqatçılar, tarixçilər, müəllim və tələbələr, geniş oxucu auditoriyası üçün nəzərdə tutulan monoqrafiyada müxtəlif dillərdə 300-dək mənbəyə istinad edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: