www.science.az
10.08.2018 09:21

Qəbələ rayonundakı ən qədim yaşayış məskənində arxeoloji qazıntılar aparılıb

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə elmlər doktoru Nəcəf Müseyiblinin rəhbərlik etdiyi ekspedisiya bu ilin iyul ayında Qəbələ rayonundakı Qalayeri qədim yaşayış məskənində arxeoloji qazıntı işlərini davam etdirib.

Leylatəpə arxeoloji mədəniyyətinə - e.ə. IV minilliyin birinci yarısına aid Qalayeri abidəsi Qəbələ Beynəlxalq Aeroportu ərazisindədir və burada 2012-ci ildən geniş arxeoloji qazıntı işləri aparılır.

Bu il abidənin mərkəzi hissəsində qazıntı nəticəsində müəyyən edilib ki, burada xalkolit dövründə yaşayışın uzun müddətli olduğunu sübut edən mədəni təbəqənin qalınlığı 3 m-dən artıqdır. Bu isə Leylatəpə mədəniyyəti abidələri üçün olduqca yüksək göstəricidir.

Qalayerində qazıntı zamanı qədim evlərin divarlarının qalıqları, müxtəlif saxsı qablarda körpə uşaqların dəfn edildiyi qəbirlər, qədim sənətkarlıq nümunələri olan saxsı qablara aid minlərlə fraqmentlər və müxtəlif cinsli daşlardan ibarət əmək alətləri aşkarlanıb. Bu yaşayış yerində hələ 6 min il əvvəl metal istehsalını sübut edən kiçik alətlərlə yanaşı mis ərintisi də aşkar edilib. Dulus çarxının qalıqlarının aşkar edilməsi və saxsı qabların üzərində çarxda fırlanmanın izləri o dövrdə kütləvi keramika istehsalında ən yüksək texnologiyanın tətbiqini sübut edir.

Əldə edilə maddi mədəniyyət qalıqları Qalayeri yaşayış məskəninin Şərqi Anadolu - Şimali Mesopotamiyanın qədim sivilizasiyaları ilə genetik bağlı olduğunu göstərir.

Ekspedisiya müddətində rayon ərazisində də kəşfiyyat işləri aparılıb və nəticədə bir neçə arxeoloji sahə aşkar edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.