Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

07.05.2014 00:00
  • A-
  • A
  • A+

AMEA-da “Dahi azərbaycanlı” sənədli filmi nümayiş etdirildi

AMEA-da “Dahi azərbaycanlı” sənədli filmi nümayiş etdirildi

Bu gün AMEA-nın Əsas binasında A.Bakıxanov adına Tarix İnstitutunun təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə dahi şəxsiyyətin xatirəsini anma mərasimi keçirildi.

Tədbiri giriş sözü ilə açan institutun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrlərdə Azərbaycan dövləti və xalqı qarşısındakı tarixi xidmətlərindən və bu elmi müəssisədə ulu öndərin irsinin araşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən söhbət açdı.

Y.Mahmudov görkəmli dövlət xadimi Heydər Əliyevin akademiyada tarixçilərlə görüşləri zamanı xalqımızın son 200 ildəki tarixinin yenidən araşdırılmasını tövsiyə etdiyini bildirdi: “Qeyd olunan bu dövrün yenidən mükəmməl və hərtərəfli şəkildə tədqiq edilməsində ulu öndərin misilsiz xidmətləri olmuşdur”.

Bildirildi ki, Tarix İnstitutu hər zaman ulu öndərin irsinin araşdırılmasına xüsusi diqqət yetirmişdir. Bu məqsədlə, 2011-ci ildə elmi müəssisədə Əliyevşünaslıq şöbəsi yaradılmışdır. Bu müddət ərzində institutda ümummilli liderin çoxşaxəli ömür yolu, siyasi fəaliyyətinin müxtəlif aspektləri, 1969-2003-cü illərdəki daxili və xarici siyasəti araşdırılmış, bu mövzuda müxtəlif elmi əsərlər nəşr olunmuşdur.

Qeyd olundu ki, Heydər Əliyevin zəngin həyat və fəaliyyəti, dövlət və ordu quruculuğu, milli mənəvi və ümumbəşəri dəyərləri, xarici siyasətinin müxtəlif aspektləri, milli dövlətçiliyimizin qorunub saxlanılması yolunda yorulmaz mübarizəsini əks etdirən “Heydər Əliyev” fundamental monoqrafiyası çap olunmuşdur. Bununla yanaşı, institutun təşəbbüsü ilə ikicildlik “Heydər Əliyev. Azərbaycan elminin keşiyində” sənədlər və materiallar toplusu da çap olunmuşdur.

Sonra Heydər Əliyevin ömür yoluna həsr olunmuş “Dahi azərbaycanlı” sənədli film nümayiş etdirildi.

Qeyd edək ki, filmdə ümummilli liderin zəngin ömür yolunu əks etdirən yeni materiallar, xüsusilə də Naxçıvana rəhbərlik etdiyi dövr və gənclik illərini əks etdirən maraqlı faktlar yer almışdır. Filmin ssenari müəllifi və təqdimatçısı AMEA-nın müxbir üzvü Yaqub Mahmudovdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
 
  • Paylaş: