Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

AMEA-nın müxbir üzvü Oktay Qasımovun 60 yaşı tamam olur
03.08.2018 09:10
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Oktay Qasımovun 60 yaşı tamam olur

Avqustun 4-də Azərbaycanın görkəmli biofizik alimi, Biofizika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Oktay Kazım oğlu Qasımovun 60 yaşı tamam olur.

Oktay Qasımov 1958-ci ildə Zaqatala şəhərində anadan olub. 1974-cü ildə Bakı şəhərindəki 44 saylı orta məktəbi qızıl medalla bitirərək, Bakı Dövlət Universitetinə daxil olub. O, ali məktəbi bitirdikdən sonra təyinatla AMEA-nın Fizika İnstitutunda işə başlayıb.

1982-1984-cü illərdə Moskvada N.N.Semyonov adına Kimyəvi Fizika İnstitutunda tədqiqatçı kimi təcrübə keçib.

1988-ci ildə “Fibrilyar zülalların mexaniki dağılması zamanı baş verən sərbəst-radikallı proseslər” mövzusunda fizika-riyaziyyat elmləri üzrə namizədlik dissertasiyasını, 1992-ci ildə “Zülallarda onların mexaniki dağılması zamanı baş verən sərbəst-radikallı proseslər” mövzusunda fizika-riyaziyyat elmləri üzrə doktorluq dissertasiyasını müdafiə edib. 2017-ci ildə “Biofizika” ixtisası üzrə AMEA-nın müxbir üzvü seçilib.

AMEA-nın müxbir üzvü O.Qasımovun rəhbərliyi ilə zülalların mexaniki dağılması zamanı ilkin sərbəst radikallı proseslər, bu radikalların zəncirvarı foto- və termo-reaksiyaları təyin edilib. Alim zülalların üçölçülü məhlul quruluşunu təyin etmək üçün yeni “Nöqtəvi idarə olunan triptofan flüoressensiyası” (NİOTF) metodunu yaradıb. NİOTF metodu ilə göz yaşı lipocalini zülalının üçölçülü məhlul quruluşu zülal kristalının rentgen-struktur analizi ilə təsdiq olunub. O, həmçinin zülallarda konformasiya dəyişikliklərini öyrənmək üçün yeni “Nöqtəvi idərə olunan dairəvi dixroizm” metodunu yaradaraq, aşağı temperatur ölçülərinin üstünlüyünü göstərib. Bundan başqa, flüoressensiya metodu ilə zülal-ligand birləşməsini tədqiq etmək üçün birbaşa modelsiz metod təklif edib.

Alim elmi fəaliyyətlə yanaşı, pedaqoji fəaliyyətlə də məşğul olub. O, 1996-2015-ci illərdə ABŞ-ın Los-Anceles Kaliforniya Universitetində çalışıb. Eyni zamanda, həmin illər ərzində ABŞ-ın Milli Sağlamlıq İnstitutunun (NİH) qrantları üzrə məsul elmi işçi olub.

2009-cu ildən AMEA-nın Fizika İnstitutunda Kaliforniya Universiteti ilə birgə yaradılan Biopolimerlərin və toksinlərin spektroskopiyası adlı beynəlxalq laboratoriyanın rəhbəridir.

O.Qasımov 90-dan artıq elmi məqalənin müəllifidir. Onun rəhbərliyi ilə 1 namizədlik dissertasiyası müdafiə olunub.

Biofizik alim dəfələrlə beynəlxalq konfrans və konqreslərdə iştirak edərək Azərbaycan elmini layiqincə təmsil edib.

O, 2015-2016-cı illərdə AMEA-nın Fizika İnstitutunda Biofizika və Smart Materiallar Mərkəzinin rəhbəri kimi fəaliyyət göstərib.

2016-cı ildən AMEA-nın Biofizika İnstitutunun direktoru vəzifəsini icra edir.

Görkəmli alimi 60 illik yubileyi münasibəti ilə təbrik edir, ona möhkəm can sağlığı və elmi fəaliyyətində uğurlar arzu edirik.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: