Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Bir sıra xəstəliklərin şəfa mənbəyi - Naxçıvanın Şorsu palçığı
01.08.2018 15:32
  • A-
  • A
  • A+

Bir sıra xəstəliklərin şəfa mənbəyi - Naxçıvanın Şorsu palçığı

AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun Tətbiqi kimya laboratoriyasında “Şorsu” müalicəvi palçığının təqdimatı keçirilib.

Tədbiri bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq elmi müəssisənin yaranma zərurətindən, strukturu və fəaliyyəti barədə məlumat verərək burada aparılan araşdırmaların əhəmiyyətindən söz açıb. Bildirib ki, doğma Naxçıvanımız yeraltı və yerüstü sərvətlərlə zəngindir və səmərəli istifadə edilməsi üçün bu sərvətlərin dərindən öyrənilməsi vacibdir.

Akademik Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinin bölməyə göstərdiyi diqqət və qayğısı sayəsində elmi tədqiqat imkanlarının genişləndiyini, səmərəli nəticələrin əldə edilməsinə şərait yaratdığını bildirib. Son illər fundamental tədqiqat işləri həyata keçirən bölmənin Təbii Ehtiyatlar və Bioresurslar institutlarının laboratoriyalarında tətbiqyönümlü tədqiqatların aparıldığını diqqətə çatdıran İsmayıl Hacıyev Ali Məclis Sədrinin “Şorsu” müalicəvi palçığının hazırlanması ilə bağlı müvafiq tapşırığından irəli gələn vəzifələrin yerinə yetirildiyini bildirib. Bölmə tərəfindən müalicəvi əhəmiyyətli “Şorsu” müalicəvi palçığının hazırlığı ilə bağlı məlumat verən akademik palçığının laboratoriya şəraitində işlənməsindən sonra həm palçıq, həm də quru toz formasında qablaşdırıldığını deyib. Qeyd olunub ki, təbii müalicəvi vasitə bu günlərdə müxtəlif əczaxanalarda satışa veriləcək.

Daha sonra tədbirdə Naxçıvan Muxtar Respublikası Səhiyyə naziri Niyazi Novruzov çıxış edərək “Şorsu” palçığının müalicəvi əhəmiyyətindən ətraflı məlumat verib. Qeyd edib ki, əhalimizin əvvəl primitiv şəkildə istifadə etdiyi palçıq hal-hazırda Naxçıvan Bölməsinin laboratoriyasında gigiyenik qaydada, müxtəlif xəstəliklərin müalicəsində istifadə edilməsi üçün xüsusi təcrübələrlə yoxlanıldıqdan sonra qablaşdırılıb. Palçıq 17 adda-revmatizma, revmatoid artrit, fəqərə osteoxondrozu, deformasiyaedici, miozit, bursit, insult qalığı, radikulit, nevrit, nevralgiya, prostatit və digər xəstəliklərin müalicəsində istifadə edilə bilər. Müalicənin applikasiya, tampon və ümumi palçıq vannası şəklində istifadəsi mümkündür. Paketin və qutunun üzərində palçığın tərkibi, müalicəvi əhəmiyyəti və istifadə qaydası da göstərilib.

Sonra Təbii Ehtiyatlar İnstitutunun Mineral xammalın kimyası və texnologiyası laboratoriyasının böyük elmi işçisi, kimya elmləri üzrə fəlsəfə doktoru, dosent Əhməd Qarayev maqnezium, natrium, kalsium, dəmir oksid tərkibli “Şorsu” müalicəvi palçığının laboratoriya şəraitində hazırlığından və krem vəziyyətinə salınması prosesindən danışıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: