Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA-nın nümayəndə heyəti Təbrizə səfər edib
11.07.2018 12:49
  • A-
  • A
  • A+

AMEA-nın nümayəndə heyəti Təbrizə səfər edib

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə Təbriz Dövlət Universiteti arasında imzalanmış əməkdaşlıq protokoluna əsasən ildə iki dəfə Bakıda və Təbrizdə “Azərbaycan ədəbiyyatı klassiklərini birgə öyrənək” layihəsi əsasında elmi konfranslar təşkil edilir.

İndiyədək Ədəbiyyat İnstitutunda Məhəmmədhüseyn Şəhriyara, Təbriz Dövlət Universitetində isə Saib Təbriziyə dair müştərək elmi konfranslar keçirilib.

Bugünlərdə isə “Şəms Təbrizi” adlı konfransda iştirak etmək məqsədilə AMEA-nın nümayəndə heyəti Təbrizə səfər edib. Nümayəndə heyətinin tərkibinə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa HəbibbəyliHumanitar Elmlər Bölməsinin akademik-katibi, Əlyazmalar İnsatitutunun direktoru, akademik Teymur Kərimli və Nizami adına Ədəbiyyat İnstitutunun Təhsil şöbəsinin müdiri, sosiologiya üzrə fəlsəfə doktoru Samir Səttarov daxildirlər.

Əvvəlcə akademik İsa Həbibbəyli Təbriz Dövlət Universitetinin rektoru, professor Məhəmmədrza Purməhəmmədi ilə görüşüb.

Görüşdə əməkdaşlığın perspektivlərinə dair müzakirələr aparılıb. “Azərbaycan ədəbiyyatı klassiklərini birgə öyrənək” layihəsi çərçivəsində 2019-cu ildə AMEA-nın Ədəbiyyat İnsdtitutunda Əliağa Vahidə, Təbriz Dövlət Universitetində isə Nəsirəddin Tusinin ədəbi fəaliyyətinə həsr olunan birgə elmi konfransların keçirilməsi qərara alınıb.

Təbriz Dövlət Universitetində təşkil olunan “Şəms Təbrizi” adlı konfransı bu qurumun Ədəbiyyat fakültəsi Türk dili kafedrasının müdiri, professor Fərşbafiyan açıb. O, görkəmli mütəfəkkirə həsr olunan konfransın əhəmiyyətindən bəhs edib.

Tədbirdə “İrfan ədəbiyyatının Şəmsi” mövzusunda məruzə edən akademik İsa Həbibbəyli XIII-XIV əsrlər Azərbaycan ədəbi-ictimai fikrinin görkəmli nümayəndəsi Şəms Təbrizinin həyatı və yaradıcılığından danışıb, orta əsrlər ədəbiyyatı və fəlsəfəsinin ümumi mənzərəsinin müəyyən edilməsində böyük xidmətləri olan Şəms Təbrizinin çoxcəhətli fəaliyyətinin indiyədək az öyrənildiyini və bu istiqamətdə birgə araşdırmalara ehtiyac olduğunu bildirib.

Daha sonra Təbriz Dövlət Universitetinin professoru, doktor Mehdipur “Şəms Təbrizi - Mövlana baxışından”, akademik Teymur Kərimli “Saib Təbrizi və klassik ədəbi irs”, Təbriz Universitetindən doktor İqbali “Şəms Təbrizinin ürfana münasibəti”, doktor Xakpur “Şəms Təbrizinin baxışlarına bir baxış”, doktor Abadi “Şəms Təbrizi və Mövlana Cəlaləddin Rumi”, sosiologiya üzrə fəlsəfə doktoru Samir Səttarov “Şəms Təbrizi polyak ədəbiyyatşünaslığında” mövzusunda məruzələrlə çıxış ediblər.

AMEA-nın nümayəndə heyətinə Şəms Təbrizinin “Məqalət” traktatı və “Saib Təbrizi divanı” kitabları hədiyyə olunub.

Konfrans materiallarının Təbriz Dövlət Universitetində kitabça şəklində çap olunması qərara alınıb.

Səfər çərçivəsində AMEA-nın nümayəndə heyəti son illərdə İran İslam Respublikası Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində tapılmış Saib Təbrizinin məzarını və orada yaradılmış xatirə kompleksini ziyarət ediblər. Nümayəndə heyəti, həmçinin Azərbaycan Respublikasının İran İslam Respublikasınıın Təbriz şəhərindəki Baş konsulu Əliyyənnağı Hüseynovla da görüşüb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: