Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  RƏSMİ SƏNƏDLƏR

Akademik Azad Mirzəcanzadənin 90 illik yubileyi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
09.07.2018 09:55
  • A-
  • A
  • A+

Akademik Azad Mirzəcanzadənin 90 illik yubileyi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2018-ci ilin sentyabr ayında Azərbaycanın görkəmli alimi, Dövlət mükafatları laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, əməkdar elm və texnika xadimi, texnika elmləri doktoru, professor Azad Xəlil oğlu Mirzəcanzadənin anadan olmasının 90 illiyi tamam olur.

Tətbiqi mexanika və neft-mədən işləri üzrə bir sıra yeni istiqamətlərin banisi, zəngin elmi irsə malik akademik Azad Mirzəcanzadə neft-qaz sənayesinin aktual problemlərinin həllinə dair çox sayda qiymətli tədqiqatları ilə Azərbaycan elminə mühüm nailiyyətlər qazandırmış və böyük şöhrət gətirmişdir. Azad Mirzəcanzadənin rəhbərliyi və bilavasitə iştirakı ilə dəniz neft, qaz-kondensat yataqlarının işlənilməsinin fundamental-nəzəri əhəmiyyətli metodları hazırlanıb tətbiq edilmişdir. Azərbaycan elminin dünya elm məkanına inteqrasiyasının sürətləndirilməsində Azad Mirzəcanzadənin təqdirəlayiq xidmətləri vardır. Alim Azərbaycan iqtisadiyyatının müasir mərhələdə dinamik inkişafı üçün zəruri olan yüksək ixtisaslı elmi kadr resurslarının yaradılmasının fəal iştirakçılarından idi. Azad Mirzəcanzadə elmi məktəbinin yetirmələri ölkəmizdə və onun hüdudlarından kənarda neft sənayesinin ən müxtəlif sahələrində uğurla çalışırlar. Elmlə istehsalat arasında sıx əlaqə qurmağa müvəffəq olmuş alimin araşdırmalarının nəticələrindən mötəbər elmi mərkəzlər bu gün də geniş istifadə etməkdədir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkədə elmin inkişafı, təşkili və elmi kadr potensialının formalaşdırılması işinə dəyərli töhfələr vermiş akademik Azad Mirzəcanzadənin 90 illiyinin layiqincə qeyd olunmasını təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birgə akademik Azad Mirzəcanzadənin 90 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 iyul 2018-ci il.

  • Paylaş: