Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

AMEA-nın müxbir üzvü Vaqif Novruzovun 75 yaşı tamam olur
29.06.2018 18:07
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Vaqif Novruzovun 75 yaşı tamam olur

İyulun 1-də Azərbaycanın botanika sahəsindən tanınmış alimi, Əməkdar elm xadimi, Gəncə Dövlət Universitetinin (GDU) Botanika kafedrasının müdiri, AMEA-nın müxbir üzvü Vaqif Novruzovun 75 yaşı tamam olur.

Vaqif  Seyfəddin oğlu Novruzov 1 iyul 1943-cü ildə Quba rayonunun Rustov kəndində anadan olub. O, Rustov kənd orta məktəbini medalla bitirdikdən sonra Gəncə Dövlət Pedaqoji İnstitutunun (hazırki GDU) Biologiya və kənd təsərrüfatı istehsalının əsasları fakültəsinə daxil olub. 1966-cı ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirən V.Novruzov Xaçmaz rayonunda müəllim kimi əmək fəaliyyətinə başlayıb.

O, 1966-1981-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Botanika İnstitutunda aspirant, kiçik elmi və baş elmi işçi işləyib. 1982-1993-cü illərdə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında dosent, professor, elmi işlər üzrə prorektor, rektor əvəzi vəzifələrində çalışıb. Alim 2003-cü ildə müsabiqə yolu ilə Gəncə Dövlət Universitetinin Botanika kafedrasında professor, 2006-cı ildən isə həmin kafedranın müdiri vəzifəsində işləyir.

V.Novruzov 1970-ci ildə namizədlik, 1985-ci ildə doktorluq dissertasiyalarını müdafiə edib, 1988-ci ildə professor elmi dərəcəsini alıb, 2017-ci ildə isə AMEA-nın müxbir üzvü seçilib.

Alim botanikanın praktiki, metodiki və nəzəri problemlərinə həsr olunmuş 200-ə yaxın elmi əsərin, o cümlədən 6 monoqrafiya, 1 dərslik, 6 dərs vəsaiti, metodiki göstəriş və elmi məqalələrin müəllifidir. Onun elmi əsərləri xarici ölkələrin, keçmiş SSRİ-nin və respublikanın jurnal və məcmuələrində çap olunub. V.Novruzov 30-dan çox beynəlxalq və regional elmi  konfrans, simpozium, konqres və elmi ekspedisiyalarda iştirak edib. Hazırda respublikanın Qərb bölgəsinin bitki örtüyünün bioloji müxtəlifliyinin öyrənilməsi və genofondun mühafizəsi problemi üzrə elmi tədqiqatlara rəhbərlik edir.

Tanınmış alim Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Heyvan və bitki növləri üzrə” Komissiyasının, Azərbaycan Dövlət Aqrar Universiteti nəzdindəki Dissertasiya Şurasının, AMEA-nın Gəncə Bölməsi, GDU “Xəbərlər” məcmuələrinin redaksiya heyətinin, GDU və fakültə elmi şuralarının, eləcə də Azərbaycanın “Qırmızı kitabı”nın yeni nəşrinin redaksiya heyətinin üzvüdür.

Onun elmi rəhbərliyi ilə 14 fəlsəfə, 3 nəfər elmlər doktoru müdafiə edilib. Hazırda 5 nəfər dissertant və doktorantın dissertasiya işinə rəhbərlik edir.   

AMEA-nın müxbir üzvü V.Novruzovun elmi fəaliyyəti dövlətimiz tərəfindən də yüksək qiymətləndirilib. O, ölkə başçısının 22 sentyabr 2008-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının Əməkdar elm xadimi” fəxri adına layiq görülüb.

Görkəmli alimi 75 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm can sağlığı və fəaliyyətində uğurlar arzu edirik!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: