Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

06.06.2018 16:04
  • A-
  • A
  • A+

İkinci xüsusi şöbədə termik zədələnmələr və zəhərlənmələr zamanı özünə yardım mövzusunda seminar-məşğələ keçirilib

İkinci xüsusi şöbədə termik zədələnmələr və zəhərlənmələr zamanı özünə yardım mövzusunda seminar-məşğələ keçirilib

AMEA Rəyasət Heyəti aparatının İkinci xüsusi şöbəsində növbəti seminar-məşğələ keçirilib.

Tədbirdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) MM Qoşunlarının Tibb xidmətinin rəisi, polkovnik Elçin Əligülov, FHN-nin MM Qoşunlarının Mülki Müdafiə İdarəsinin şöbə rəisi, polkovnik-leytenant Fuad Abdulraşıdov, AMEA-nın elmi müəssisə və təşkilatlarının MM qərargah rəisləri və sanitar qrup üzvləri iştirak ediblər.

Seminarı İkinci xüsusi şöbənin rəisi Eldar Quliyev açaraq gündəlikdə duran məsələlər barədə iştirakçılara məlumat verib. O, mülki müdafiəyə dair seminar, məşğələ və digər tədbirlərin "Mülki müdafiə haqqında Azərbaycan Respublikasının Qanunu", Nazirlər Kabinetinin "Mülki müdafiənin təmin edilməsi barədə" 1998-ci il 25 sentyabr tarixli Qərarı və FHN-in tövsiyələri əsasında təşkil olunduğunu diqqətə çatdırıb.

E.Quliyev daha sonra cari ilin 6 ayı ərzində akademiya əməkdaşları üçün fövqəladə hadisələr zamanı davranış qaydalarının öyrənilməsi istiqamətində bir sıra tədbirlərin keçirildiyini xatırladıb. Bildirib ki, "Dünyada geden siyasi proseslər və beynəlxalq vəziyyət" mövzusunda AMEA-nın Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhrəmov, "Azərbaycan Respublikasında radiasiya təhlükəsizliyi" haqqında Radiasiya Problemləri İnstitutunun elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Rəvan Mehdiyeva və "Zəlzələlərin başvermə səbəbləri və zəlzələ zamanı davranış qaydaları"na dair Respublika Seysmoloji Xidmət Mərkəzinin şöbə müdiri, geologiya-mineralogiya elmlər doktoru Tahir Məmmədli məruzələrlə çıxış ediblər.

Şöbə rəisi, həmçinin FHN-nin MM Qoşunları tərəfindən AMEA əməkdaşlarının fövqəladə hallar zamanı zədələnmiş insanlara ilkin tibbi yardımın göstərilməsi, xəstəyə süni nəfəsin verilməsi, ürəyin qapalı masajı və digər zəruri məlumatlarla mütəmadi maarifləndirildiklərini deyib.

Daha sonra FHN-in MM Qoşunlarının Tibb xidmətinin rəisi, polkovnik Elçin Əligülov "Fövqəladə hallarda termik zədələnmələr və zəhərlənmələr zamanı özünəyardım və qarşılıqlı yardımın göstərilməsi" mövzusunda məruzəsini təqdim edib. Bildirib ki, yanıq zamanı (termik zədələnmələr) dəri qatlarında baş verən dəyişikliklərə görə IV dərəcəyə ayrılır.

O, yanıqların termiki, kimyəvi, şüa və elektrik cərəyanı ilə zədələnmə kimi növləri olduğunu bildirib. Qeyd edib ki, termiki yanıqlar dəriyə alov, isti maddə və mayelər, eləcə də yüksək temperaturun təsiri nəticəsində baş verir və bu zaman həmin sahə soyuq suda saxlanılmalı, təmiz quru parçası ilə örtülməli və üzərinə buz qoyulmalıdır.

Kimyəvi yanıqların turşular, qələvilər və bəzi uçucu maddələrin dəri səthinə təsiri zamanı yarandığını deyən E.Əligülov bildirib ki, yara bölgəsi dərhal soyuq su ilə yuyulmalı, zəif qələvi məhlulları, sirkə və ya limon şirəsi ilə işlənməlidir.

O, elektrik cərəyanı ilə zədələnmələrdə bilavasitə təsir yeri yox, bütün orqanın zədələnməyə məruz qaldığını, belə halda dərhal cərəyanı ayırmağın vacibliyini vurğulayıb.

Xidmət rəisi yanıqlar zamanı paltarı güclə çıxarmaq, suluqları açmaq, yanıq səthini tənziflə sarımaq, dəri səthindən palçıq və hisi yumaq, zədə səthinə toz səpmək və ya səthi spirtli məhlullarla işləməyin qadağan olduğunu diqqətə çatdırıb.

E.Əligülov yanığın müalicəsinin qapalı, açıq, qarışıq və cərrahi üsullarla aparıldığını, yanğından ölüm hallarının isə yanıq şoku, yanıq xəstəliyi, infeksiya və toksemiya nəticəsində baş verdiyini söyləyib.

O, daha sonra zəhərlənmələr zamanı özünə yardım barədə məlumat verib. Bildirib ki, zəhər orqanizmə zərər verən, toksik əlamətlərə yol açan, həyatı təhlükəli edən bir maddədir. FHN rəsmisi zəhərin neyrotoksik, kardiotoksik, hematotoksik və neftotoksik kimi təsirləri olduğunu, bu gün zəhərlənmələrin 80 faizinin 5 yaşına qədər uşaqlarda müşahidə edildiyini diqqətə çatdırıb.

Məruzəçi Azərbaycanda zəhərlənmələrin daha çox yaz və yay aylarında müşahidə olunduğunu və bunun başlıca səbəblərinin hidrokarbon, təmizlik və qida məhsulları olduğunu söyləyib. O, qış aylarında isə karbonmonoksiddən (dəm qazı) zəhərlənmənin geniş yayıldığını bildirib. Qeyd edib ki, toksikoloji maddələr tənəffüs, dəri və selikli, eləcə də parenterol yollarla insan orqanizminə keçir və əlamətləri 2-4 saat, bəzi hallarda isə 6-8 saat sonra üzə çıxır. Natiq bu zaman insanlarda şüurun itməsi, qıcolma, rahatsızlıq hissi, qusma, hərəkətlərdə uyğunsuzluq, nəfəs darlığı kimi əlamətlərin baş verdiyini deyib.

Belə hallarda xəstələrin həyati göstəricilərinin, göz bəbəyinin böyüklüyü və işığa həssaslığı, huşun olub-olmaması, dərinin rənginin yoxlanılmasının vacibliyini vurğulayan E.Əligülov zəhərlə təmasın kəsilməsi, spesifik antidot terapiya, sorulan maddənin qovulmasının sürətləndirilməsi, dəstəkləyici terapiya, mədə boşaltma kimi tədbirlərin görülməli olduğunu söyləyib.

Məruzə iştirakçılar tərəfindən maraqla qarşılanıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: