Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

04.06.2018 09:31
  • A-
  • A
  • A+

Monqolustan və Azərbaycan arxeoloqları birgə elmi tədqiqatlar aparacaqlar

Monqolustan və Azərbaycan arxeoloqları birgə elmi tədqiqatlar aparacaqlar

İyunun 1-də AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda Monqolustan Respublikası Elmlər Akademiyasının (MEA) prezidenti, akademik Duqer Reqdelin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Qonaqları salamlayan institutun direktoru, tarix üzrə elmlər doktoru, professor Maisə Rəhimova rəhbərlik etdiyi müəssisədə son illər aparılan tədqiqatlar və əldə olunan elmi nailiyyətlər barədə məlumat verib.

Professor M.Rəhimova vurğulayıb ki, Prezident İlham Əliyevin respublikada elmin inkişafına göstərdiyi diqqət və qayğı sayəsində, həmçinin aparılan iqtisadi və quruculuq işləri nəticəsində Azərbaycan əcnəbi arxeoloqlar üçün cəlbedici olmuşdur. Nəticədə, respublika ərazisində son illər ərzində ABŞ, Fransa, Almaniya, Yaponiya, Cənubi Koreya və d. ölkələrin tədqiqatçıları ilə birgə müştərək beynəlxalq ekspedisiyalar fəaliyyət göstərməkdədir.

Sonra akademik D.Reqdel çıxış edərək Azərbaycanın arxeoloq alimləri ilə elmi əlaqələrin təşkili və inkişafında maraqlı olduqlarını deyib.

MEA-nın Tarix və Arxeologiya İnstitutunun direktoru, professor  Çuluun Sampildondov isə öz çıxışında rəhbərlik etdiyi müəssisənin fəaliyyət istiqamətləri, beynəlxalq əlaqələri və Monqolustan ərazisində aparılan arxeoloji tədqiqatlardan danışıb. 

Daha sonra AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Qoşqar Qoşqarlı beynəlxalq layihə çərçivəsində Monqolustanda apardığı arxeoloji tədqiqatlardan bəhs edib.

Görüşdə gələcəkdə birgə arxeoloji və etnoqrafik tədqiqatlar sahəsində əməkdaşlıq barədə ümumi razılığa gəlinib. Monqolustan EA nümayəndə heyəti ilə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun rəhbərliyi arasında elmi nəşrlərin mübadiləsi keçirilib.   

Qeyd edək ki, tədbirdə AMEA İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova, Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin Xarici ölkələrin akademik qurumları ilə əlaqələr şöbəsinin müdiri Bünyamin Seyidov və Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları da iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: