Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Azərbaycan ərazisinə düşmüş meteorit parçası Vyana Təbiət Tarixi Muzeyinə hədiyyə olunub
31.05.2018 08:33
  • A-
  • A
  • A+

Azərbaycan ərazisinə düşmüş meteorit parçası Vyana Təbiət Tarixi Muzeyinə hədiyyə olunub

Avstriyanın Vyana Təbiət Tarixi Muzeyində (VTTM) Azərbaycan tərəfindən bu muzeyə hədiyyə edilən meteorit parçasının təqdimat mərasimi keçirilib.

Azərbaycanın Avstriyadakı səfirliyi və Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbiri muzeyin Mineralogiya və petroqrafiya departamentinin rəhbəri Frans Brandştetter açıb. O, VTTM-in dünyanın ən böyük meteorit kolleksiyasına sahib olduğunu və burada müxtəlif ərazilərə düşmüş 7 mindən artıq meteorit parçasının qorunduğunu bildirib. Qeyd edib ki, əksəriyyəti hədiyyə edilən meteorit parçaları müfəssəl şəkildə sənədləşdirilir və onlardan elmi-tədqiqat məqsədləri üçün də istifadə olunur.

Sonra Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov çıxış edərək meteoritin muzeyə hədiyyə edilməsinin Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümünə həsr olunduğunu bildirib. O, təqdim edilən meteoritin Yardımlı ərazisinə düşdüyünü və 1891-ci ildə Şuşa ərazisində tapılmış Hindarx meteoritindən sonra VTTM-ə hədiyyə olunan ikinci parça olduğunu söyləyib.

Daha sonra çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Elçin Babayev meteoritin bir parçasının muzeyə hədiyyə edilməsi təşəbbüsünün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən irəli sürüldüyünü deyib. O, iki ölkənin müvafiq elmi-tədqiqat qurumları arasında intensiv əlaqələrə görə Azərbaycan hökumətinin bu nəcib addımı atdığını bildirib. E.Babayev qeyd edib ki, meteorit parçası muzeyə qorunub saxlanmaq və eyni zamanda elmi tədqiqatlarda istifadə edilmək üçün hədiyyə edilib.

VTTM-in meteorit kolleksiyası üzrə əlaqələndiricisi, Beynəlxalq Meteoritlər Cəmiyyətinin üzvü Ludovik Ferrier tədbir iştirakçılarına Yardımlı meteoriti barədə məlumat verib. Bildirib ki, 1959-cu ilin noyabrın 24-də Azərbaycanın Yardımlı rayonu ərazisinə düşən meteorit ölkə ərazisinə düşən ilk dəmir meteoritdir. Altı fərdi nümunədən ibarət olan və məşhur Sihote-Alin meteorit yağışının yağmasından sonra düşən bu meteoritin ümumi çəkisi 152,5 kq-dır. Tərkibinə və səth strukturuna görə, unikal quruluşa malik bu meteorit Günəş sistemini tədqiq etmək üçün xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda Yer səthinə düşən dəmir meteoritlərin sayca az olduğunu nəzərə aldıqda, Yardımlı meteoritinin elmi əhəmiyyəti daha da artır. Qeyd edib ki, Yardımlı meteoritinin ən böyük parçasından (117 kq) kəsilmiş 250 qramlıq bu hissə muzeyin ən qiymətli eksponatlarından birinə çevriləcək.

Sonra qonaqların iştirakı ilə meteorit parçası muzeyin sərgi salonunda nümayiş olunacağı əraziyə yerləşdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: