Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

AMEA-da Azərbaycan-Türkmənistan elmi əlaqələrinin inkişafı ilə bağlı müzakirələr aparılıb
24.04.2014 00:00
  • A-
  • A
  • A+

AMEA-da Azərbaycan-Türkmənistan elmi əlaqələrinin inkişafı ilə bağlı müzakirələr aparılıb

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli ilə Türkmənistan Respublikasının ölkəmizdəki səfiri Toyli Komekov arasında görüş keçirilib.

Görüşdə akademik İsa Həbibbəyli AMEA-nın tarixi, akademiyada davam edən uğurlu islahatlar, müxtəlif elmi istiqamətlər üzrə görülən işlər, xüsusilə də humanitar elmlər sahəsində aparılan elmi-tədqiqatlar barədə ətraflı məlumat verib.

Son vaxtlar AMEA ilə dünyanın bir sıra elmi qurumları arasında sıx əlaqələrin yaradıldığını vurğulayan İ.Həbibbəyli akademiyanın rəhbərliyi tərəfindən Türkmənistan ilə əməkdaşlığa böyük önəm verildiyini və əlaqələrin əhəmiyyətini qeyd edib.

Bir sıra elmi istiqamətlər üzrə Azərbaycan və Türkmənistan alimlərinin birgə fəaliyyət göstərməsini məqsədəuyğun hesab edən akademik iki ölkə arasında elm sahəsində həlli vacib məsələlərdən bəhs edib.

O, may ayında böyük türkmən şairi Məhdimqulu Fəraqinin anadan olmasının 290 illiyi ilə əlaqədar Aşqabad şəhərində keçiriləcək beynəlxalq konfransda Azərbaycanın da təmsil olunacağını, bu məqsədlə nümayəndə heyətinin üzvləri tərəfindən bir sıra elmi məruzələrin hazırlandığını diqqətə çatdırıb.

Akademik İsa Həbibbəyli bildirib ki, rəhbərlik etdiyi AMEA Nizami adına Ədəbiyyat İnstitutu tərəfindən türk xalqları ədəbiyyatı çoxcildliyi hazırlanır. Çoxcildliyin bir cildində türkmən ədəbiyyatının görkəmli ədəbi simalarının həyat və yaradıcılığının əhatə edilməsi nəzərdə tutulub.

Görüşdən məmnun qaldığını bildirən səfir Toyli Komekov Türkmənistan ilə Azərbaycan arasında əlaqələrin bundan sonra da inkişaf etdiriləcəyinə əminliyini vurğulayıb.

Elm sahəsində əməkdaşlığın əhəmiyyətini vurğulayan səfir bu sahədə geniş tədbirlər planı, birgə layihələrin hazırlanmasının, bir sıra müqavilələrin imzalanmasının vacibliyini diqqətə çatdırıb.

T.Komekov qeyd edib ki, qarşılıqlı monoqrafik tədqiqatların aparılması, bədii əsərlərin tərcümə və nəşri xüsusi əhəmiyyətə malikdir.

Mədəniyyət, tarix, milli-mənəvi dəyərlər baxımından Azərbaycan və türkmən xalqlarının tarixi bağlılığını qeyd edən səfir ölkələrimiz arasında digər sahələrdə olduğu kimi, elmi əməkdaşlıqda da mühüm nəticələr əldə ediləcəyinə əminliyini ifadə edib.

Görüşdə elmi əlaqələrin inkişaf etdirilməsi üçün birgə səylərin göstərilməsi barədə razılıq əldə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: