Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

24.05.2018 14:50
  • A-
  • A
  • A+

Gəncə Bölməsində AXC-nin 100 illiyinə həsr olunan konfrans keçirilib

Gəncə Bölməsində AXC-nin 100 illiyinə həsr olunan konfrans keçirilib

AMEA-nın Gəncə Bölməsində “Azərbaycan Xalq Cümhuriyyəti Şərqin ilk demokratik dövlətidir” mövzusunda elmi konfrans keçirilib.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbiri giriş sözü ilə bölmənin sədri, akademik Fuad Əliyev açaraq Prezident İlham Əliyevin 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi və “Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi” ilə bağlı imzaladığı Sərəncamların əhəmiyyətindən danışıb.

AXC-nin dövlətçilik tarixində yeri və rolundan  bəhs edən alim Azərbaycan Xalq Cumhuriyyətinin proqressiv bir hökumətə sahib olduğunu, müsəlman dövlətləri arasında ilk dəfə qadınlara kişilərlə bərabər hüquqların, o cümlədən seçki hüququnun verildiyini vurğulayıb.  O, AXC-nin dövlət kimi formalaşması prosesinin Cümhuriyyətin ilk paytaxtı kimi məhz Gəncə şəhərində baş verdiyini bildirib.  

Akademik Fuad Əliyev Gəncə Bölməsi tərəfindən Cümhuriyyətin 100 illiyinə töhfə olaraq hazırlanan 4 kitab barədə də məlumat verib.

Daha sonra bölmənin Diyarşünaslıq İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru, professor Həsənbala Sadıqov “Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı və mübariz qərargahı Gəncə” mövzusunda məruzə edib. Məruzəçi AXC-nin dövlət idarəçilik sisteminin qurulması və möhkəmləndirilməsinə xidmət edən 210-dan artıq hüquqi aktın məhz Gəncə şəhərində qəbul edildiyini, Qafqaz İslam Ordusunun Gəncədə yaranıb möhkəmləndiyini və Azərbaycanın əzəli paytaxtı Bakını bolşevik-daşnaklardan təmizlədiyini bildirib.

Tədbirdə bölmənin Diyarşünaslıq İnstitutunun elmi katibi Mətanət Əliyevanın “Azərbaycan Xalq Cümhuriyyəti haqqında Dövlət Qərarları” mövzusunda məruzəsi dinlənilib. Cümhuriyyətin milli dövlətçilik tariximizdə silinməz izlər qoyduğunu deyən M.Əliyeva 70 illik əsarətdən sonra 1991-2018-ci illər ərzində AXC ilə bağlı qəbul edilmiş dövlət sənədləri barədə ətraflı məlumat verib.

Konfransda bölmənin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aytən İsmayılova “Qafqaz İslam Ordusu və Gəncə”, həmin şöbənin mütəxəssisi Ayaz Hüseynov “Azərbaycan Xalq Cümhuriyyətinin Gəncə quberniyasından olan dövlət xadimləri” və bölmənin Nizami Gəncəvi Mərkəzinin şöbə müdiri Təranə Verdiyeva “Azərbaycan Xalq Cümhuriyyətinin Gəncədə qəbul etdiyi hüquqi aktlar və onun tarixinin izahlı xronologiyası” mövzusunda məruzələrlə çıxış ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: