www.science.az
14.05.2018 08:16

18 may - Beynəlxalq Muzeylər Gününə həsr olunan tədbir keçirilib

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində 18 may - Beynəlxalq Muzeylər Gününə həsr olunan “Muzeyşünaslıq - elmlərarası inteqrasiya kontekstində” silsiləsindən: “Abbasqulu Ağa Bakıxanovun yaradıcılığının gənc muzeyşünaslar tərəfindən araşdırılması. “Faktlar və təhlillər” adlı tələbə elmi-nəzəri seminar keçirilib.

Tədbir Milli Azərbaycan Tarix Muzeyi, Təhsil Nazirliyi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) birgə təşkilatçılığı ilə baş tutub.

ADMİU-nun müəllim və tələbələri, sənətşünasların iştirak etdiyi tədbiri muzeyin direktoru, akademik Nailə Vəlixanlı açaraq tarixçi-alim Abbasqulu Ağa Bakıxanovun yaradıcılığından bəhs edib və tarix elminin öyrənilməsi, tədqiqində onun rolunu vurğulayıb. Bildirib ki, A.A.Bakıxanov "Gülüstani-İrəm" əsəri ilə Azərbaycan tarixşünaslıq elminin əsasını qoyub, eyni zamanda fəlsəfə, astronomiya və coğrafiyaya dair bir çox kitablar yazıb.

Sonra Əmircan qəsəbə Bələdiyyəsinin sədr müavini Fəridə Bünyatova “A.A.Bakıxanov dühası” adlı məruzə ilə çıxış edib.

Tədbirdə iştirak edən ADMİU-nun Elm və yaradıcılıq işləri üzrə prorektoru, filologiya üzrə elmlər doktoru, professor Məryəm Əlizadə Azərbaycanda muzey işinin inkişafından və müasir cəmiyyətdə muzeylərin sosial-mədəni rolunun əhəmiyyətindən danışıb.

Daha sonra ADMİU-nun “Gənc muzeyşünaslar” tələbə elmi klubunun rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Elfira Məlikova-Qurbanova çıxış edib. O, muzeyşünaslıq elminin XX əsrin 20-30-cu illərində yarandığını və muzeylərin xalqların çoxəsrlik mədəniyyətini özündə təcəssüm etdirdiyini söyləyib.

Elmi-nəzəri seminarın ikinci hissəsində ADMİU-nun tələbələri Abbasqulu Ağa Bakıxanovun həyat və yaradıcılığına həsr olunan məruzələrlə çıxış ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.