www.science.az
10.05.2018 11:12

Professor Haqverdi Cəfərovun 80 illik yubileyi qeyd olunub

AMEA-nın Biofizika İnstitutunda tanınmış biofizik alim, Əməkdar elm xadimi, bu müəssisənin Ekoloji biofizika laboratoriyasının aparıcı elmi işçisi, professor Haqverdi Cəfərovun 80 illik yubileyinə həsr olunan tədbir keçirilib.

Mərasimdə Bakı Dövlət Universitetinin, Azərbaycan Tibb Universitetinin professor-müəllim heyəti, AMEA-nın Fiziologiya, Radiasiya Problemləri, Fizika, Molekulyar Biologiya və Biotexnologiya institutlarının alim və mütəxəssisləri iştirak ediblər.

Tədbiri giriş nitqi ilə Biofizika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımov açaraq yubilyarın mənalı həyat yolundan, zəngin elmi yaradıcılığından danışıb. Bildirib ki, Azərbaycan Biofizika Cəmiyyətinin və Rusiya Biofizika Cəmiyyətinin üzvü olan alim 6 monoqrafiya, 200-ə yaxın elmi məqalə və 10 patentin müəllifidir.

Sonra institutun Ekoloji biofizika laboratoriyasının müdiri, professor Tokay Hüseynov Haqverdi Cəfərovun həyat və yaradıcılığına dair geniş məruzə edib. O, alimin yüksək ixtisaslı elmi kadrların hazırlanmasında böyük əməyi olduğunu, H.Cəfərovun rəhbərliyi altında 32 fəlsəfə doktoru və 6 elmlər doktorunun hazırlandığını diqqətə çatdırıb. Bildirib ki, alimin əsas fəaliyyət istiqamətlərini mitoxondrilərın xarici membranlarının hüceyrələrin ölümündə rolunun və lipidlərin sərbəst-radikallı oksidləşməsinin fotoreseptorların fəaliyyətində rolunun müəyyən edilməsi, bioloji obyektlərin konservasiyası üçün optimal metodların hazırlanması, onların canlılığının qiymətləndirməsi, həmçinin ətraf mühitin çirklənməsi problemləri təşkil edir.

Diqqətə çatdırılıb ki, Haqverdi Cəfərov 1966-cı ildə Azərbaycan SSR Elmlər Akademiyasının Fiziologiya İnstitutunda Biofizika laboratoriyasında kiçik elmi işçi, daha sonra böyük elmi işçi kimi çalışıb. 1972-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının Rəyasət Heyətinin qərarı ilə yeni açılan Resepsiyanın biofizikası laboratoriyasına rəhbərlik edən alim burada görmə analizatorlarının fotofiziki və fotokimyəvi proseslərinin öyrənilməsi ilə bağlı tədqiqatlar aparıb. O, fotoreseptorların funksional fəaliyyətində selenin rolunun olduğunu kəşf etməsinə görə “Elm və texnika” sahəsində Azərbaycan Dövlət mükafatına layiq görülüb. Həmçinin 1976-1978-ci illərdə elmi nailiyyətlərinə görə “Əməkdə fərqlənmə” və “Şərəfli əmək” medalları ilə təltif olunub.

Qeyd olunub ki, görkəmli alim elmi fəaliyyətlə yanaşı, pedaqoji fəaliyyətlə də məşğul olub. O, 1991-ci ildə Bakı Dövlət Universitetinin Biologiya fakültəsində Biostimulyatorlar laboratoriyasının, 1992-ci ildə isə Fiziologiya kafedrasının, 1996-2002-ci illərdə isə Türkiyənin Niqdə və Çanakkala Universitetində Molekulyar biologiya kafedrasının müdiri vəzifəsində çalışıb. 2003-cü ildə Səhiyyə Nazirliyinin Oftalmologiya İnstitutunda Eksperimental oftalmologiya laboratoriyasının müdiri, daha sonra “Odlar Yurdu” Universitetində və Beynəlxalq Universitetdə Biokimya və Biofizika kafedrasının müdiri, 2008-ci ildə isə AMEA-nın Fizika İnstitutunda Ekoloji biofizika laboratoriyasında aparıcı elmi işçi vəzifəsində çalışıb.

Tədbirdə digər çıxış edənlər H.Cəfərovun nəcib insani keyfiyyətlərə malik ziyalı olduğunu bildirib, alimlə bağlı xoş xatirələrini bölüşüblər.

Sonda yubilyar çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına öz minnətdarlığını bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.