Bu gün AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Azərbaycanın görkəmli kimyaçı alimi, Əməkdar elm xadimi, Sosialist Əməyi Qəhrəmanı, akademik Murtuza Nağıyevin anadan olmasının 110 illiyinə həsr olunan tədbir keçirilib.
Tədbiri AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Dilqəm Tağıyev açaraq konfransın Prezident İlham Əliyevin 2 noyabr 2017-ci il tarixli "Akademik Murtuza Nağıyevin 110 illik yubileyinin keçirilməsi haqqında" Sərəncamı çərçivəsində baş tutduğunu bildirib. Qeyd edib ki, M.Nağıyevin elmi fəaliyyətinin əsas istiqamətini neft kimyası və texnologiyası, kimyəvi reaksiyaların kinetikası və termodinamikası təşkil edib. Kimyaçı alim tərəfindən əsası qoyulmuş superoptimallıq prinsipi kimyəvi proseslərin tədqiqinə kimyanın klassik ənənələrindən fərqli yeni yanaşma olub və kimyəvi reaktorların yüksək məhsuldarlıqla işləməsinə, tullantıların azalmasına imkan yaradıb.
"Akademik Murtuza Nağıyev dünyada kimya və kimya texnologiyası istiqamətində yeni elmi istiqamət kimi qəbul olunmuş resirkulyasiya prosesləri nəzəriyyəsinin yaradıcısıdır" - deyən D.Tağıyev bildirib ki, bu nəzəriyyə kimya-texnologiya proseslərinin, eləcə də kimya texnologiyası kombinatlarının ən effektli yolla intensivləşdirilməsinə imkan yaradıb.
AMEA-nın vitse-prezidenti ana dilimizdə neft texnologiyasına dair ilk dərsliyin müəllifinin M.Nağıyev olduğunu vurğulayaraq, dərin zəkalı alimin Azərbaycan elminə bəxş etdiyi töhfələri xüsusilə qeyd edib. Bildirib ki, kimyaçı alim 1956-1957-ci illərdə Azərbaycan SSR EA-nın Fizika-Texnika Bölməsinin akademik-katibi, 1957-1959-cu illərdə AMEA-nın birinci vitse-prezidenti, 1959-1962-ci illərdə Kimya Elmləri Bölməsinin akademik-katibi, 1962-1967-ci illərdə isə Azərbaycan EA-nın akademik-katibi olub. O, 1952-ci ildə AMEA-nın həqiqi üzvü seçilib.
M.Nağıyevin 300-dən artıq elmi əsər, 12 müəlliflik şəhadətnaməsi və 30 fundamental monoqrafiyanın müəllifi olduğunu deyən D.Tağıyev görkəmli alimin Əməkdar elm xadimi fəxri adına, Sosialist Əməyi Qəhrəmanı adına, o cümlədən “Lenin”, “Qırmızı əmək bayrağı” ordenlərinə və bir sıra medallara layiq görüldüyünü diqqətə çatdırıb.
Çıxışının sonunda D.Tağıyev cari ilin sentyabrda görkəmli alimin yubileyi ilə əlaqədar beynəlxalq konfransın keçiriləcəyini, həmçinin gənclər arasında “Nağıyev qiraətləri” adlı müsabiqənin təşkil ediləcəyini və ən yaxşı elmi məruzənin müəllifinin “Murtuza Nağıyev" mükafatı ilə təltif olunacağını diqqətə çatdırıb.
Sonra görkəmli alimin tələbəsi, k.ü.e.d. Nemət Əlizadə, professor İxtiyar Bəxtiyarlı, k.ü.f.d. Vaqif Qasımov və digərləri çıxış edərək alimin zəngin elmi yaradıcılığından danışıb, onunla bağlı xatirələrini bölüşüblər.
Sonda görkəmli alimin oğlu, AMEA-nın vitse-prezidenti, Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzinin direktoru, akademik Tofiq Nağıyev çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.