Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA-nın illik ümumi yığıncağındakı sərgidə İnformasiya Texnologiyaları İnstitutunun fəaliyyəti böyük marağa səbəb olub
21.04.2014 00:00
  • A-
  • A
  • A+

AMEA-nın illik ümumi yığıncağındakı sərgidə İnformasiya Texnologiyaları İnstitutunun fəaliyyəti böyük marağa səbəb olub

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunmuş illik ümumi yığıncağında təşkil olunmuş sərgidə AMEA İnformasiya Texnologiyaları İnstitutunun fəaliyyəti böyük maraqla qarşılanıb.

Yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri, fizika-riyaziyyat elmləri doktoru Fatma Abdullazadə, AMEA-nın həqiqi və müxbir üzvləri, institut və digər təşkilatlarının nümayəndələri iştirak ediblər.

Tədbirdə qonaqlar institutun fəaliyyətini əks etdirən stendlə yaxından tanış olublar. Onlara institutda aparılan elmi-tədqiqat, elmi-innovasiya işlərinin nəticələrini əks etdirən elmi əsər və kitablar, jurnal və bukletlər haqqında ətraflı məlumat verilib.

İnstitutun direktoru, AMEA-nın akademik-katibi və müxbir üzvü, professor Rasim Əliquliyev elmi müəssisənin informasiya texnologiyaları və informasiya cəmiyyəti sahəsində dövlət siyasəti istiqamətində qəbul olunmuş dövlət proqramları və qanunlarından irəli gələn məsələlərin həllində yaxından iştirak etdiyini bildirib. R.Əliquliyev hesabat ilində institutda 2013-cü ilin Azərbaycanda “İnformasiya-kommunikasiya Texnologiyaları ili” elan edilməsinə dair həyata keçirilən müvafiq işlər haqqında məlumat verib. İnstitutun AR Prezidenti yanında Elmin İnkişafı Fondu, AR Dövlət Neft Şirkətinin Elm Fondu və digər müvafiq qurumlar tərəfindən maliyyələşdirilən 14 layihədə iştirak etdiyini qeyd edib.

AMEA-nın akademik-katibi mətnlərin intellektual analizi (Text Mining) texnologiyaları, informasiya təhlükəsizliyi, sosial şəbəkələrin analizi, biometrik texnologiyalar, sensor və Ad Hoc şəbəkələri, linqvistik informasiya texnologiyaları, informasiya-kommunikasiya texnologiyaları, audioinformasiya texnologiyaları, süni intellekt və sosioinformasiya texnologiyaları, intellektual informasiya sistemlərinin institutun informasiya texnologiyalari istiqaməti üzrə 2009-2015-ci illər üçün nəzərdə tutulmuş prioritet elmi istiqamətlərinə daxil olduğunu söyləyib. Elektron dövlət quruculuğu, Azərbaycan və virtual məkan, informasiya iqtisadiyyatı, elektron elm, təhsilin informasiyalaşdırılması, e-tullantı (e-waste) və İnternetin multidistiplinar problemlərinin isə informasiya cəmiyyəti üzrə araşdırılan əsas istiqamətlərdən olduğunu bildirib.

R.Əliquliyev institutun maddi-texniki bazasının, elmi kadr potensialının möhkəmlənməsi, müxtəlif elmi innovativ layihələrin həyata keçirilməsi istiqamətində aparılan işlər, e-elmin şəbəkə infrastrukturu olan AzScienceNet elm kompyuter şəbəkəsinin inkişafı istiqamətində görülmüş tədbirlər, dövlət proqramları çərçivəsində aparılan işlərin nəticələri, institut əməkdaşlarının tanınmış elmi jurnallarda çap olunmuş əsərləri haqqında məlumat verib.

Akademik Ramiz Mehdiyev institutda aparılan araşdırmaların aktuallığını, əldə edilən nəticələri, həyata keçirilən layihələri müsbət dəyərləndirərək, görülən işlərin ölkəmizdə informasiya cəmiyyətinin inkişafı istiqamətində mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

  • Paylaş: