Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

07.05.2018 08:59
  • A-
  • A
  • A+

Xalçaçıların ümumrespublika konfransı keçirilib

Xalçaçıların ümumrespublika konfransı keçirilib

Mayın 5-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyətində ümummilli lider Heydər Əliyevin 95 illiyinə həsr olunan Xalçaçıların ümumrespublika konfransı keçirilib.

Əvvəlcə konfrans iştirakçıları Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə güllər qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Tədbirdə İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov çıxış edərək “Xalçaçı Günü” peşə bayramının təsis olunmasının əhəmiyyətindən, ölkəmizdə bu sahənin inkişafı istiqamətində görülən işlərdən danışıb.

Sonra AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli xalçaçılığın inkişafı istiqamətində görülən işləri bütövlükdə Azərbaycan mədəniyyətinin inkişafına, milli dəyərlərimizin qorunmasına göstərilən diqqət kimi dəyərləndirib, ölkə rəhbərinin qayğısı ilə “Azərxalça”nın bu sahədə böyük işlər gördüyünü bildirib. Alim xalçaçılığın elmi cəhətdən araşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb, xalçaçılığa həsr olunan kitablardan bəhs edib.

“Azərxalça” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Vidadi Muradov çıxışında bildirib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə mayın 5-i “Xalçaçı Günü” peşə bayramı kimi qeyd olunur. 

Vidadi Muradov bildirib ki, ölkəmizdə digər sahələr kimi, xalçaçılığın da inkişafı görkəmli dövlət xadimi Heydər Əliyevin adı və dövlətçilik fəaliyyəti ilə sıx bağlıdır. Hələ sovet dövründə xalçaçılığın geniş şəkildə tədqiqinə süni maneələr yaradıldığı bir zamanda ulu öndər Heydər Əliyev xalçaçılığın yaşadılması, inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirib. Ötən əsrin 70-ci illərində Azərbaycanda Xalça Muzeyinin yaradılması, bu sahə ilə məşğul olan tədqiqatçıların, xalçaçıların diqqət və qayğı ilə əhatə edilməsi ulu öndərimizin müstəqil Azərbaycanın qurulması yolundakı mühüm xidmətlərindən biridir.

Qeyd olunub ki, bu sahəyə göstərilən yüksək diqqət və qayğının nəticəsidir ki, Prezidentin 28 fevral 2018-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” təsdiq olunub. Bu dövlət proqramı qarşıdakı 5 ildə xalçaçılığın inkişaf perspektivlərini özündə əks etdirir. Bundan başqa, xarici xalça bazarlarının araşdırılması və yerli xalça istehsalçılarının məlumatlandırılması işi həyata keçirilib, “Azerbaijan carpet” (“Azərbaycan xalçası”) brendi yaradılıb, əllə xalçatoxuma sahəsində peşə təhsilinin dəstəklənməsi istiqamətində tədbirlər görülüb.

Tədbirdə çıxış edən professor Kübra Əliyeva, Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova, “Azərxalça”nın Ağdam filialının müdiri Ceyran Əliyeva və başqaları peşə bayramı münasibətilə xalçaçıları təbrik ediblər.

Sonra bir qrup toxucuya “Azərxalça”nın fəxri fərmanı təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: