Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

23.04.2018 15:04
  • A-
  • A
  • A+

“Dilimiz və mənəviyyatımız” layihəsi çərçivəsində “Azərbaycan şifahi xalq ədəbiyyatı və dil” mövzusunda “dəyirmi masa” keçirilib

“Dilimiz və mənəviyyatımız” layihəsi çərçivəsində “Azərbaycan şifahi xalq ədəbiyyatı və dil” mövzusunda “dəyirmi masa” keçirilib

Aprelin 20-də Azərbaycan Dillər Universitetində (ADU) “Dilimiz və mənəviyyatımız” layihəsi çərçivəsində “Azərbaycan şifahi xalq ədəbiyyatı və dil” mövzusunda “dəyirmi masa” keçirilib.

Tədbirdə AMEA Folklor İnstitutunun direktoru, ADU-nun Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik Muxtar İmanov şifahi xalq ədəbiyyatı nümunələrinin dilinin ədəbi, ümumxalq, məhəlli, yaxud şivə dili olması məsələləri ilə bağlı məlumat verib. Alim, həmçinin bu nümunələrin mifoloji düşüncə tərzi ilə müqayisəli şəkildə araşdırılması barədə danışıb.

Daha sonra AMEA-nın Dilçilik İnstitutunun direktoru, ADU-nun Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının aparıcı elmi işçisi, akademik Möhsün Nağısoylu şifahi xalq ədəbiyyatı nümunələrində spesifik xüsusiyyətləri ilə seçilən arxaizmlərin mənşəyi və onların etimoloji xüsusiyyətləri, bu sözlərin ədəbi dildə inkişaf tarixindən bəhs edib.

Tədbirdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Əzizxan Tanrıverdi “Kitabi-Dədə Qorqud” eposunun obrazlı dili, alliterasiya, qafiyələnmə prinsiplərindən söz açıb.

Sintaqma anlayışının dilçilikdə müxtəlif şəkildə izahından danışan professor Niyazi Mehdi şifahi xalq ədəbiyyatının ağız ədəbiyyatı kimi üslub və növ törəmələrinə malik olmasından bəhs edib. Bildirib ki, şifahi xalq ədəbiyyatı nümunələrində xalqın həyatında baş verən hadisələr öz əksini tapır. “Kitabi-Dədə Qorqud”, “Koroğlu” və digər dastanlarda biz xalqımızın həyatında baş verən ən əlamətdar hadisələrlə tanış oluruq. Məhz Vətənə məhəbbət, insanpərvərlik və digər insani keyfiyyətlər xalqın yaddaş tarixi olan eposlarında, atalar sözlərində, bayatılarda aşılanır.

Tədbir iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə başa çatıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: