Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA-nın Naxçıvan Bölməsində AXC-nin 100 illiyinə həsr olunan konfrans keçirilib
19.04.2018 10:20
  • A-
  • A
  • A+

AMEA-nın Naxçıvan Bölməsində AXC-nin 100 illiyinə həsr olunan konfrans keçirilib

AMEA-nın Naxçıvan Bölməsində “Naxçıvan Azərbaycan Xalq Cümhuriyyəti dövründə: tarixilik və ərazi bütövlüyünün qorunması” mövzusunda elmi konfrans keçirilib.

Konfrans Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 25 yanvar 2018-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsinə dair Tədbirlər Planı”na əsasən baş tutub.

Tədbiri bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq AXC-nin dövlətçilik tariximizdəki yeri və rolundan geniş danışıb. Bildirib ki, cəmi 23 ay yaşayan AXC dövründə Azərbaycan dili dövlət dili elan olunub, Milli Ordu yaradılıb, tələbələr xarici ölkələrin ali məktəblərinə oxumağa göndərilib.

O, 1918-1920-ci illərdə erməni silahlı dəstələrinin Naxçıvanda azərbaycanlıların sayını süni surətdə azaltmağa cəhd etdiklərini, lakin yerli əhalinin mərdliyi sayəsində bölgənin Azərbaycanın əzəli və əbədi tərkib hissəsi kimi qorunub saxlandığını deyib.

Akademik müstəqil Azərbaycanın AXC-nin hüquqi varisi olduğunu bildirib, ümummilli lider Heydər Əliyevin və ölkə Prezidenti İlham Əliyevin bununla bağlı imzaladığı fərman və sərəncamların əhəmiyyətindən danışıb.

Sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov çıxış edərək Prezident İlham Əliyevin 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi və “Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi” ilə bağlı imzaladığı sərəncamları xatırladıb. R.Məmmədov AMEA Naxçıvan Bölməsində də tədbirlərin, o cümlədən interaktiv açıq dərsin keçiriləcəyini, ictimai-siyasi, ədəbi-bədii, elmi-publisistik “Naxçıvan” jurnalının bir nömrəsinin bu mövzuya həsr olunacağını diqqətə çatdırıb.

Daha sonra bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktоru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli “Azərbaycan Xalq Cümhuriyyəti və Naxçıvan”, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev “Azərbaycan Xalq Cümhuriyyəti dövründə Naxçıvan Müsəlman Milli Komitəsinin fəaliyyəti”, tarix üzrə fəlsəfə doktoru, dosent Emin Şıxəliyev “Azərbaycan Xalq Cümhuriyyəti dövründə Qafqazda geosiyasi rəqabətlər və onun Naxçıvana təsiri”, tarix üzrə fəlsəfə doktorları Musa Quliyev “Naxçıvanlı hərbçilərin Naxçıvan diyarının müdafiəsində və Araz-Türk Respublikası hökumətinin fəaliyyətində iştirakı” və İlhami Əliyev “Naxçıvanın ərazi bütövlüyünün qorunmasında yerli əhalinin rolu” mövzusunda məruzə ilə çıxış ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: