Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

“Azərbaycan Respublikası - Azərbaycan Xalq Cümhuriyyətinin varisidir” mövzusunda konfrans keçirilib
18.04.2018 15:35
  • A-
  • A
  • A+

“Azərbaycan Respublikası - Azərbaycan Xalq Cümhuriyyətinin varisidir” mövzusunda konfrans keçirilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) və AMEA-nın birgə təşkilatçılığı ilə “Azərbaycan Respublikası - Azərbaycan Xalq Cümhuriyyətinin varisidir” mövzusunda elmi-praktik konfrans keçirilib.

FHN-in Akademiyasında baş tutan tədbir Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunub.

Tədbirdə Fövqəladə Hallar nazirinin müavinləri - tibb xidməti general-leytenantı Faiq Tağı-zadə və general-leytenant Etibar Mirzəyev, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, institut rəhbərləri və alimlər iştirak ediblər.

Konfrans iştirakçıları əvvəlcə Akademiyanın həyətində ümummilli lider Heydər Əliyevin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri qoyub, qurumda fəaliyyət göstərən Heydər Əliyev Mərkəzi və muzeyi ilə tanış olublar.

Konfrans Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Tədbiri general-leytenant Etibar Mirzəyev açaraq aprelin 11-də ölkəmizdə prezident seçkilərinin keçirildiyini və İlham Əliyevin seçicilərin mütləq əksəriyyətinin səs çoxluğunu qazanaraq növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçildiyini xatırladıb.

Etibar Mirzəyev daha sonra qeyd edib ki, 1918-ci il mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk demokratik respublika olmaqla tariximizin şanlı səhifələrindəndir. Nazir müavini bildirib ki, ümummilli liderin AXC-nin 80 illiyinin keçirilməsi haqqında, eləcə də Prezident İlham Əliyevin AXC-nin 90 və 100 illik yubileylərinin keçirilməsinə dair sərəncamları, həmçinin 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi həmin tarixi fakta dövlət səviyyəsində göstərilən yüksək ehtiramın nümunəsidir.

Sonra AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək ulu öndər Heydər Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin ənənələrinə daim sadiq qaldığını, bu ənənələrin Prezident İlham Əliyev tərəfindən layiqli şəkildə davam etdirildiyini vurğulayıb. O, AXC-nin və dövlət xadimlərinin tarixi irsinin akademik səviyyədə araşdırılması işinin ümummilli lider Heydər Əliyev tərəfindən başladıldığını və dövlət başçısı İlham Əliyevin nəzarəti altında bu gün də davam etdirildiyini diqqətə çatdırıb.

Daha sonra konfransda Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudovun “Azərbaycan Xalq Cümhuriyyəti dövlətçilik tariximizin parlaq səhifəsidir”, Elm Tarixi İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Məryəm Seyidbəylinin “Azərbaycanın təhsilində tarixi varislik”, Dilçilik İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor Sayalı Sadıqovanın “Azərbaycan Xalq Cümhuriyyəti dövründə dil məsələləri”, Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor Asif Rüstəmlinin “Azərbaycan Xalq Cümhuriyyəti dövründə mətbuat”, Milli Azərbaycan Tarixi Muzeyinin şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Səbuhi Əhmədovun “Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət rəmzləri və müasir dövr” və FHN-in Akademiyasının rəisi, general-mayor, texnika üzrə fəlsəfə doktoru, dosent Pənah Süleymanovun “Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdə yeri və əhəmiyyəti” mövzusunda məruzələri dinlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: