www.science.az
16.04.2018 09:20

“Kosmosu mənə göstər” müsabiqəsinin nəticələri açıqlanıb

AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında “Kosmosu mənə göstər” müsabiqəsinin nəticələrinə həsr olunan tədbir keçirilib.

Tədbirdə Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov məktəblilər arasında bu cür müsabiqələrin keçirilməsinin əhəmiyyətindən danışıb. Bildirib ki, uşaq və yeniyetmələrdə astronomiyaya dair dünyagörüşün formalaşdırılması onların gələcək inkişafında mühüm rol oynayacaq.

Sonra Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru, rəsədxananın direktor müavini, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Elçin Babayev çıxış edərək ölkəmizdə elmin inkişafı istiqamətində dövlət siyasətindən, həyata keçirilən layihələrdən bəhs edib. O, respublikamızda digər sahələrdə olduğu kimi elm sahəsində də davamlı inkişafın mövcud olduğunudu deyərək, Elmin İnkişafı Fondu tərəfindən ölkəmizdə elmin inkişafını və təbliğini təmin etmək məqsədilə müxtəlif müsabiqə və layihələrin həyata keçirirldiyini diqqətə çatdırıb.

Azərbaycan Rəssamlar İttifaqının üzvü, rəssam İlham Səfərli tədbir iştirakçılarına 1987-ci ildə Moskva şəhərində yerləşən Kosmonavtların Hazırlaşdırma Mərkəzinin (Ulduz şəhərciyi) sərgi salonunda nümayiş olunmuş əsərləri haqqında məlumat verib.

Tədbirdə Bakı şəhər məktəblərində yerləşən RUGİM-nin Ekoklublarının üzvləri arasında 12 aprel - Kosmonavtika Gününə həsr olunmuş “Kosmosu mənə göstər” müsabiqəsinin videoçarxları nümayiş olunub.

Sonda müsabiqədə fərqlənən 56 məktəbliyə sertifikatlar, həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Kosmosu mənə göstər” kitabı təqdim olunub. Müsabiqədə 1-ci, 2-ci və 3-cü yeri tutan məktəblilər Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin diplomu və “Azərkosmos” ASC-nin hədiyyələri ilə mükafatlandırılıblar.

Qeyd edək ki, müsabiqə Şamaxı Astrofizika Rəsədxanası, Respublika Uşaq–Gənclər İnkişaf Mərkəzi, Elmin İnkişafı Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Tusi-Bohm Planetariumun birgə təşkilatçılığı ilə reallaşıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.