Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Birinci vitse-prezident Mehriban Əliyeva gənc ixtiraçılarla görüşüb
13.04.2018 14:30
  • A-
  • A
  • A+

Birinci vitse-prezident Mehriban Əliyeva gənc ixtiraçılarla görüşüb

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva gənc azərbaycanlı ixtiraçılar - dünyada şöhrət qazanmış "Reynerci" (Rainergy) startapının təsisçiləri Reyhan Camalova və Zəhra Qasımzadə ilə görüşüb.

Görüşdə 15 yaşlı ixtiraçılar öz layihələri və gələcək planları barədə geniş məlumat veriblər. Bildiriblər ki, onların icad etdikləri yağış sularını elektrik enerjisinə çevirən "Reynerci" qurğusu gələcəkdə alternativ enerji mənbələrinin inkişafında geniş imkanlar aça bilər.

Birinci vitse-prezident Mehriban Əliyeva bildirib ki, Azərbaycanda bu cür gənc istedadların olması onu hədsiz dərəcədə ruhlandırır və sevindirir. O, ölkəmizdə bu cür gənc nəslin formalaşması ilə fəxr etdiyini vurğulayaraq, dövlət tərəfindən onların layihəsinə lazımi dəstəyin göstəriləcəyini, ümumiyyətlə, gənc istedadlara və kiçik startaplara daim diqqət yetiriləcəyini qeyd edib.

Xatırladaq ki, “İstək” Liseyinin 9-cu sinif şagirdləri Reyhan və Zəhra tərəfindən birgə ixtira edilmiş "Reynerci" qurğusu Hindistanda keçirilən Qlobal Sahibkarlıq Sammitində böyük marağa səbəb olub, ABŞ Prezidentinin müşaviri İvanka Tramp tərəfindən xüsusi qeyd edilib. "Rainergy" adlandırılan bu layihə “Climatelaunchpad” yarışmasının Azərbaycan finalında “Tamaşaçıların ən sevimli startapı” adına layiq görülüb. Reyhan Camalovanın sözügedən yarışmada iştirakına AMEA-nın Yüksək Texnologiyalar Parkı sponsorluq edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: