Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Coğrafiya İnstitutunda torpaqşünas alimin xatirəsinə həsr olunan tədbir keçirilib
10.04.2018 13:31
  • A-
  • A
  • A+

Coğrafiya İnstitutunda torpaqşünas alimin xatirəsinə həsr olunan tədbir keçirilib

AMEA-nın Coğrafiya İnstitutunda torpaqşünas alim, kənd təsərrüfatı elmləri namizədi Səyyaf Xəlilovun anadan olmasının 80 illiyinə həsr olunan tədbir keçirilib.

Tədbirdə Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov alimin zəngin elmi fəaliyyəti barədə məlumat verib. Qeyd edib ki, S.Xəlilovun əldə etdiyi elmi nəticələr, Azərbaycanın ayrı-ayrı bölgələrinə aid tərtib etdiyi xəritələr respublikada torpaqların mühafizəsi və istifadəsi istiqamətində mühüm rol oynayıb. Tədqiqatçı alim əsasən iqlimin dəyişməsi və antropogen amillərin fəaliyyəti nəticəsində torpaqlarda baş verən genetik dəyişiklikləri öyrənib.

Sonra institutun Azərbaycanın torpaq ehtiyatları şöbəsinin müdiri, a.ü.f.d. İsmayıl Quliyev çıxış edərək S.Xəlilovun həyat və fəaliyyətinə dair məruzə edib. Bildirib ki, alimin apardığı elmi-tədqiqat işləri torpaqların morfogenetik pozulmaları,  torpaq-bitki arasında qarşılıqlı əlaqə, antropogen təsirin qiymətləndirilməsinə həsr olunub. O, bu sahədə 60-dan artıq elmi məqalənin, eyni zamanda, iki monoqrafiyanın müəllifi olub.

Tədbirdə aqrar üzrə fəlsəfə doktorları Hafiz Yaqubov, Tahirə Salmanova, Vilayət Həsənov, coğrafiya üzrə elmlər doktoru Rənabəyim Qaşqay və başqaları görkəmli alim Səyyaf Xəlilovun Azərbaycan elminə verdiyi böyük töhfələrdən danışıblar.

Sonda alimin qızı Xatirə Xəlilova çıxış edərək atasının xatirəsinə göstərilən diqqət və ehtirama görə tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: