Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

“Azərbaycanın multikultural mühitinə təhdidlər: erməni vandalizmi və soyqırımı siyasəti – son 100 il” adlı konfrans keçirilib
30.03.2018 12:19
  • A-
  • A
  • A+

“Azərbaycanın multikultural mühitinə təhdidlər: erməni vandalizmi və soyqırımı siyasəti – son 100 il” adlı konfrans keçirilib

Martın 29-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və AMEA-nın Tarix İnstitutunun birgə təşkilatçılığı ilə “Azərbaycanın multikultural mühitinə təhdidlər: erməni vandalizmi və soyqırımı siyasəti – son 100 il” adlı konfrans keçirilib.

Konfransın əvvəlində ermənilərin törətdikləri soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu cür konfransların keçirilməsinin soyqırımı cinayətlərini törədənlərin ifşa olunması və ictimaiyyətin geniş məlumatlandırılması baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib. O, Azərbaycanın dövlət müstəqilliyini bərpa etdikdən sonra ermənilərin xalqımıza qarşı işğalçılıq və soyqırımı cinayətlərini araşdırmağın, əsl həqiqətləri dünyaya bəyan etməyin mümkün olduğunu deyib.

Komitə sədri ulu öndər Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanı ilə ilk dəfə bu qanlı hadisəyə siyasi və hüquqi qiymət verildiyini diqqətə çatdırıb.

Sonra çıxış edən AMEA-nın Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov tarixin müxtəlif dövrlərində xalqımıza qarşı törədilən soyqırımı faktları barədə danışıb, ermənilərin məkrli siyasətinin ifşa olunmasında ümummilli lider Heydər Əliyevin xüsusi rolunun olduğunu bildirib. O, ulu öndər Heydər Əliyevin son 200 ilin tarixinin yenidən araşdırılması barədə verdiyi göstəriş əsasında Tarix İnstitutunun əməkdaşları tərəfindən dünyanın müxtəlif ölkələrinin arxivlərində aparılan araşdırmaların nəticəsində XX əsrin əvvəllərindən başlayaraq ermənilər tərəfindən xalqımıza qarşı aparılan etnik təmizləmə siyasəti, azərbaycanlıların erməni silahlı dəstələri tərəfindən qətliamlara məruz qalması, dini və tarixi abidələrin, məktəblərin, məscidlərin və qəbiristanlıqların dağıdılması faktlarının sənədlərlə sübuta yetirildiyini deyib.

Tədbirdə Milli Məclisin deputatı Elman Nəsirov, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Qəmərxanım Cavadlı, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının nümayəndəsi Konstantin Pominov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Analitika şöbəsinin müdiri Rəşad İlyasov, Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev və başqaları erməni millətçilərinin təcavüzkar siyasəti nəticəsində təkcə XX əsrdə azərbaycanlıların dəfələrlə soyqırımına və etnik təmizləmələrə məruz qaldıqlarını vurğulayıblar.

 

Diqqətə çatdırılıb ki, 1918-ci il martın 31-də törədilmiş qətliamlar Azərbaycan xalqının qan yaddaşında ən faciəli hadisələrdən biri kimi qalıb. Faciə ilə əlaqədar hər il Azərbaycanda və dünyanın bir çox dövlətlərində soyqırımı ilə əlaqədar müxtəlif anım mərasimləri keçirilir, erməni şovinizminin və qəddarlığının bütün qanlı əməlləri pislənilir. Hazırda müstəqil Azərbaycan dövlətinin yürütdüyü xarici siyasət ermənilərin “böyük Ermənistan” xülyasını darmadağın edir. 

Sonra Tarix İnstitutunun elmi katibi, tarix üzrə fəlsəfə doktoru İradə Əliyeva, institutun Qarabağ tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Gültəkin Nəcəfli, Azərbaycanın sovet tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru İlqar Niftəliyev özündə tarixi faktları əks etdirən təqdimatlarla çıxış ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: