www.science.az
29.03.2018 16:09

1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyinə həsr olunan tədbir keçirilib

Bu gün AMEA-nın Əsas binasında Gənc Alim və Mütəxəssislər Şurası tərəfindən 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyinə həsr olunan tədbir keçirilib.

Tədbirdə Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov xalqımızın tarixində qəhrəmanlıq səhifələri ilə yanaşı, acı və kədərli məqamların da olduğunu vurğulayıb. Qeyd edilib ki, 1918-ci ilin martında və aprelində Bakı, Şamaxı, Quba, Lənkəran, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə ermənilər tərəfindən törədilmiş qırğınlar miqyası və coğrafiyasına görə tariximizin ən ağrılı və faciəli səhifələrindəndir. Quba soyqırımı məzarlığı ermənilərin 1918-ci ildə törətdikləri qırğınların əyani sübutudur.

F.Salmanov ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə bu qanlı hadisəyə siyasi və hüquqi qiymət verildiyini diqqətə çatdırıb. O, ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Martın 31-nin Azərbaycanlıların Soyqırımı Günü elan edilməsi haqqında” Fərmanın və Prezident İlham Əliyevin 30 dekabr 2009-cu ildə imzaladığı “Quba şəhərində “Soyqırım Memorial Kompleksi”nin yaradılması haqqında” Sərəncamın bu tarixi hadisənin ictimailəşdirilməsində dönüş nöqtəsi olduğunu vurğulayıb.

Şura sədri çıxışının sonunda 1918-ci ilin mart hadisələrinin tarixi kökləri, xarakteri və miqyası barədə məlumat verərək, Azərbaycan həqiqətlərinin beynəlxalq aləmdə təbliği istiqamətində gənclərin rolunu vurğulayıb.

Tədbirdə Hüquq və İnsan Haqları İnstitutunun aparıcı elmi işçisi, hüquq üzrə fəlsəfə doktoru Araz Qadımalıyev, Elm Tarixi İnstitutunun elmi katibi, siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur ƏliyevTarix İnstitutunun elmi işçisi Nərmin Xanməmmədova və başqaları çıxış edərək ermənilərin xalqımıza qarşı hər zaman təcavüzkar və riyakar siyasət yürütdüklərini, 31 mart soyqırımında on minlərlə insanın qətlə yetirildiyini söyləyiblər. Qeyd edilib ki, tariximizin öyrənilməsi, gənclərin maarifləndirilməsi və gələcəkdə bu cür vəhşiliklərin qarşısının alınması üçün güclü gənclik formalaşdırılmalıdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.