www.science.az
28.03.2018 14:58

Fəlsəfə İnstitutunda italiyalı alimlə görüş keçirilib

AMEA-nın Fəlsəfə İnstitutunda “Qafqazdan Apenninədək. Azərbaycanlılar İtaliyanın müqavimət hərəkatında” kitabının müəllifi, italiyalı professor Mixail Talalay və İkinci Dünya Müharibəsində İtaliyada partizan hərəkatında döyüşmüş Mirzə Mirzəyevin oğlu Aqustino Mirzəyevlə görüş keçirilib.

Tədbirdə institutun direktoru, fəlsəfə üzrə elmlər doktoru, professor İlham Məmmədzadə çıxış edərək soydaşlarımızın İkinci Dünya Müharibəsində faşizm üzərində qələbə əldə olunmasında misilsiz rol oynadıqlarını bildirib. Qeyd edib ki, həmin dövrdə 600 mindən çox azərbaycanlı müharibəyə yollanıb, həmçinin Bakı nefti vasitəsilə cəbhənin benzin və sürtkü yağlarına olan ehtiyacı təmin olunub.

Alim İkinci Dünya Müharibəsində soydaşlarımızın Avropada partizan hərəkatında fəal iştirak etdiyini, azərbaycanlıların İtaliya, Fransa, Polşa və digər ölkələrdə faşistlərə qarşı müqavimət hərəkatı yaratdıqlarını söyləyib. O, bu hərəkatda Mehdi Hüseynov, Məmməd Bağırov, Əli Babayev və digərlərinin xüsusi fərqləndiyini söyləyərək, 300-dən çox azərbaycanlı döyüşçünün İtaliyanın faşistlərdən təmizlənməsində göstərdiyi şücaətdən danışıb.

Sonra M.Talalay çıxış edərək müəllifi olduğu kitab barədə iştirakçılara məlumat verib. Bildirib ki, nəşrdə azərbaycanlı partizanların qəhrəmanlıqları həmin dövrə aid müxtəlif foto və arxiv sənədləri əsasında əksini tapıb. O, 1943-cü ildə faşist düşərgəsindən qaçan həmyerlilərimizin partizanlara qoşulduğunu, bəzilərinin isə Avstriyadakı əsir düşərgəsindən İtaliyaya keçdiyini deyib. Alim soydaşlarımızın faşistlərə qarşı qəhrəmanlıqla vuruşduğunu və onların hər zaman İtaliya xalqının qəlbində yaşayacağını bildirib.

M.Talalay kitabda, həmçinin İkinci Dünya Müharibəsi zamanı İtaliya müqavimət hərəkatının iştirakçısı olan azərbaycanlı Nuru Əliyevlə partizan həyat yoldaşı Cina Neqrinin münasibətlərinin əksini tapdığını da vurğulayıb.

Daha sonra azərbaycanlı partizan Mirzə Mirzəyevin oğlu Aqustino Mirzəyev, Fəlsəfə İnstitutunun elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru İlham Abbasov və digərləri çıxış edərək azərbaycanlıların İkinci Dünya Müharibəsində fədakar əməyi ilə düşmən üzərində qələbə naminə misilsiz rəşadətlər göstərdiyini bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.