Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Son illər Qarabağ bölgəsində aparılan arxeoloji tədqiqatlar zamanı mühüm nəticələr əldə olunub
16.03.2018 10:11
  • A-
  • A
  • A+

Son illər Qarabağ bölgəsində aparılan arxeoloji tədqiqatlar zamanı mühüm nəticələr əldə olunub

Son 10 ildə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən Qarabağda bir sıra arxeoloji tədqiqatlar aparılıb və mühüm nəticələr əldə olunub.

Belə ki, 2008-ci ildə institut tərəfindən təşkil edilən Qarabağ arxeoloji ekspedisiyası Ağdam rayonunun işğaldan kənarda qalmış ərazisində, onunla həmsərhəd olan Ağcabədi, Bərdə və Tərtər rayonlarında kəşfiyyat-axtarış işləri apararaq, bir sıra yeni abidələr qeydiyyata alıb. Sözügedən ekspedisiya 2009-cu ildən Ağdam rayonunun cəbhə xəttində yerləşən Mirəşelli kəndi yaxınlığındakı Palıdlı nekropolunda arxeoloji qazıntı işləri həyata keçirir. Burada e.ə. XII-XI əsrlərə aid 36 torpaq qəbir tədqiq edilir. Qeyd edək ki, Qarabağda bəhs olunan dövrə aid bu tip qəbir abidələrinə ilk dəfə təsadüf olunur. Xocalı-Gədəbəy mədəniyyətinə aid tapıntılar nekropolda müxtəlif sosial təbəqədən olan insanların dəfn edildiyini, Son Tunc və İlk Dəmir dövründə Qarabağda davamlı yaşayış olduğunu, bir çox sənətkarlıq sahələrinin, o cümlədən dulusçuluğun yüksək inkişafını göstərir.

Neolit-eneolit dövrü ilə bağlı yeni araşdırmalar sırasında Azərbaycan-Almaniya beynəlxalq arxeoloji ekspedisiyasının düzən Qarabağda - Ağcabədi rayonu ərazisində yerləşən Kamiltəpə yaşayış məskənində apardığı tədqiqatlar xüsusi yer tutur. Burada son Neolit dövrünə, təxminən 7,5-8 min il əvvələ aid çiy kərpicdən inşa olunmuş mürəkkəb quruluşlu tikili qalıqları açılıb. Arxeoloji qazıntı işləri ilə yanaşı, ekspedisiya bölgədəki abidələrin qeydə alınması və xəritələşdirilməsi istiqamətində də iş aparıb. Bu ərazidə xronoloji baxımdan Neolit dövründən Orta əsrlərə qədərki geniş tarixi mərhələni əhatə edən 180-ə yaxın abidənin koordinatları müəyyən edilib, ilkin məlumat və yerüstü materiallar toplanıb, bəzi abidələrdə isə yoxlama şurfları qoyulub. 

Mil-Qarabağ ekspedisiyasının Qalatəpə dəstəsi 2008-ci ildən Ağcabədi rayonu ərazisində, Qarqarçayın sağ sahilində yerləşən Qalatəpə şəhər məskənini tədqiq edir. Bu abidə Azərbaycanın qədim dövlətlərindən olan Albaniyanın Uti vilayətində mövcud olmuş mühüm bir şəhər yerinin qalığı kimi böyük əhəmiyyətə malikdir. Araşdırmalar abidənin əsasən iki təbəqədən (Antik və Orta əsrlər) ibarət olduğunu göstərir. Şəhər yerinin yaxınlığındakı antik nekropolda 14 küp və 3 torpaq qəbir açılıb öyrənilib.

2010-cu ildə institutun tərkibində fəaliyyətə başlayan Qarabağ Neolit-Eneolit ekspedisiyasının apardığı tədqiqatlar nəticəsində bölgənin arxeoloji abidələrinin, ilk növbədə Neolit və Eneolit dövrü abidələrinin “Məlumat bazası” yaradılıb, “Qarabağın arxeoloji abidələr toplusu”nun birinci cildi hazırlanaraq nəşr edilib. Ekspedisiya Ağdam rayonu ərazisindəki Əhədtəpə, Kəlbə Hüseyntəpə, Şomulutəpə, Çardaxlıtəpə, İsmayılbəytəpə yaşayış yerlərində arxeoloji qazıntı işlərini ardıcıl davam etdirib. Bu abidələrin tədqiqi nəticəsində nəinki Azərbaycanın, bütövlükdə regionun Neolit və Eneolit dövrü problem məsələlərinin öyrənilməsi üçün zəngin maddi artefaktlar aşkar edilib.

Arxeologiya və Etnoqrafiya İnstitutunun təşkil etdiyi xüsusi dəstə 2013-2017-ci illərdə Qarabağın dağlıq hissəsində – Xocavənd rayonu ərazisində yerləşən çoxtəbəqəli Nərgiztəpə yaşayış yerində tədqiqatlar aparıb. Araşdırmalar göstərir ki, bu abidə qədim Azərbaycan dövləti olan Albaniyanın həm Antik, həm də Erkən Orta əsrlər tarixinin öyrənilməsində mühüm əhəmiyyət kəsb edir. Strateji əhəmiyyətli ərazidə aparılan ilkin tədqiqatların nəticələri bu yaxınlarda nəşr olunmuş “Qarabağda Nərgiztəpə arxeoloji abidələr kompleksi” adlı əsərdə və 10-a yaxın məqalədə öz əksini tapıb.

Bərdə arxeoloji ekspedisiyası isə son illər Bərdə şəhərinin 5 kilometrliyində yerləşən Şortəpə və Balatəpə adlı abidələrdə tədqiqat aparır. Şortəpə yaşayış məskəni əsasən Antik və İlk Orta əsrlər dövrünü, Balatəpə abidəsi isə Erkən Tunc dövründən Antik dövrə qədərki böyük bir tarixi mərhələni əhatə edir. 

Həmçinin institut Qarabağ abidələrinin tədqiqi ilə bağlı bir sıra müştərək layihələr həyata keçirib. 2009-2015-ci illərdə Azərbaycan arxeoloqları Almaniyadan olan mütəxəssislərlə birgə “Qədim Kür” beynəlxalq layıhəsi çərçivəsində Mil-Qarabağ bölgəsində kompleks tədqiqatlar aparıblar. 2011-ci ildən Mədəniyyət və Turizm Nazirliyinin “Azərbərpa” Elmi-Tədqiqat İnstitutu ilə birgə Füzuli rayonu ərazisində yerləşən Şeyx Babı xanəgahında arxeoloji qazıntı, bərpa-konservasiya işlərini həyata keçirilib. İnstitutun bir qrup əməkdaşı tərəfindən hazırlanan “Dağlıq Qarabağda Nərgiztəpə arxeoloji abidələr kompleksi” adlı layihə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun beynəlxalq xarakterli 2-ci “Şuşa qrantı” müsabiqəsinin qalibi olub.

Son 10 ildə Azərbaycan alimlərinin Qarabağ abidələrində apardığı qazıntılar zamanı külli miqdarda maddi-mədəniyyət nümunələri əldə edilib. Bu materiallar bir sıra yeni əsərlərin yaranması, ayrı-ayrı dövrlərə aid bir neçə dissertasiya mövzusunun işlənib hazırlanması üçün əsas olub.

Arxeologiya və Etnoqrafiya İnstitutu Qarabağ abidələrində aparılan tədqiqatlarla bağlı nəticələri beynəlxalq elmi ictimaiyyətə çatdırmaq üçün kompleks tədbirlər həyata keçirir. Bu ilin sonunda Azərbaycanın görkəmli alimi Məmmədəli Hüseynov tərəfindən Azıx mağarasından azıxantropun alt çənə sümüyünü tapılmasının 50 illiyinə həsr olunmuş beynəlxalq simpoziumun keçirilməsi nəzərdə tutulur. Dünyanın məşhur paleolitşünas alimlərinin Bakıda keçiriləcək bu tədbirdə iştirakı gözlənilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: