Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azıxantropun çənə sümüyünün tapılmasının 50 illiyinə həsr olunan konfransla bağlı hazırlıqlar müzakirə edilib
15.03.2018 11:30
  • A-
  • A
  • A+

Azıxantropun çənə sümüyünün tapılmasının 50 illiyinə həsr olunan konfransla bağlı hazırlıqlar müzakirə edilib

Qarabağda dünya şöhrətli Azıx paleolit düşərgəsindən nadir ibtidai insan qalığının tapılmasının 50 illiyinə həsr olunan beynəlxalq elmi konfransla bağlı hazırlıqlar müzakirə edilib.

Müzakirələrdə AMEA-nın vitse-prezidenti akademik İsa Həbibbəyli, Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru, professor Maisə Rəhimova, akademik Teymur Bünyadov və müəssisənin Daş dövrü arxeologiyası şöbəsinin müdiri, tarix elmləri doktoru Əsədulla Cəfərov iştirak ediblər.

Azərbaycan ərazisində daş dövrü abidələrinin tədqiqi ilə əlaqədar görülən işlər haqqında məlumat verən Ə.Cəfərov qeyd edib ki, bu istiqamətdə “Azıx dünya arxeologiyası” adlı monoqrafiya hazırlanıb. O, monoqrafiyada Azıx düşərgəsində tapılmış Quruçay, qədim aşel, orta aşel, son aşel və mustye mədəniyyətlərinin xarakterik cəhətləri, Azıx paleolit düşərgəsinin dünya arxeologiyasında yeri və digər xüsusiyyətlərin geniş şərh olunduğunu söyləyib.

Monoqrafiyada eyni zamanda Qarabağın və o cümlədən Azıx paleolit düşərgəsinin tarixini saxtalaşdırmağa cəhd edən erməni müəlliflərin əsassız fikirləri arxeoloji və tarixi faktlar əsasında təkzib olunub.

Görüşdə Azıx insanının çənə sümüyünün tapılmasının 50 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfransla bağlı təkliflərin hazırlanıb institutun Elmi Şurasında müzakirə olunması qərara alınıb.

Qeyd edək ki, Azıx mağara kompleksi 1960-cı ildə arxeoloq Məmmədəli Hüseynovun rəhbərlik etdiyi AMEA-nın Paleolit arxeoloji ekspedisiyası tərəfindən Füzuli rayonunun Azıx və Salaketin kəndləri arasında aşkar edilib. 1968-ci ilin iyununda ekspedisiya Azıx düşərgəsinin V təbəqəsinin IV horizontunda apardığı arxeoloji qazıntılar zamanı bir neçə daş məmulatı ilə birlikdə ibtidai insana məxsus çənə aşkar edib. Professor Dəmir Hacıyev tərəfdən tədqiq edilmiş çənə ibtidai insanların pre-neandertalın yeni bir tipinin vaxtilə mövcud olduğunu göstərib. Bu ibtidai hominid tipi elmi dövriyyəyə “azıxantrop” adı ilə daxil edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: