Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

15.03.2018 16:02
  • A-
  • A
  • A+

Naxçıvan Bölməsində yeni nəşrlərin təqdimatı keçirilib

Naxçıvan Bölməsində yeni nəşrlərin təqdimatı keçirilib

AMEA Naxçıvan Bölməsində Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrant layihəsi çərçivəsində çap olunan “Böyük güclərin Azərbaycanla bağlı geosiyasi maraqlarında Naxçıvanın yeri”, “I Kültəpə və onun ətrafında arxeoloji araşdırmalar” və “Naxçıvan uşaq folklorundan örnəklər” adlı fundamental kitab və monoqrafiyaların təqdimatı olub.

Bu münasibətilə keçirilən tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev ölkəmizdə elmin, təhsilin inkişafına göstərilən diqqət və qayğıdan danışıb. O, müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, ümummilli lider Heydər Əliyevin 7 avqust 2002-ci il tarixli sərəncamı ilə yaradılan AMEA Naxçıvan Bölməsində 15 ildən artıqdır ki, elmin bütün sahələri üzrə ardıcıl və sistemli tədqiqatların aparıldığını bildirib. O, bölmədə ümumiləşdirici fundamental kitabların çap olunduğunu, elmi-tədqiqat işlərinin nəticələrinin respublika və beynəlxalq səviyyəli elmi nəşrlərdə işıq üzü gördüyünü diqqətə çatdırıb.

2011-ci ildən etibarən bölmə əməkdaşlarının elmin müxtəlif istiqamətləri üzrə 20 beynəlxalq və respublika səviyyəli qrant layihələrində qalib gəldiyini xatırladan İ.Hacıyev layihənin yekunu olaraq 3 kitabın ərsəyə gəldiyini və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən çap olunduğunu bildirib.

Daha sonra o, ölkədə müxtəlif elm sahələrində aparılan elmi-tədqiqatları dəstəkləmək məqsədilə Elmin İnkişafı Fondu tərəfindən elan olunan qrant müsabiqələri barədə məlumat verib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişaf Fondunun  icraçı direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Elçin Babayev rəhbərlik etdiyi qurumda qrant müsabiqələrinə təqdim edilən fundamental və tətbiqi xarakterli elmi-tədqiqatlardan danışıb. İctimaiyyətə təqdim olunan nəşrlərin əhəmiyyətindən, müasir dövr üçün aktuallığından söz açan alim yeni kitabların çapdan çıxması münasibətilə müəllifləri təbrik edib.

Mərasimdə bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli “Böyük güclərin Azərbaycanla bağlı geosiyasi maraqlarında Naxçıvanın yeri”, həmin institutun Arxeoloji xidmət şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Zeynəb Quliyeva “I Kültəpə və onun ətrafındakı arxeoloji abidələrin tariximizin öyrənilməsi üçün əhəmiyyəti” və İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev “Naxçıvan uşaq folklorunun öyrənilməsində dəyərli bir töhfə” mövzusunda məruzələrlə çıxış ediblər.

Bildirilib ki, yeni nəşrlər dəyərli elmi əsərlər olmaqla yanaşı, müəlliflər tərəfindən aparılan çoxsaylı tədqiqatların nəticələrini özündə əks etdirib. Belə ki, akademik İsmayıl Hacıyev, tarix üzrə fəlsəfə doktorları Emin Şıxəliyev, Elman Cəfərli və Mehman Şabanovun həmmüəllifi olduqları “Böyük güclərin Azərbaycanla bağlı geosiyasi maraqlarında Naxçıvanın yeri” adlı monoqrafiyada Böyük Britaniya, Rusiya, Türkiyə və Azərbaycanın arxiv mənbələri və müxtəlif dillərdə nəşr edilmiş ədəbiyyat materialları əsasında böyük dövlətlərin Cənubi Qafqaz siyasətində Azərbaycan, eləcə də Naxçıvanın yeri kimi məsələlər araşdırılıb. Bu mənbələrin bir qismi elmi dövriyyəyə ilk dəfə gətirilib.

Diqqətə çatdırılıb ki, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin 3 dildə (Azərbaycan, rus, ingilis) hazırladığı “I Kültəpə və onun ətrafında arxeoloji araşdırmalar” adlı monoqrafiyada isə 2013-2014-cü illərdə I Kültəpə yaşayış yeri və onun ətrafında aşkar olunan yeni arxeoloji abidələr haqqında məlumat verilib. Filologiya üzrə fəlsəfə doktoru Əkrəm Hüseynzadə, mərhum folklorşünas alim Rafiq Babayev və Şölə Əliyevanın həmmüəllifi olduqları “Naxçıvan uşaq folklorundan örnəklər” adlı kitabda isə muxtar respublikada folklor nümunələrinin toplanılması, nəşri və təbliği istiqamətindəki tədbirlərdən bəhs olunur. Qeyd olunub ki, Naxçıvan bölgəsinə məxsus uşaq folkloru örnəkləri ilk dəfə toplu şəklində təqdim olunur.

Tədbirdə Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru İlhami Əliyev, həmin institutun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Asəf Orucov və İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Elxan Məmmədov çıxış edərək kitablar haqqında fikirlərini bölüşüb, müəlliflərin zəhmətini yüksək dəyərləndiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: