Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Müstəqillik illərində Qarabağda arxeoloji tədqiqatlar
15.03.2018 09:45
  • A-
  • A
  • A+

Müstəqillik illərində Qarabağda arxeoloji tədqiqatlar

Azərbaycanın zəngin təbiətə malik Qarabağ bölgəsi qədim dövrlərdən insanların məskunlaşdığı ərazilərdən olmuşdur. Burada minilliklər boyu bir-birini əvəz edən mədəniyyətlərin, dövlətlərin izlərini yaşadan çoxlu abidə mövcuddur. Azərbaycan ərazisində ilk arxeoloji tədqiqatlar da məhz Qarabağdan başlanıb. Təəssüf ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Ermənistan silahlı qüvvələri tərəfindən bu qədim diyarımızın xeyli hissəsinin zəbt edilməsi ilə buradakı tarixi, arxeoloji abidələrimiz də işğal altında qalmışdır.

Qarabağda, Füzuli rayonu yaxınlığındakı Quruçay dərəsində aşkar olunmuş paleolit dövrünə aid Azıx mağara düşərgəsində Məmmədəli Hüseynovun rəhbərliyi ilə aparılan ardıcıl arxeoloji tədqiqatlar Azərbaycan ərazisində ibtidai insanların hələ iki milyon il bundan əvvəl məskunlaşdığını sübut etmişdir. Arxeoloq alimlərimizdən İdeal Nərimanov, Qüdrət İsmayılzadə, Rəşid Göyüşov, Hidayət Cəfərov, Əsədulla Cəfərov, Arif Məmmədov, Təvəkkül Əliyev uzun illər boyu Qarabağda tədqiqatlar aparmışlar. Bu tədqiqatlar nəticəsində Neolit, Eneolit, Tunc, İlk Dəmir, Antik və Orta əsrlərə aid yüzlərlə abidə qeydə alınmış, arxeoloji araşdırmalarla tariximizin bir çox qaranlıq səhifələri işıqlandırılmışdır.

Obyektiv səbəblərə görə XX əsrin 90-cı illəri və XXI əsrin ilk illərindəki fasilədən sonra Qarabağ bölgəsində arxeoloji araşdırmalar son illərdə yenidən canlanmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı 5 fevral 2008-ci il və 26 aprel 2012-ci il tarixli sərəncamlar Azərbaycan arxeologiyasının, o cümlədən Qarabağın arxeoloji baxımdan öyrənilməsinin yeni inkişaf mərhələsinə qədəm qoymasına zəmin yaratmışdır.

2008-ci ildə yaradılmış “Qarabağ” arxeoloji ekspedisiyası və 2010-cu ildə yaradılmış “Qarabağ Neolit-Eneolit ekspedisiyası”nın qarşısına qoyulmuş əsas vəzifə Qarabağ bölgəsinin arxeoloji abidələrinin, ilk növbədə isə Neolit və Eneolit dövrü abidələrinin elektron qeydiyyatının həyata keçirilərək xəritələşdirilməsi, bu abidələrin “Məlumat bazası”nın yaradılması idi.

Ekspedisiya hələ XX əsrin 50-80-ci illərində aşkar edilərək elmi dövriyyəyə daxil edilmiş abidələrlə yanaşı, bir sıra yeni abidələri qeydə almışdır. Yeni abidələrdə kəşfiyyat və artıq məlum olan abidələrin monitorinqi Ağdam rayonunun işğaldan kənarda qalmış ərazisini, onunla həmsərhəd olan Ağcabədi, Bərdə və Tərtər rayonlarının bir hissəsini əhatə etmişdir.

2012-2013-cü illərdə Qarabağ düzənliyində mövcud olan arxeoloji abidələrin elektron qeydiyyatı və xəritələşdirilməsi işinin nəticəsi olaraq Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun ayırdığı qrant çərçivəsində “Qarabağın arxeoloji abidələri xəritəsi” tərtib edilmişdir. Mövcudluğu dəqiqləşdirilmiş 170-ə yaxın abidədən 125-nin erkən əkinçi-maldar tayfalara aid yaşayış yerləri olması müəyyən edilmişdir. Bunların əsasında “Qarabağın arxeoloji abidələr toplusu”nun birinci cildi hazırlanaraq nəşr edilmişdir. Bu cild 2010-2013-cü illərdə Qarabağ düzənliyi ərazisində aparılan arxeoloji kəşfiyyat işləri nəticəsində əvvəldən də məlum və yeni aşkarlanan abidələrin xəritələşdirilməsi işinin təkmilləşdirilməsinə, vahid “Coğrafi məlumat bazası”nın yaradılmasına imkan vermişdir.

Qarabağın erkən əkinçi-maldar tayfalarına məxsus Eneolit dövrü yaşayış yerlərində stasionar arxeoloji qazıntı işləri aparılır. 2009-cu ildən Ağdam rayonu ərazisindəki Əhədtəpə, Kəlbə Hüseyntəpə, Şomulutəpə, Çardaxlıtəpə, habelə, İsmayılbəytəpə yaşayış yerlərində arxeoloji qazıntı işlərinə start verilmişdir. Bu abidələrin öyrənilməsi ilə nəinki Azərbaycanın, ümumilikdə Qafqazın Neolit və Eneolit dövrünün problem məsələlərinin öyrənilməsi üçün zəngin maddi artefaktlar aşkar edilmişdir.

Qafqaz arxeologiyasında vaxtilə görkəmli alim İdeal Nərimanov tərəfindən kəşf edilən Leylatəpə mədəniyyətinin araşdırılması gündəmdə duran prioritet istiqamətlərdəndir. Yeni aşkar olunmuş abidələrlə bu mədəniyyətin Azərbaycanda yayılma arealı nəzərə çarpacaq dərəcədə genişlənmiş, xronoloji dövrləşməsi ilə bağlı yeni fikirlər irəli sürülmüşdür. Son dövrdəki axtarışlarla bu tip abidələrin say tərkibi artmışdır. Artıq məlumdur ki, Cənubi Qafqazda Leylatəpə mədəniyyəti abidələrinin çox hissəsi – bütövlükdə  üçdə ikisi Azərbaycanın payına düşür. Son vaxtlar Qarabağda araşdırılmasına başlanan bu dövr mədəniyyət abidələri sırasında Fərmantəpə yaşayış yeri diqqəti cəlb edir.

Neolit-enolit dövrü ilə bağlı yeni araşdırmalar sırasında Azərbaycan – Almaniya beynəlxalq arxeoloji ekspedisiyasının düzən Qarabağda – Ağcabədi rayonu ərazisində yerləşən Kamiltəpə yaşayış məskənində apardığı tədqiqatlar xüsusi yer tutur. Burada son Neolit dövrünə – təxminən 8 min il əvvələ aid çiy kərpicdən mürəkkəb quruluşlu tikili qalıqları açılmışdır.

Azərbaycan–Almaniya beynəlxalq ekspedisiyası Mil-Qarabağ düzündəki abidələrin qeydə alınması və xəritələşdirilməsi istiqamətində də işlər aparır. Burada xronoloji baxımdan Neolit dövründən orta əsrlərə qədərki geniş tarixi mərhələni əhatə edən 180-ə yaxın abidənin koordinatları müəyyən edilmiş, yerüstü materiallar toplanmış, bəzi abidələrdə isə yoxlama şurfları qoyulmuşdur.

Arxeologiya və Etnoqrafiya İnstitutunun təşkil etdiyi xüsusi dəstə 2013-cü ildən Qarabağın dağlıq hissəsində – Xocavənd rayonu ərazisində yerləşən, hələ XX əsrin 50-ci illərində tanınmış alim A.A.İyesse tərəfindən qeydə alınan çoxtəbəqəli Nərgiztəpə yaşayış yerində tədqiqatlar aparılır. İlkin araşdırmalar göstərir ki, bu çoxtəbəqəli abidə orta tunc dövründən başlamış qədim Azərbaycan dövləti olan Albaniyanın həm Antik, həm də Erkən Orta əsrlər tarixinin öyrənilməsində mühüm əhəmiyyət kəsb edir.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun “Qarabağ arxeoloji ekspedisiyası” 2009-cu ildən Ağdam rayonunun cəbhə xəttində yerləşən Mirəşelli kəndi yaxınlığındakı Palıdlı nekropolunda arxeoloji qazıntı işləri aparır. Heç bir yerüstü əlamətə malik olmayan nekropolda e.ə. XII-XI əsrlərə aid 36 torpaq qəbir tədqiq edilmişdir. Maraqlıdır ki, Qarabağın ilkin tədqiqatlarından keçən 125 ildən artıq bir dövrdə bu tip qəbir abidələrinə ilk dəfə təsadüf olunur. Artefaktlar zəngin çeşidli keramika nümunələrindən, metal bəzək əşyalarından, tunc və dəmir silahlardan, Yaxın Şərqlə əlaqələri sübut edən nümunələrdən ibarətdir. Tapıntılar Azərbaycanda dəmirdən istifadənin e.ə. XII-XI əsrlərdən başlanmasını sübut edir. Xocalı-Gədəbəy mədəniyyətinə aid tapıntılar nekropolda müxtəlif sosial təbəqədən olan insanların dəfn olunduğunu, qazıntı aparılan ərazidə Son Tunc və İlk Dəmir dövründə davamlı yaşayış olduğunu, sənətkarlığın müxtəlif sahələrinin, dulusçuluğun yüksək inkişafını göstərir. 2016-cı ildə tədqiqatların gedişində nekropolla sinxron dövrə aid eyni adlı yaşayış yeri qeydə alınıb.

Bərdə arxeoloji ekspedisiyası son illər Bərdə şəhərinin 5 kilometrliyində yerləşən Şortəpə və Balatəpə adlı abidələrdə tədqiqatlar aparır. Şortəpə yaşayış məskəni əsasən Antik və İlk Orta əsrlər dövrünü, Balatəpə abidəsi isə Erkən Tunc dövründən Antik dövrə qədərki böyük bir tarixi mərhələni əhatə edir. Balatəpədə möhrə divarın bir hissəsi açılmış, metal qalıqları, dən daşları, gildən zoomorf fiqurlar, buğda qalıqları və s. əldə edilmişdir.

Mil-Qarabağ arxeoloji ekspedisiyasının Qalatəpə dəstəsi 2008-ci ildən Ağcabədi rayonu ərazisində, Qarqarçayın sağ sahilində yerləşən Qalatəpə antik və orta əsr şəhər məskənini tədqiq edir. Burada 500 kvadratmetr sahədə qazıntı işləri aparılmış və 10 metrə yaxın mədəni təbəqə öyrənilmişdir. Araşdırmalar abidənin əsasən iki təbəqədən (Antik və Orta əsrlər) ibarət olduğunu göstərir. Antik təbəqədə hündürlüyü 6 metrə çatan və çiy kərpicdən tikilən mükəmməl istehkam qurğularının, ictimai binaların qalıqları açılmış, antik dövr memarlığı üçün səciyyəvi daş sütun altlığı aşkarlanmışdır.

Qalatəpə Azərbaycanın qədim dövlətlərindən olan Albaniyanın Uti vilayətində mövcud olmuş mühüm bir şəhər məskəni kimi böyük əhəmiyyət kəsb edir. Bu şəhər məskəninin yanındakı Antik nekropolda 15-ə qədər küp və torpaq qəbir öyrənilmişdir.

Arxeologiya və Etnoqrafiya İnstitutu Qarabağ abidələrinin tədqiqi ilə bağlı bir sıra müştərək layihələr həyata keçirmişdir. 2011-ci ildən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin “Azərbərpa” Elmi-Tədqiqat İnstitutu ilə birgə Füzuli rayonu ərazisində yerləşən Şeyx Babı xanəgahında arxeoloji qazıntı, bərpa-konservasiya işləri aparılmışdır. Füzuli arxeoloji ekspedisiyası tərəfindən 2011-2012-ci illərdə təxminən 2700 kvadratmetr sahədə qazıntı işləri aparılmaqla xanəgah kompleksi tamamilə üzə çıxarılmış, onun XIII əsrə aid olduğu müəyyənləşdirilmişdir.

İnstitutun bir qrup əməkdaşı tərəfindən hazırlanan “Dağlıq Qarabağda Nərgiztəpə arxeoloji abidələr kompleksi” adlı layihə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun beynəlxalq xarakterli 2-ci “Şuşa qrantı” müsabiqəsinin qalibi olmuşdur. Layihənin həyata keçirildiyi müddətdə (2014-2015) Xocavənd rayonu ərazisindəki Nərgiztəpə kompleksinə daxil olan abidələrin xarakteri, xronoloji çərçivəsi və regionun digər həmdövr abidələri sırasında yeri müəyyən edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 7 iyul 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına uyğun olaraq həyata keçirilən layihələrdə institutumuzun gənc alimləri fəal iştirak etmişlər. Bu baxımdan, “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi ilə əməkdaşlıq səmərəli olmuşdur: “Qafqaz Albaniyasının xristian abidələri” adlı ingilis dilli sənədli arxeoloji-tarixi film çəkilmişdir.

Arxeologiya və Etnoqrafiya İnstitutunun "Virtual Qarabağ" İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi ilə əməkdaşlığı çərçivəsində hazırlanmış layihələrdən biri də “Qarabağın Dövlət əhəmiyyətli tarixi abidələrinin elektron xəritəsi" olmuşdur. Elektron xəritənin əsas məqsədi interaktiv xəritə üzərində Qarabağda mövcud olan abidələrin GPS koordinatları ilə birlikdə pasportlaşdırılması, abidələrin Azərbaycana məxsusluğunun nümayiş etdirilməsi, gənclərin Qarabağ abidələri haqqında məlumatlılığının artırılmasıdır. Layihə çərçivəsində Qarabağda yerləşən 200-dən çox arxeoloji, tarixi, memarlıq abidəsinin pasportu hazırlanmış, onların GPS koordinatları müəyyən edilmiş və hər bir abidəyə ayrıca tarixi arayış yazılmışdır. Elektron xəritə vasitəsilə Qarabağda olan 120-dən çox memarlıq abidə – mülklər, saraylar, imarətlər, məscidlər, qədim qəbiristanlıqlar, karvansaraylar, hamamlar, kilsələr, monastırlar, qala divarları, qəsrlər haqqında və 80-dən çox arxeoloji abidə – mağaralar, yaşayış məskənləri, qədim və orta əsr şəhərləri, kurqanlar və s. barədə məlumatlar əldə etmək olar.

2008-ci ildən başlayaraq Azərbaycan Respublikası ərazisində aparılan çöl tədqiqatlarının illik nəticələri “Azərbaycanda arxeoloji tədqiqatlar” adlı məcmuələr şəklində nəşr olunur. Hər biri 23-25 çap vərəqi həcmində olan bu toplularda Qarabağ bölgəsində aparılan araşdırmalar da öz geniş əksini tapmışdır. Bundan əlavə institutda ardıcıl olaraq çöl tədqiqatlarının yekunlarına həsr olunan illik sessiyalar keçirilir, onların materialları, o cümlədən Qarabağın arxeoloji abidələri ilə bağlı yeniliklər dərc edilir.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Qarabağ abidələrində aparılan tədqiqatlarla bağlı nəticələri beynəlxalq elmi ictimaiyyətə çatdırmaq üçün kompleks tədbirlər həyata keçirir. Vaxtaşırı ölkəmizdə nüfuzlu əcnəbi tədqiqatçıların iştirakı ilə beynəlxalq konfranslar təşkil olunur. 2010-cu ildə Azıx mağarasının kəşf edilməsinin 50 illiyinə həsr olunmuş “Qarabağ daş dövründə”, 2011-ci ildə “Qafqazın erkən əkinçilik mədəniyyətləri”, 2016-cı ilin sonunda “Qarabağın arxeoloji irsi” mövzusunda keçirilən konfransları buna misal göstərmək olar.

Qarabağ abidələrindən toplanan materiallar Arxeologiya və Etnoqrafiya İnstitutunun nəzdindəki Arxeoloji Fondda mühafizə olunur. Hazırda bu fondda uzun illər Azərbaycan ərazisində aparılan arxeoloji qazıntılar zamanı əldə edilən 500 minə yaxın maddi mədəniyyət qalıqları saxlanılır. fond, eyni zamanda, ölkəmizin müxtəlif bölgələrindəki rayon diyarşünaslıq muzeylərini də yeni materiallarla təmin edir. Bundan başqa, son illərdə Qarabağda aparılan tədqiqatlar nəticəsində aşkar edilən bir çox yeni nümunələrlə Arxeologiya və Etnoqrafiya İnstitutunun İçərişəhərdə yerləşən və ən müasir elmi standartlara cavab verən Elmi Ekspozisiya Muzey-Sərgisində də tanış olmaq mümkündür.

Müasir dövrdə arxeoloji araşdırmalarla demək olar ki, bütün Azərbaycan ərazisi əhatə olunmuşdur. Bütün bölgələrimizdə sistemli və davamlı tədqiqatlar aparılır. Lakin biz hesab edirik ki, başqa bölgələrimizi də unutmadan, əsas diqqətimizi ağrılı-acılı yerimiz olan Qarabağa yönəltməliyik. Bunu bizdən vətəndaşlıq borcumuz tələb edir.

Maisə Rəhimova, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, professor

"Xalq qəzeti", 13 mart 2018-ci il

  • Paylaş: